Lütfəli Babayev sahibkarın 65 min dollarını necə mənimsəyib?
Zərdabın icra başçısı Lütfəli Babayev sahibkar Fəqan Nəsibovun 65 min dollar pulunu mənimsəyib. Bunu “Azadlıq”a Fəqan Nəsibovun özü deyib.
Sahibkarın sözlərinə görə, hadisə Lütfəli Babayev Mingəçevirin icra başçısı olarkən baş verib. Fəqan Nəsibov bildirib ki, 2006-cı il iyun ayının 17-də Lütfəli Babayevin Elxan adlı dostu onun dostuna zəng vurub və deyib ki, şəhərin trolleybus xətləri satılır: “Həmin vaxt trolleybus nəqliyyat vasitəsi kimi ləğv edilmişdi. Lütfəli Babayev də trolleybus xətlərini satışa çıxarmışdı. Biz bununla bağlı Mingəçevirə gəldik və Elxanın vasitəsilə Lütfəli Babayevlə kabinetində görüşdük. Icra başçısı elə bizim yanımızda trolleybus parkının rəhbəri olmuş şəxsə zəng edərək soruşdu ki, xəttin 1 metri neçə kiloqramdır. O isə cavab verdi ki, təzə olanda 1 kiloqram olur. Lakin işləndikdən sonra çəki 800 qrama düşür. O da aydın oldu ki, Mingəçevirdəki trolleybus xətlərinin ümumi çəkisi 80-85 tondur. Icra başçısı ilə aramızda olan sövdələşməyə görə biz xəttin tonuna 2000 dollar pul ödəməli idik. Lütfəli Babayev bildirdi ki, yaxın günlərdə ölkə başçısı Ilham Əliyev Mingəçevirə gələcək. Ona görə də həmin pullar Heydər Əliyev muzeyinin və parkının təmirinə sərf ediləcək. Icra başçısı əlavə etdi ki, 3 gün ərzində alqı-satqı rəsmiləşdirəcək. Onun sözlərinə görə, biz 3 gündən sonra işə başlaya bilərik. Icra başçısı bizə nəqliyyat vasitəsi verəcəyini də vəd elədi”.
30 min beh
Fəqan Nəsibovun sözlərinə görə, Lütfəli Babayev onlardan beh istəyib: “Biz ümumilikdə ona 160-170 min dollar pul verməli idik. Lakin o dedi ki, sənədləşmə çatandan sonra pulu verərsiniz. Hələlik beh verin. Mən də fikirləşdim ki, bu qədər məbləğin müqabilində az beh vermək doğru olmaz. Dostum 5 min dollar beh verməyi təklif etsə də, razı olmadım. Və 30 min dollar beh verdim. Biz pulu Elxana verdik. Ümumiyyətlə, Lütfəli Babayev bizimlə görüşəndə dedi ki, Elxan Mingəçevirdə onun ən etibarlı adamıdır. Əlavə etdi ki, Elxanın sözü onun sözüdür”.
Sahibkar deyib ki, 3 gündən sonra yenidən Mingəçevirə gedib. Lakin Lütfəli Babayevin qəbuluna düşə bilməyib: “Köməkçisi dedi ki, yanında Prezident Administrasiyasının nümayəndələri var. Prezidentin Mingəçevirə səfərilə bağlı müzakirələr aparırlar. Mən də fikirləşdim ki, onda başqa vaxt gələrik. Lakin köməkçisindən xahiş etdim ki, bizim gəlişimizi Lütfəli Babayevin diqqətinə çatdırsın. Biz Mingəçevirdən çıxdıq, artıq Göyçaya çatmışdıq ki, Elxan mənə zəng vurdu. O bildirdi ki, Lütfəli Babayev qayıtmağınızı istəyir. Mən dedim ki, vacib deyil indi gələk, bir iki-günə gələrik. Lakin Elxan israr etdi və bildirdi ki, abadlıq işləri üçün pul lazımdır. Bundan sonra biz Elxanla görüşdük. Üstümüzdə pul az olduğundan ona 20 min dollar verdik. Daha bir neçə gün keçdikdən sonra Elxan yenidən mənə zəng vurdu və bildirdi ki, Lütfəli Babayev Moskvada obyekt alır və bu işlə əlaqədar o, adıçəkilən şəhərə getməlidir. Icra başçısı Elxana deyib ki, yol xərcini bizdən götürsün, sonra ümumi puldan çıxacaq. Mən də fikirləşdim ki, onsuz da bu pulu verməliyəm. Və beləliklə daha 10 min dollar Elxana verdim. Bir neçə gün sonra Elxan Moskvadan mənə zəng vurdu və bildirdi ki, əlavə 5 min dollar lazımdır. Mən həmin pulu da Elxana göndərdim. Beləliklə onlara üst-üstə 65 min dollar pul verdim”.
Fəqan Nəsibovun dediklərilə bağlı Lütfəli Babayevin də mövqeyini öyrənməyə cəhd etdik. Lakin Zərdab Rayon Icra Hakimiyyətindən bildirdilər ki, icra başçısı yerində deyil, o, rayonda aparılan işlərlə tanış olur.
Hikmət