Birlik çağırışı KXCP-ni qarışdırdı

Mirmahmud Mirəlioğlu Qaya Əliyevin müavin olmadığını iddia etdi; Müavini isə sədrə sərt cavab verdi

“Mənim Klassik Xalq Xalq Cəbhəsi Partiyası sədrinin beynəlxalq məsələlər üzrə müavini təyin olunmağım barədə qərar KIV-də yayılıb. Bundan başqa partiyanın rəsmi saytı kxcp.org-da adım müavinlər siyahısındadır. Ona görə də partiya sədrinin açıqlamalarını qeyri-ciddi və reallıq hissinin itməsi kimi qiymətləndirirəm”.
Bu sözləri “Azadlıq”a açıqlamasında KXCP sədrinin müavini Qaya Əliyev sədri Mirmahmud Mirəlioğlunun fikirlərinə münasibət bildirərkən deyib. Qaya Əliyevin KXCP ilə AXCP-nin birləşməsilə bağlı təklifini sərt qarşılayan Mirmahmud Mirəlioğlu hətta onun partiyada müavin postu tutmadığını iddia edib.
Qaya Əliyev onun təklifinə sərt reaksiya verilməsinin anlaşılan olmadığını bildirib: “Mənə aydın deyil ki, nədən müxalifətin birləşməsi üçün uğurlu olan bir təklifə belə sərt reaksiya verilir? Bu gün hakimiyyət bir zəhərlənmə şousu düzəldib. KXCP-ni də bu şouya qoşmağa cəhdlər var. Niyə partiya sədri bu şouya sərt reaksiya vermir? Niyə partiyanın adına ləkə gətirənlərlə bağlı bu cür reaksiya yoxdur?”.
Qaya Əliyev əlavə edib ki, təklifinin süngü ilə qarşılanacağı onun üçün gözlənilməz olub: “Axı biz partiyadaxili demokratiyadan danışırıq, biz ümumiyyətlə demokratiyadan danışırıq. Mən müxalifətin birliyi üçün təklif irəli sürmüşəm. Heç kimi təhqir, hətta tənqid etməmişəm. Amma mənim təklifimə hətta hədələyici bir tonda münasibət bildirilir”.
KXCP sədrinin müavini Fikrət Cəfərov isə baş verənlərlə bağlı bunları deyib: “Hesab edirəm ki, partiyada olan insanların fikrinə hörmətlə yanaşmaq lazımdır. Qaya Əliyevin 3 partiyanın birləşməsi təklifi çox uğurludur. Bu təklifə görə partiyadaxili gərginliyin yaranması müsbət hal deyil. Burada bəzi məsələlər var ki, onlara toxunmaq istəmirəm. Zamanı gələndə hər şeyi açıqlayacam”.
KXCP sədrinin başqa bir müavini Ədalət Yusifov isə Mirmahmud Mirəlioğlunun fikirlərilə tanış olmadığından bu məsələyə şərh vermək istəmədiyini bildirib.
Qaya Əliyevin təklifinə gəlincə, Ədalət Yusifov bildirib ki, o, Rəsulzadə-Elçibəy yolunda olan bütün partiyaların birləşməsinin tərəfdarı olsa da, indi birliyi məqsədəuyğun saymır: “Bizim vaxtımız azdır. Hesab edirəm ki, indiki vəziyyətdə ən uğurlu yol bu partiyaların vahid formatda birləşməsidir. Bu həm də partiyaların birləşməsini asanlaşdırar”.

Azad