Beynəlxalq koalisiyadan “Azadlıq”a dəstək

Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupu (International Group for Partnership with Azerbaijan –  IPGA) ölkədə ifadə azadlığının pisləşməsindən narahatdır. Bu barədə qrupun yaydığı bəyanatda bildirilir.
“Azərbaycanın ən məşhur qəzetlərdən biri olan “Azadlıq”ın bağlanmasının qaçılmaz olması xüsusi narahatlıq doğurur.
Bu yaxınlarda Bakıda qəzet köşklərinin monitorinqi göstərib ki, müstəqil və müxalifət qəzetləri paylanma məsələsində getdikcə artan problemlərlə qarşılaşır”, – deyə 7 beynəlxalq hüquq müdafiə təşkilatının birləşdiyi qrupun 7 sentyabr tarixli bəyanatında bildirilir.
Sənəddə qeyd olunur ki, “Azadlıq” qəzeti “Azərbaycan” nəşriyyatına olan 25 min manat borcunu ödəməsə onun nəşri dayanacaq, qəzet özü isə həmin nəşriyyatdakı ofisindən çıxarılacaq. Qəzet bu borcu ödəyə bilmir, çünki “Qasid” mətbuat yayım şirkətindən öz pulunu ala bilmir.
“Azadlıq” ən yüksək tirajlı qəzetlərdən və ölkədə mühüm kütləvi vasitələrdən biridir. Son illər o, reklam və poliqrafiya bazarında dövlət nəzarəti və çoxsaylı diffamasiya halları nəticəsində kəsilmiş böyük cəzalar səbəbindən ciddi çətinliklərlə üzləşir. Qəzetin bir çox redaktorları və jurnalistləri həbs cəzasına və ya basqına məruz qalıblar”, – deyə bəyanatda göstərilir.
Bəyanatda daha sonra jurnalistlər Fərəməz Novruzoğlu, Hilal Məmmədov, Əvəz Zeynallı və İdrak Abbasovla bağlı problemlər – həbs, təqib və apelyasiyalarının rədd edilməsi – sadalanır.
Sənəddə Bakıda quraşdırılan yeni qəzet köşklərinin qəzet satmadığı da KİV nümayəndələrinin bugünlərdə keçirdiyi monitorinqə istinadla qeyd olunur. “Bəzi satıcılar bildiriblər ki, Bakı meriyasının əməkdaşından müstəqil və müxalif qəzetləri – “Ayna”, “Zerkalo”, “Yeni Müsavat” və “Azadlıq” qəzetlərini boykot etmək təlimatı alıblar”, – deyə bəyanatda bildirilir.
Qrup Azərbaycan hakimiyyətini bu həyəcan doğuran vəziyyətin yaxşılaşdırılması üçün təcili addımlar atmağa və beynəlxalq öhdəliklərini yerinə yetirməyə – ifadə azadlığı hüququna hörmətlə yanaşmağa və bu hüququ müdafiə etməyə səsləyir.
Təşkilat “Azadlıq” qəzetinin “Azərbaycan” nəşriyyatından çıxarılma təhlükəsinin aradan qaldırılmasına və qəzetə borcu ilə bağlı razılaşma əldə edənə qədər nəşrini davam etdirməyə imkan verilməsinə çağırıb.  
Bəyanatda jurnalistlərlə bağlı problemlərin həlli, “Qasid” mətbuat yayımı firmasına qarşı boykota son qoyulması, bütün qəzetlərin paylanması üçün ədalətli şəraitin yaradılması istənilir.
Bəyanatı Article 19, Jurnalistləri Müdafiə Komitəsi, Freedom House, Senzura İndeksi, KİV Müxtəlifliyi İnstitutu, Norveç Helsinki Komitəsi, Sərhədsiz Reportyorlar təşkilatları imzalayıblar.