Aslan İsmayılov niyə polisə aparılıb?

“Zavodun möhürünü qırdığıma görə, polislər məni 15-ci bölməyə apardılar, sonra isə sərbəst buraxdılar”

“Mənim həbs olunmağım barədə xəbərlərin əsası yoxdur. Sadəcə sentyabrın 5-də bir hadisə olub, görünür, ona görə belə məlumatlar yayılıb”. Bu sözləri “Azadlıq”a tanınmış vəkil Aslan Ismayılov həbs olunması barədə yayılan məlumatlara aydınlıq gətirərkən deyib.
Aslan Ismayılovun sözlərinə görə, o, sentyabrın 5-də “RANK” MMC-yə məxsus zavoda gedib: “Həmin zavodun da digər metal zavodları kimi qanunsuz olaraq fəaliyyəti dayandarılıb. Və qəribədir ki, bu məsələyə Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsi də müdaxilə edib. Onlar zavodu möhürləyərək, qapısı ağzında polis postu qurublar. Bundan başqa zavod bağlanarkən MMC-nin rəhbəri bir gün saxlanılmışdı. Mən bir neçə dəfə Baş Prokurorluğa, Daxili Işlər Nazirliyinə bu qanunsuzluq barədə müraciət etmişəm. Lakin müraciətlərimə cavab verilməyib. Heç kim izahat verməyib ki, hansı səbəbdən polis zavodu möhürləyib. Müraciətlərimə cavab verilmədiyinə görə, mən dünən həmin zavoda getmişəm. Orada olan polislərlə söhbət etmişəm. Onlar bildiriblər ki, bizə göstəriş verilib ki, zavoda heç kim buraxılmasın. Mən onlarla söhbət edən zaman möhürü pozmuşam. Onlar da harasa zəng edərək bu barədə məlumat veriblər. Həmin polislərə göstəriş verilib ki, məni 15-ci bölməyə aparsınlar. Orada rəis müavini ilə söhbətim olub. Ondan soruşmuşam ki, hansı əsasla zavod möhürlənib. Axı polisin belə səlahiyyəti yoxdur. Bu yalnız məhkəmə qərarı əsasında ola bilər. Rəis müavini isə deyib ki, bizim bunlardan xəbərimiz yoxdur. Mən də öz növbəmdə bildirmişəm ki, o halda  fəhlələrə deyəcəm ki, gedib işləsinlər. Rəis müavini də deyib ki, nə istəyirsiniz edin. Bundan sonra mən bölmədən çıxıb getmişəm. Bu barədə də mətbuata məlumat verməyi lazım bilməmişəm. Çünki heç nə baş verməyib. Lakin sonradan həbsim barəmdə xəbər yayıldığından məcburam ki, nəyin baş verdiyini ictimaiyyətin diqqətinə çatdırım”.

Hikmət