Azərbaycan gənclərinin xarici universitetlərdə təhsil ala bilməsi üçün 2007-ci ildə Xaricdə Təhsil üzrə Dövlət Proqramı qəbul edildi. 2015-ci ilə qədər davam edəcək bu proqram 5 min azərbaycanlı gəncə dövlət hesabına ABŞ-dan tutmuş, Koreyaya qədər bir çox ölkələrdə təhsil almaq imkanı yaradır.
Ilk baxışdan proqram olduqca mütərəqqi və xalqın gələcəyi üçün faydalı görünür. Savadlı gənclərimizin dünyanın nüfuzlu universitetlərində təhsil alıb bilik və bacarıqlırını inkişaf etdirməsi ölkə üçün böyük uğurdur. Amma təəssüf ki, bu mütərəqqi proqramın icrası ilə bağlı problemlər var və bu barədə mətbuat da dəfələrlə yazıb.
“Proqram hədəfə çatmır”
Tanınmış iqtisadçı Qubad oğlu bizimlə söhbətində Xaricdə Təhsil üzrə Dövlət Proqamının icrası ilə bağlı narahatlıq yaradan məqamlara aydınlıq gətirdi. Q.Ibadoğlu deyir ki, narahatlıq yaradan əsas məqam proqramın pis idarə olunmasıdır: “Əvvəla qarşıya qoyulan hədəfə çatılmır. Bu proqram çərçivəsində 5 min tələbəyə xaricdə təhsil imkanı yaradılmalıdır. Amma ötən ilin sonuna qədər proqram üzrə xaricdə təhsil almağa 1228 nəfər göndərilib. Proqramın idarə olunması Təhsil Nazirliyi və Prezident yanında Təhsil üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir. Bu komissiyanın tərkibində ictimaiyyət nümayəndələri yoxdur. Yalnız dövlət və mərkəzi icra qurumlarının təmsilçiləri var. Komissiyanın fəaliyyəti çox qapalı və qeyri-şəffafdır. Onun qərarlarından apellyasiya şikayəti etmək imkanı verilmir. Bu proqram tələbələrin təhsil haqlarının, yaşayış xərclərinin ödənilməsini nəzərdə tutur. Təhsil haqlarının köçürülməsi ilə bağlı gecikdirmələr var və bu, illərdir təkrar olunur. Baxmayaraq ki, bu xərclərin bəziləri, xüsusən yaşayış xərcləri təhsil almağa gedərkən ödənilməlidir. Bəzən bu 6 ay çəkir. Bəzən qəbul olanlara deyirlər ki, siz özünüzlə əlavə vəsait götürün. Bunun hesabına yaşayış xərclərinizi, bir çox hallarda da təhsil xərclərinizi digər mənbələr hesabına ödəyin. Bu, proqramın pis idarə olunmasının göstəricisidir”.
Proqramda iştirak üçün qeyri-rəsmi kriteriyalar…
Q.Ibadoğlunun sözlərinə görə, ən böyük problemlərdən biri də proqramda iştirak edənlərin qeyri-rəsmi “seçimlərdən” keçmələridir: “Iştirak üçün müraciət edənlərin yalnız təhsil göstəricilərinə baxmırlar. Sosial statusunu və digər göstəricilərini də nəzərə alırlar. Əsasən ABŞ-da təhsil almaqla bağlı problemlər yaradılır və bu sahədə imkanlar məhdudlaşdırılır. Bu yolla gənclərin təhsil üçün Birləşmiş Ştatlara getmələrinin qarşısını alırlar. ABŞ-da təhsil avqust ayının 7-də başlayır. Lakin seçilənlərlə bağlı qərar həmin ayın sonunda verilir. Xaricə göndərilən tələbələrdən cəmi 31-i ABŞ-da təhsil alır. Halbuki 2010-2011 tədris ili üçün dünya üzrə 10 ən yaxşı universtetdən 7-si Amerikanın payına düşmüşdü. ABŞ-da təhsil imkanının qarşısı süni şəkildə alınır. Bu proqramda tərəflərin məsuliyyəti dəqiqləşdirilməyib. Düzdür, qeyd olunur ki, proqramdan xaric olunanlar çəkilən bütün xərcləri iki aydan gec olmayaraq geri qaytarmalıdılar. Lakin qaytarılmayacağı təqdirdə nə baş verəcəyi barədə məlumat yoxdur. Ötən il məlumat aldıq ki, 29 nəfər proqramdan kənarlaşdırılıb. Kənarlaşdırmanın səbəbi açıqlanmır. Üstəlik vəsaitlərin geri qaytarılması istiqamətində hansı nəticələrin olduğu bəlli deyil. Nəzərə almaq lazımdır ki, söhbət, kifayət qədər böyük vəsaitdən gedir. Və bu vəsait Azərbaycanın Neft Fondundan maliyyələşir. Hesab edirəm ki, vəsaitin geri qaytarılması üçün qanunvericiliyə girov mexanizmi salınmalıdır. Bu, Qazaxıstan təcrübəsində də var”.
Aylıq xərc norması niyə azaldılır?
Q.Ibadoğlu proqramın icrası üçün illər üzrə ayrılan vəsaitin tam xərclənmədiyini bildirir: “2008-ci ildə ayrılmış vəsaitin 46, 2009-cu ildə 79, 2010-cu ildə 96, 2011-ci ilin 9 ayında isə 39,5 faizi xərclənib. Buna baxmayaraq gənclərin aylıq xərc normalarının çoxunu azaldıblar. Əvvəllər ABŞ-ın Vaşinqton, Nyu-York, Boston, Çikaqo və Mayami istisna olmaqla digər ştatlarına gedənlərin aylıq xərc norması 1300 dollar idi. Onu 100 dollar azaldaraq 1200 ediblər. Yaxud Britaniyada, Norveçdə qiymətlərin kifayət qədər yüksək olmasına baxmayaraq aylıq təhsil xərclərini bu ildən etibarən aşağı salıblar. Xərclərin azaldılması təhsilin keyfiyyətin mənfi təsir göstərir.
Çox ciddi problemlərdən biri də qayıdan məzunların işlə təmin edilməsi ilə bağlıdır. Gənclər təhsilini başa vurduqdan sonra gəlib Azərbaycanda işləməklə bağlı öhdəlik götürürlər. Amma Dövlət Komissiyasında belə bir qeyd var ki, proqram çərçivəsində təhsilini başa vurub ölkəyə qayıdanlar ehtiyat kadr siyahısına daxil edilir. Bizim monitorinqlərimiz göstərir ki, bu istiqamətdə ciddi problemlər var”.
Q.Ibadoğlu deyir ki, bu il keçid balı aşağı salınsa da, bu, xaricdə təhsil alanlara şamil edilmədi: “Texniki fənlər üzrə keçid balının aşağı salınmasına ehtiyac var. Proqramda dil kurslarının təmin edilməsi də çox vacibdir. Başqa ölkələrin təcrübəsində belə proqramlarda həm də bir illik ingilis dili kursu keçmək üçün vəsait ayrılır”.
Gültəkin