Nizami Həsənli: “Əvəz Zeynallı azad söz və müstəqil mətbuat uğrunda mübarizə aparır”
Hazırda həbsdə saxlanılan “Xural” qəzetinin baş redaktoru, vicdan məhbusu Əvəz Zeynallının məhkəmə prosesi hakimlərin məzuniyyətə çıxması səbəbindən təxirə salınmışdı. Növbəti məhkəmə prosesinin sentyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcəyi gözlənilir. Baş redaktorun müdafiəsi və məhkəmə prosesinin gedişi ilə bağlı suallarımıza “Xural” qəzetinin kommersiya direktoru Nizami Həsənli cavab verir.
– Əvəz Zeynallının məhkəmə prosesi necə gedir?
– Belə demək mümkünsə, yüz faiz qanun pozuntuları ilə. Ə.Zeynallını necə küçədən heç bir qanuni əsas olmadan oğurlayıblarsa, necə ona qarşı saxta ittihamlar və “cinayət”lər yükləyiblərsə, necə illərlə ona “dost” deyənləri üzünə durmağa məcbur ediblərsə, eləcə də məhkəmə prosesini aparırlar. Hər iclasda Ə.Zeynallı etiraz edir, vəsatətlər verir, qanunsuzluqları ifşa edir, amma dəyirmanın çax-çaxı – məhkəmə öz işindədir. Bir şeyi də qeyd edim ki, bu məhkəmə heyəti Ağır Cinayətlər Məhkəməsinin sifarişli qərarlarını verən heyətdir. Bunu bu ölkədə bilməyən yoxdur. Əvəz Zeynallıya qədər onların aparıdığı işlərə baxmaq yetərlidir.
– Bunu sübut etmək də çətindir…
– Kənardan baxanda adama elə gələ bilər. Amma Əvəz Zeynallı bunun belə olduğunu təxminən hər iclasda sübut edir. Heyətdə təmsil olunan Ramella Allahverdiyeva və Tamilla Nəsrullayeva ömürlük hakimdirlər və əsasən, Prezident Adminstrasiyasının siyasi sifarişləri əsasında hökm çıxarırlar. Ümumiyyətlə, Ağır Cinayətlər Məhkəməsində yazılmamış qanunlar var. Onların qaydalarına görə, hansı qurum insanı həbs edibsə, o quruma da yaxın olan hakimlər işə baxırlar. Əvəz Zeynallını Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsi (KQMI) tutub. Bu qurum birbaşa Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə bağlıdır və Əvəz Zeynallının həbs olunması qərarını da birbaşa Ramiz Mehdiyev imzalayıb. Qərəzli gedən və tamamilə saxta “sübutlar” əsasında aparılan istintaqdan sonra işin bu heyətə veriləcəyi gözlənilirdi. O baxımdan bu heyəti sözsüz-söhbətsiz sifarişli qərarlar verən hakimlər adlandıra bilərik.
– Bəs etirazlarınıza hansı cavablar verilir?
– Demək olar, bütün vəsatətlər rədd edilir. Bir qayda olaraq bütün tələblər geri çevrilir. Təsəvvür edin ki, Əvəz Zeynallının üzünə duran insanların hamısı KQMI-də ərizə yazıblar. Ifadə verənlər verdikləri ifadələrin tam əleyhinə məhkəmə istintaqında ifadələr verirlər.
Bu miqyasda saxtalaşdırma olmaz ki… Bütün “şahid”lər KQMI-də yazıblar “ərizə”lərini. Bu, necə olur? Vergi o miqyasda saxtakarlıq edib ki, KQMI-nin eksperti cəriməni 4000 manata qədər endirib. Əvəz Zeynallının adından saxta ərizə ilə onun fəaliyyətini 5 il müddətinə dondurublar. Nərimanov rayon icra məmurları isə bütün 4 illik sənədləri saxtalaşdırıb, saxta arayışlar tərtib edib, saxta protokollar tutublar. Heç birində də Əvəz Zeynallının imzası yoxdur. Bu, hələ mənim dediyim minlərlə saxtalıqlardan bir neçəsidir. Deputat üzə durur, sonra da deyir ki, “mən balaca adamam”, restoran administratoru iddia edir ki, ona rüşvət vermişəm, sonra da özünü bərbad vəziyyətə salıb deyir, “mən kiməm ki, nökərəm də”. Belə etiraflar içərisində də məhkəmə davam edir. Gərginliyə səbəb olan məsələlərdən biri də odur ki, Əvəz Zeynallı hansı məqamın üzərinə gedirsə, hakim və prokuror həmin məqamla bağlı cinayət işini gizlədir.
– Məhkəmə nə zaman yekunlaşacaq?
– Bəlli deyil. Həm istintaqı, həm də indi məhkəməni əsassız və səbəbsiz yerə uzadırlar. Artıq 4-cü aydır ki, məhkəmə gedir. Cəmi 4-5 iclasa bitiriləcək işi məhkəmənin hakimləri bürokratik addımlarla uzadırlar. Hətta əsas hakim Ramella Allahverdiyeva Əvəz Zeynallının bununla bağlı etirazlarına, tez-tez “Məhkəmə bir il də davam edə bilər, il yarım da” deyərək, Ə.Zeynallını və onun yaxınlarını hədələməkdən çəkinmir. Məsələn, prokuror Ramazan Hadıyev Əvəz Zeynallını hədələyir ki, “prosesin sonunda görəcəksən, biləcəksən ki, mən kiməm” deyir.
– Mətbuatda Əvəz Zeynallının müdafiəsi yetərlidirmi?
– Ümumiyyətlə, müdafiə yüksək səviyyədə quruldu. Bütün beynəlxalq və yerli təşkilatlar Əvəz Zeynallının müdafiəsində aktiv iştirak ediblər. Təbii ki, Əvəz Zeynallını həbs etdirənlər mətbuatda müdafiənin daha uğurlu qurulmaması üçün əllərindən gələni edir, müxtəlif maddi vədlər müqabilində bəzi dostlarımızı çəkindirirlər.
Əvəz Zeynallının həbsi bütün beynəlxalq təşkilatların diqqətindədir. Avropa Şurasının siyasi məhbuslar siyahısında onun adı var, onu bir çox qurumlar siyasi və vicdan məhbusu kimi tanıyırlar. Dünya ictimaiyyəti və yerli qurumlar da bilirlər ki, Əvəz Zeynallını əslində “jurnalist” fəaliyyətinə görə, saxta ittihamlarla həbs ediblər və məqsədləri də günbəgün tirajı artan gündəlik “Xural” qəzetinin bağlanması olub. Bu yaxınlarda çox hörmət bəslədiyim bir qrup ziyalımız, hüquq müdafiəçiləri, tanınmış mətbuat ağsaqqalları Əvəz Zeynallının həbsdən azad olunması ilə bağlı məhkəməyə müraciət etdilər.
– Demək, dava əslində söz davasıdır?
– Təbii ki, söz davasıdır. Azərbaycan hakimiyyəti sözün davasını Ağır Cinayət hesab edir və Ağır Cinayət Məhkəməsində mühakimə edirlər. Təsəvvür edin ki, Əvəz Zeynallının üzünə duranlar 2006-2008-ci illərdə baş verib yekunlaşan məhkəmə işlərinin nəticəsində geri çəkilən və ya qəzeti cəzalandıran adamlardır. Yəni 2006-2008-ci illərdə “Xural”ı məhkəməyə verib, cəza kəsdirib, ya da cinayətləri rədd olunanlar indi PA-nın sayəsində bir mərkəzə toplaşıblar. Bunların hamısının işi mülki qaydada cəlbetmə müddətini keçib, yenidən meydana çıxmaları da keçmiş qəzəblərinin qisasını almaq, guya Ə.Zeynallının onlardan rüşvət tələb etməsi ittihamlarını irəli sürməkdir. Halbuki əgər həqiqətən də “rüşvət” amili var idisə, nə üçün bu adamlar məsələləri məhkəmə yolu ilə həll etməyə çalışırdılar. Adi məntiqdir. Pul verilsəydi, ortada onlara qalan hansı problem olardı ki? Deməli, “rüşvət” məsələsi sadəcə bu oyunun bir parçasıdır. Cəmiyyəti inandırmağa çalışırlar ki, Əvəz Zeynallı rüşvətxordur və dəfələrlə rüşvət alıb. Cəmiyyət isə bu adamları yaxşı tanıyır… Ə.Zeynallı bir qəzetin baş redaktorudur və onun əlində hansı səlahiyyətləri var ki? Topu yox, tüfəngi yox. Jurnalistdir. Yazdığı yazılardan da imtina etmir və hər zaman da qarşı tərəfin mövqeyini dərc edib. O zaman rüşvət verdiklərini, Əvəz bəyin onlardan rüşvət tələb etdiyini iddia edənlər nədən narahatdırlar? Ümumiyyətlə, nədən narahat olublar ki, baş redaktorun “rüşvət tələb etməsinə” o saat razı olublar. Ədalət varsa, qanunlar alidirsə, o adamların özlərinin fəaliyyətini istintaq araşdırmalıdır. Çox təəssüflə qeyd edim ki, belə hallar hətta faktlar əsasında mətbuata çıxsa da bu adamlara “gözün üstündə qaşın var” deyən yoxdur. Elə bunun özü də bir daha sübut edir ki, onlar kimə işləyirlər. Bu gün də həmin adamlar Əvəz Zeynallıya rüşvət verdiklərini iddia edirlər. Bütün iddialar rədd olunmalıdır. Çünki bir dəfə məhkəmə predmeti olan işlər qanunla daha ağır formada cinayət məsuliyyəti yarada bilməz. Görünür, istintaq və PA Əvəz Zeynallının üzünə durmağa adam tapmayıb və “zəif bəndlər” axtarıblar. Deputatın cinayətindən isə danışmağa dəyməz. Burada hər şey saxtadır – sübutlar da, istintaqa verdiyi ifadə də, məhkəmə qarşısında danışdıqları da – ortaya qoyduğu hər şey saxtadır. Diqqət edin, guya baş redaktor bu adamdan pul tələb edib, sonra da ondan qaçmağa başlayıb, telefon zənglərinə, mesajlarına cavab verməyib. Niyə? Tələb etmişdisə, çox rahatlıqla onunla görüşməli və rüşvəti də almalı idi. O zaman onun əlində pul həbs edərdilər. Belə şey oldumu? Yox. Iddia edir ki, səsini yazmışam. Niyə 11 aydır o səsyazısı cəmiyyətə açıqlanmır? Çünki həmin yazıda deputatın özü rüşvət təklif edib, baş redaktor isə ona, “sizin heç nəyiniz bizə lazım deyil” deyib. Heç belə də “hədə-qorxu ilə rüşvət tələbetmə” olar?
Ramin DEKO