Vaxtından əvvəl azad edilməyin qiyməti

Çap olunmayan «Ölüm korpusu» kitabından parçalar…

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…

Əvvəli ötən saylarımızda

Bu günə qədər çörək kəsdiyin, hər gün söhbətləşib-dərdləşdiyin adam birdən-birə çıxıb gedir. Ya tamam-kamal cəzasını bitirib evinə gedir, ya da komendaturaya. Doğrudur, bu cür gedişlər təmtəraqlı şəkildə qeyd edilir: insan azadlığa çıxır, hər halda. Orada nə qədər qalacağından, baş girələyə biləcəyindən asılı olmayaraq, tikanlı məftillərə bürünmüş hasarın bələdiyi bu lənət yerdən çıxıb fiziki mövcudluğun hasarlarla və tikanlı məftillərlə məhdudlaşdırılmadığı bir müstəviyə yollanırlar. Hər kəsin gedişi üçün də təmtəraq qurulmaz: gərək, heç olmazsa, seyrək bir hörmətin sahibi olasan ki, beş-altı nəfər səni qapının ağzına qədər yola salsın. Amma geridə qalanlar bu təmtərağı udaraq azadlıq tərəfə açılan qapıya həsədlə baxarlar, şübhəsiz. O qapının açıldığı tərəf burada hər kəsin xiffət yeridir. Orada əzizi, qohumu-əqrəbası olmayan, oradakı azadlıqdan dərdinə bir damcı dərman yaxa bilməyəcək birisi də oraya can atar. Bu yerdə mənim məşhur bir nəzəriyyəm işə düşür.
Düşünürəm ki, Həzrəti Adəm cənnətdən məqsədyönlü şəkildə çıxıb. Allah onu cənnətdə yerləşdirib, şəxsi iradəsi ilə seçim imkanı olmadan cənnətə düşən Adəm isə Allahın qoyduğu yasağı pozaraq “buraya ya özüm öz istəyimlə dönərəm, ya da Allahın qəzəbinə gələrəm” düşüncəsi ilə o yasağı pozub. Bu süjetdə şeytanın da bir bəhanə olduğunu düşünürəm. Hətta şeytan və onun təhrikləri olmasa belə, Həzrəti Adəm başqa bir bəhanə tapıb qadağan edilmiş meyvəni yeyəcək və özünün cənnətdən qovulması üçün zəruri səbəbi yaradacaqdı. Çünki onda insan iradəsi vardı və o, bu iradəni işə salmalı idi. Bu süjetin daha dəhşətli bir tərəfi də var. Mənə elə gəlir ki, Allah Adəmin qarşısında şərti qoyduğu zaman onun bu şərti pozacağını bilirdi. Həmin şərt pozulmasaydı, Allah insanı “yaranmışların ən şərəflisi” adlandırmazdı. Allahın insana fitrətən bəxş etdiyi iradənin ilk sınağı onun azadlığa canatımı üzərində quruldu. Şeytan isə onsuz da Allah dərgahından qovularaq lənətlənmişdi – Allahın ən gözəl məxluq adlandırdığı insana səcdə etmədiyinə görə. Insanın Allah dərgahında “müşərrəf məxluq” adlandırılmasının ən böyük sirri onun şüur sahibi olmasıdırsa, şüurun da ən böyük məziyyəti azadlıqların dərkidir. Şeytan insanın hürr iradəsinə səcdə etməli idi, amma etmədi və buna görə də Allah onu lənətlədi. Təbii, birmənalı şəkildə belə qəbul edə bilərsiniz ki, insanın azadlıqlara olan haqqını tanımayan bütün kəslər şeytanın nəslindəndir, şeytanın övladlarıdır.
Bu qapıdan birdəfəlik çıxıb gedənlərin işi rahatdır: cəzasını çəkib qurtardı və getdi. Yenidən buraya qayıdacaq bir əməl törətməsə, gedib ömrünün axırına qədər azadlığının dadını çıxaracaq və zillətini yaşayacaq. Amma buradan daha yüngül rejim növü sayılan hasarsız həbsxanalara – onlara “komendatura” deyirlər – gedənlər də var və onlar daha çoxdur. Hüquq dilində onlar “Məntəqə tipli cəzaçəkmə müəssisələri”dir, amma işlək adam dilində heç kim onları belə adlandırmır. Cəzaların Icrası Məcəlləsinin 70.2.2. maddəsinə görə, dustaqlar “ümumi və ciddi rejimli cəzaçəkmə müəssisələrindən məntəqə tipli cəzaçəkmə müəssisələrinə cəza müddətinin ən azı üçdə birini çəkdikdən sonra gedə bilərlər. Bir yığın şərtlər də var və bu şərtlərin hamısı bütün ictimai nəzarətdən və sosial məsuliyyətdən kənarda qalan rəislərin əlində cəmlənir. Əlbəttə, dustağın öz qanuni haqlarını əldə etməsi üçün yardımçı olan bir çox hüquqi normativlər də var, amma bu normaların da hamısı rəisin əlində toplanan cari rəhbərlik qaydalarının qarşısında bir qəpiyə dəyməz. Dustaq cəza rejimini yüngülləşdirmək üçün mələk olduğunu sübut etməlidir, amma o, bir mələk olurdusa, burada nə ölümü vardı? Dustaq öz qanuni haqqına qovuşmaq üçün qoyun olmalıdır, amma qoyunun da haqqı yoxdur ki! Dustaq öz qanuni haqqını əldə etmək üçün bütün cəza müddəti boyu həbsxana personalının buyruqlarını yerinə yetirməli, onları əlində olan və olmayan xəbərlərlə təchiz etməli, satqın olmalıdır, amma satqınlar belə, bu qanuni haqları havayı, hətta aşağı qiymətlə əldə edə bilmirlər. Məsələn, bizim korpusun komendantı Əli komendaturaya çıxmaqdan ötrü başqaları üçün tətbiq olan tarifdən bir qəpik də az ödəmədi.
Dustaq da Azərbaycan vətəndaşıdır və o da bütün digər vətəndaşlar kimi öz hüquqlarını satın almalıdır.
Bizim “zon” ümumi rejimli cəza müəssisəsi olaraq təsnif edilmişdi. Burada yüngül və az ağır cinayət sahibləri məskunlaşdırılmışdı və onlar cəzalarının üçdə birini çəkdikdən sonra komendatura rejiminə çıxa bilərdilər. Mənimlə bağlı məsələ aydındır. Mən voleybol oynamadığıma görə, “ali iradənin” əlinə bəhanə vermişdim ki, bu hüquqdan yararlana bilmərəm, hərgah voleybol oynasaydım, bunu həmin hüquqdan yararlana bilməyəcəyimin səbəbi kimi irəli sürə bilərdilər. Amma voleybol oynayan, şahmat turnirinə qoşulan, uzağa tüpürmək yarışlarında birinci yeri tutan adamlar belə, havayı “üçdə bir”in adını tuta bilməzlər. Zamanı yetişdikdə bu adamları Idarəyə çağırırlar, onlardan “üçdə bir”ə çıxmaq istəyib-istəmədikləri və bunun üçün maddi imkanlarının varlığı barədə soruşurlar. Azərbaycandakı ümumi rejimli cəza müəssisələrinin (mən “cəzaçəkmə müəssisəsi” sözü ilə “cəza müəssisəsi” sözü arasında fərq bilmirəm, inşallah, yolunuz oralara düşərsə, siz də bilməyəcəksiniz) hamısında komendaturaya çıxmaq iddiaları eyni məzənnə ilə tutuşdurulur. 2008-ci ilin ortalarına qədər dustaq komendaturaya çıxardığı hər bir ay üçün sabit olaraq 50 dollar ödəyirdi. Sonra milli valyutamızın qürurlu yüksəlişi bu şəraiti dəyişdirdi: 50 manat, yəni təxminən, 60 dollar. Bir-iki aydan sonra manatın qüruru dollara nisbətən daha da artdı və dustaqlar da əsl vətəndaşlar olduğuna görə bu milli qürurun maddi əvəzini ödəməyə başladılar: 60 manat. Yəni, azadlığa (zatən, komendatura rejimi azadlıq qiymətinə satılır) apardığın hər il üçün 720 manat ödəməliydin. Burada 20 manatlıq “quyruq” öz milli valyutasından fəxr duyan Azərbaycan insanına yaraşmazdı. Buna görə də, “quyruq” pozitiv istiqamətdə ləğv edilərək 800 manatda bitirdi. Amma yerdə qalan 2-cə yüz manatlıq fərq o qədər ləyaqətsiz görkəm yaradır ki, onu bu şəkildə saxlamaq Azərbaycan türkünün milli mentaliteti ilə uzlaşmayacaq ovqat doğurur: 1000! Bu da il hesabına mexaniki qaydada vurulmur. Iki il aparırsansa, 2000 yox, 2200, ya 2500 manat ödəməli olursan.
Bu qayda o dustaqlara tətbiq edilir ki, onların üzərində “55″ yoxdur. ”55″ əlahiddə bir yarlıqdır; narkomaniya ittihamı ilə həbsxanaya təşrif gətirənlərin üzərinə qoyulmuş “məcburi müalicəyə ehtiyacı var” şəklində təsvir edilən məhkəmə hökmüdür. Bəziləri ağıllı tərpənərək və bayırdakı imkanlarını səfərbər edərək hələ istintaq dövründə “məcburi müalicəyə ehtiyacı yoxdur” şəklində ekspert rəyi alırlar. Zığdakı məlum narkoloji dispanser narkotik ittihamı ilə oraya ekspertizaya gətirilən dustaqlara bu rəyi 500-600 dollara verir. Amma bir çoxları bunu eləyə bilmir və bu halda, “zon”da məcburi müalicə pazı meydan oxuyur…

ardı var