25 əsgər həlak oldu, 4-ü yaralandı; hadisənin terror ola biləcəyi istisna edilmir
Türkiyə Silahlı Qüvvələrinin ölkənin Afyonkarahisar vilayətindəki cəbbəxanasında partlayış baş verib. Partlayış nəticəsində 25 əsgər həlak olub, 4 nəfər isə yaralanıb.
Ilkin məlumata görə, partlayışa səbəb iş zamanı baş verən qəza olub. Partlayışdan sonra silah anbarında yanğın başlayıb, daha sonra ikinci partlayış qeydə alınıb. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.
Afyonkarahisar bələdiyyə başçısı Burhanettin Çobanın sözlərinə görə, anbarda 5 gündür ki, təsnifat işləri aparılırdı: “Bu gün prosesin son günü idi. Içəridə 15-20 səlahiyyətli şəxs var idi. Onların vəziyyəti haqqında informasiyamız hələlik yoxdur”.
Türkiyənin müdafiə naziri Ismet Yılmaz partlayışla bağlı araşdırmaların cümə günü başa çatacağını və hadisənin əsl səbəblərinin ictimaiyyətə açıqlanacağını bildirib.
Baş nazir Rəcəb Tayyib Ərdoğan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Necdat Özəllə telefon əlaqə saxlayaraq, faciə ilə bağlı generala başsağlığı verib.
Günün sonuna yaxın hadisə ilə bağlı müxtəlif xəbərlər yayıldı. Partlayışın baş verdiyi bölgədə hərbçilərin məskunlaşdığı şəhərcik boşaldılıb. Bölgəyə elektrik enerjisinin verilməsi dayandırılıb. Yerüstü partlayıcı maddə depolarının təmiri də dayandırılıb. Buna səbəb isə inşa olunan depolarda partlayıcı maddələrin olmasıdır.
Rəsmilər vətəndaşları əraziyə dağılmış əl qumbaralarından ehtiyatlı olmağa çağırıb. Partlayışın baş verdiyi yerə yaxın yaşayış evləri də boşaldılıb.
Hadisənin başvermə səbəbləri barədə də müxtəlif iddialar dolaşır. Silahlı qüvvələr partlayışın dəqiq səbəbinin bəlli olmadığını desə də, Müdafiə Nazirliyi olayın qəza üzündən baş verdiyini açıqlayıb.
Təqaüddə olan general Haldun Solmaztürk isə silah deposundakı partlayışın səbəbləri barədə gözlənilməz açıqlama verib. Onun sözlərinə görə, hadisənin PKK terror təşkilatının “əməyinin nəticəsi” olduğu da istisna edilməməlidir.
Olayın terror aktının nəticəsi ola biləcəyi ehtimalını müxalif Millətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı da irəli sütüb. Müxalifət lideri Afyonkarahisardakı silah deposunda parlayışın bütün detallarının araşdırılaraq məsuliyyət daşıyanların cəzalandırılmasını tələb edib. Baxçalı hadisə ilə bağlı sabotaj, terror kimi ehtimalların bir kənara atılmamalı olduğunu vurğulayıb.