Qaçaqçıları aparan bərənin qayaya çırpılması 58 nəfərin həyatına son qoydu
Türkiyədə içi qaçaqla dolu gəmi batıb. Yerli mətbuatın məlumatına görə, hadisə Izmir sahillərində baş verib. Gəminin batması nəticəsində 58 nəfərin öldüyü, çoxlu sayda insanın isə yaralandığı bildirilir. Ölənlərdən çoxunun qadın və uşaq olduğu deyilir. Onların əksəriyyəti hadisə baş verən zaman gəminin bağlı hissəsində olublar.
Izmir valisinin vəkili Ardahan Totukun sözlərinə görə, qəza nəticəsində suya düşən 45 nəfər xilas edilib. Onların çoxunun iraqlı, suriyalı və fələstinli olduğu bildirilir. Onların arasında gəmi kapitanı və onun köməkçisidə olub. Artıq həm kapitan, həm də köməkçisi polis tərəfindən saxlanılıb.
Məlumata görə, gəmidəkilər qaçaq yollarla Avropaya qaçmaq istəyiblər. Lakin onların içərisində olduğu balıqçı gəmisi qayalıqlara çırpılaraq batıb.
Hadisədən dərhal sonra gəmi səfərinin iki təşkilatçısı saxlanılıb. Onlardan alınan ilkin ifadələrə görə, təşkilatçılar gəmini Quş adası bölgəsindən kirayəyə götürərək Əhmədbəyliyə gətiriblər. Qaçaq insanların əlaqə qurduğu digər insan tacirlərinin şəxsiyyətləri və qaldıqları mehmanxanaların müəyyənləşdirilməsi istiqamətində araşdırmalar başlanıb.