Ermənistan parlamenti növbədənkənar toplandı; Ermənilər avtobuslara azərbaycanlı zabiti lənətləyən plakatlar vurdular
Azərbaycanlı zabit Ramil Səfərovun azad edilməsinə Ermənistanda isterik kampaniya davam edir. Erməni mətbuatının yazdığına görə, Irəvanda avtobusların şüşələrinə Ramil Səfərovu lənətləyən plakatlar yapışdırıblar. Bundan başqa ermənilər Ramil Səfərovun “facebook” səhifəsinin bağlanılmasına nail olublar.
Həmçinin dünən Ermənistan parlamenti azərbaycanlı zabitin azadlığa buraxılması ilə bağlı növbədənkənar toplanıb.
Bu arada Azərbaycanın Macarıstandakı səfirliyi diplomatik missiyanın ünvanına gələn hədələrlə bağlı bu ölkənin müvafiq strukturlarını məlumatlandıraraq bütün lazımi tədbirlərin görülməsini və faktın ciddi şəkildə araşdırılmasını istəyib. Bu barədə APA-ya səfirliyin katibi Rəşad Səfərov məlumat verib. O bildirib ki, təhdidlərdən sonra səfirlik gücləndirilmiş təhlükəsizlik reciminə keçib: “Səfirlik tam tərkibdə fəaliyyətini davam etdirir. Səfirliyin bütün əməkdaşları, o cümlədən hədə-qorxu məktubunda adları çəkilən şəxslər öz iş yerindədir”.
R. Səfərov Macarıstanın Azərbaycanla diplomatik əlaqələri dayandıracağı barədə Ermənistan mediasının informasiyasını yalan adlandırıb: “Bundan söhbət belə gedə bilməz. Macarıstan tərəfi bu haqda heç bir açıqlama verməyib”.
“Azərbaycan vətəndaşlarına və ya diplomatlarına qarşı törədilə biləcək istənilən təxribata görə məsuliyyət yalnız Ermənistan rəhbərliyinin üzərinə düşəcək”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici Işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. O bildirib ki, Azərbaycan diplomatlarının təhlükəsizliyi məsələsi XIN-in diqqət mərkəzindədir: “Ermənistan prezidentinin aqressiv ritorikası göstərir ki, bu ölkə rəhbərliyi terrorla əlaqəlidir və terroru dəstəkləyir”.
Xatırladaq ki, erməni terror təşkilatı ASALA-nın Azərbaycanın Macarıstandakı səfirliyinin ünvanına hədə-qorxu dolu məktub göndərdiyi bildirilib. Məktubda səfirliyin bir sıra əməkdaşlarının adları sadalanıb və onlar ölümlə təhdid edilib.
Ramil Səfərovla bağlı məsələ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla ABŞ-ın ölkəmizdəki yeni səfiri Riçard Morninqstarın görüşündə də müzakirə mövzusu olub.
XIN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Elmar Məmmədyarov amerikalı diplomata bildirib ki, o, ABŞ dövlət katibinin müavini Uilyam Börns ilə telefon danışığı zamanı Azərbaycan vətəndaşı Ramil Səfərovun ekstradisiya edilməsi və əfv olunması ilə bağlı Dövlət Departamentinin mövqeyinin Azərbaycan tərəfi üçün anlaşılmaz olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.
Bununla yanaşı, nazir Ramil Səfərov məsələsinin Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycan xalqına qarşı törədilmiş etnik təmizləmə siyasəti kontekstində baxılmalı olduğunu bir daha vurğulayıb.