Rəsmi iddialara görə, dünyada ərzaq bahalaşır, Azərbaycandasa ucuzlaşır
Samir Əliyev: “Dünyadakı ərzaq bahalaşmasının Azərbaycana birbaşa təsiri var”
Dünyada ərzağın qiyməti bahalaşdığı bir dövrdə Azərbaycanda yenə də statistik məlumatlar bunun əksini göstərir. Dövlət Statistika Komitəsinə istinad edən “Yeni Azərbaycan” qəzeti dünyada ərzağın qiymətinin 10 faiz artdığı halda ölkəmizdə 1,4 faiz ucuzlaşmanın müşahidə edildiyini yazır.
Qəzet hətta dövlət başçısından sitat gətirərək yaxın illərdə Azərbaycanın özünü əsas ərzaq məhsulları ilə 100 faiz təmin edəcəyini deyir. Dünyada bahalaşma olduğu halda ərzaq məhsullarının bir çoxunu idxal edən Azərbaycanda qiymətlərin ucuzlaşmasını demək nə dərəcədə doğrudur?
Iqtisadçı-ekspert Samir Əliyev dünyadakı ərzaq bahalaşmasının Azərbaycana birbaşa təsirinin olduğunu deyir. Çünki ölkədə ərzağa olan ehtiyac xaricdən idxal olunan mallar hesabına ödənir. Sadəcə olaraq bahalaşmanın az olmasının səbəbi manatın dollara nisbətən bahalaşması ilə izah oluna bilər. Əgər başqa ölkələrdə dollar bahalaşır, milli valyuta ucuzlaşırsa, Azərbaycanda bu, əksinədir. Dollar ucuzlaşanda isə idxal məhsullarının qiyməti də ucuzlaşır. Ona görə də Azərbaycandakı idxal ərzağın qiymətinin artım tempi dünyada gedən artım tempindən daha azdır. Lakin bunun mənfi tərəfləri də var. Bu da yerli istehsalın sıradan çıxmasıdır. Yerli istehsal idxal olunan məhsullarla rəqabət apara bilmir.
Ekspert ölkədə ərzağın ucuzlaşması ilə bağlı deyilənlərin həqiqətə uyğun olmadığını da qeyd etdi. Hər zaman olduğu kimi, bu dəfə də Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər reallığı əks etdirmir. Çünki müşahidələr göstərir ki, son dövrlər bəzi ərzaq məhsullarının qiymətində kəskin artım olub. Ekspertin sözlərinə görə, Azərbaycan istehsal etdiyi ərzaqla özünü tam təmin etmək istəyirsə, bunun yolu kənd təsərrüfatının inkişafından keçir. Əks halda buna nail olmaq mümkün olmayacaq. Ekspert bu məsələdə pul-kredit siyasətinin də ciddi rol oynadığını deyir. Əgər manat bahalaşacaqsa, dollar ucuzlaşacaqsa, bu halda istehsal olunan məhsulların qiyməti xaricdən gətirilən məhsullardan baha olacaq. Bu da yerli istehsalı zəiflədəcək. Bu baxımdan yaxın gələcəkdə Azərbaycanın özünü ərzaqla təmin edəcəyi gözlənilmir.
Fizzə