“Bu şapalağa cavab verməyin ən yaxşı yolu demokratiyanı gücləndirmək, sosial problemləri həll etmək, ordunu möhkəmləndirməkdir”
Ermənistan parlamenti dünən növbədənkənar iclas keçirərək Ramil Səfərovun Azərbaycana verilməsi və əfv olunmasını müzakirə edib.
Məsələyə Ermənistan parlamentinin münasibətini bildirən qərar layihəsi saatlarla davam edən müzakirədən sonra lehinə 96, əleyhinə 1 nəfər olmaqla qəbul edilib.
Müzakirələr zamanı vitse-spiker Eduard Şarmazanov əvvəlcə Macarıstanı hədəf alıb: “Sövdələşmə olub. İyrənc sövdələşmə. Burda tərəflərdən biri Avropa Birliyinin və NATO-nun üzvü olan ölkənin hakimiyyətidir”. O daha sonra Azərbaycana keçib: “Azərbaycan hökuməti Ramil Səfərova bu 8 ilə görə maaş verib. Yəni Markaryanın qətli dövlət sifarişidir”.
Vitse-spiker öz çıxışını pafosla qurtarıb: “Qədim dövrün bir sitatı ilə çıxışımı tamamlayıram. Roma konsulu Katon deyib: “Karfagen məhv edilməlidir”.
Keçmiş xarici işlər naziri Aleksandr Arzumanyan isə bunları deyib: “Azərbaycanın etdiyi əndazədən çıxır. Bizim cavabımız Dağlıq Qarabağın müstəqiliyini tanımaq olardı. Ancaq təəsüf ki, bu, parlamentin qərarının layihəsinə salınmadı”.
“Mənim fikrimcə, İlham Əliyevin Ramil Səfərovu əfv etməsi, böyük mənada, Ermənistana və Dağlıq Qarabağa qarşı hərbi aktdır” , – hakim Respublika Partiyasından deputat Samvel Farmanyan belə deyib.
“Çiçəklənən Ermənistan” fraksiyasının üzvü Qurqen Arsenyan Azərbaycanın və Macarıstanın hərəkətini “şapalaq” adlandırıb. O deyib ki, bu şapalağa cavab verməyin ən yaxşı yolu demokratiyanı gücləndirmək, sosial problemləri həll etmək, ordunu möhkəmləndirməkdir. Arsenyan onu da deyib ki, bir çox erməni Ermənistandan kənarda, bir çox hallarda azərbaycanlılarla yanaşı yaşayır. Deputatın fikrincə, buna görə bəyanatlarda ehtiyatlı olmaq lazımdır, ölkədən qıraqda vəziyyəti gərginləşdirmək lazım deyil (“Azadlıq”).