Bəşər Əsədin ordusu tükənir

Suriya diktatoru vuruşmağa adam tapmır

Suriyada vətəndaş müharibəsi davam etdikcə Bəşər Əsəd rejimi hər ötən gün yeni qətliamlar törədir. Yerli fəallar ötən sutka ərzində ölkə ərazisində azı 272 nəfərin qətlə yetirildiyi xəbərini verib. Qurbanların sayının çox olması hökümət qüvvələrinin avizərbələri ilə əlaqələndirilir. Qırıcı təyyarələrdən açılan raket zərbələrinin azı 100 nəfərin, o cümlədən 30-dan çox azyaşlı uşağın həyatına son qoyduğu bildirilir. Əsas toqquşmalar Hələbdə getdiyindən, fəallar burada 115 nəfərin qətlini qeydə alıb.

Bundan başqa fəallar Dəməşqin Şəba rayonunda rejim qüvvələrinini geniş miqyaslı reydləri keçirərək, 70-ə yaxın insanın o cümlədən 10 qadının həbs edildiyini xəbər verib. Həbs olunanlar arasında gənclər üstünlük təşkil edib və fəallar onların bu yolla gəncləri məcburi şəkildə orduda xidmətə cəlb etməyə çalışdığı bildirilib. Yüksək rütbəli zabitlərin və əsgərlərin müxalifətin tərəfinə keçməsi Əsəd rejimi çətin duruma salıb. Hakimiyyət orduda xidmət etməyə adam tapmır. Buna görə də ölkədəki 30 yaşdan aşağı bütün kişilər müharibəyə çağırılıb.

Ötən gün həm də müxaliflər hökumət qüvvələrinə aid daha bir qırıcı təyyarəni vurduqlarını açıqlayıblar. Üsyançıların sosial şəbəkələrdə yaydığı videokadrlarda qırıcının yerdən atılan raketlı vurulduğu və alovlanaraq yerə çırpıldığı görünür. Əlavə edək ki, üsyançılar son həftə ərzində Bəşər Əsəd ordusuna aid 4 qırıcı təyyarəni vurduqlarını bildiriblər.

Bununla yanaşı ölkənin müxtəlif yerlərində hökumət qüvvələri ilə üsyançılar arasında döyüşlər davam edib. Əsədin əmrindəki əsgərlər İordaniya ilə sərhəddəki Təl Şihab şəhərinə nəzarəti ələ alıb. Onlar sadə vətəndaşların ölkədən qaçaraq İordaniyaya sığınmasını önləmək məqsədiylə postlar yaradıb.