Birləşmək pis olmazdı, deyilmi?

Bugünlərdə qəzetdə digər cəbhənin üzvlərinin birləşmək təşəbbüsü haqda oxudum. Nə gizlədim, mən də bunun tərəfdarıyam. Indi arabir oturub olub-keçənləri, o illəri xatırlayıram. Onda bizim hər birimiz indikindən qat-qat güclü və inamlı idik. Hətta indi o illərin ixtilafları, bəzən yumruq davasına və hədələrə çıxan mübahisələri adama şirin görünür.
Baxışlarımızda da, yəqin, bəzi dəyişikliklər baş verib. Düzdür, mən bir liberal kimi, o qədər də dəyişib eləməmişəm, öz mövqeyimdə bir qədər də təkidli və inamlı olmuşam. Bəli, bu gün də hesab edirəm ki, xolizmə (tamın üstünlüyü!) söykənən millətçilik onun bir aspekti kimi etnizmi götürür və individualizmi rədd edir. Aristotel demişdi ki, tam öz hissələrinin cəmindən həmişə böyükdür. Xolistlər də hər vaxt bunu əsas götürüblər. Millətçilər üçün tam həmişə bir etnos, sosialist qardaşlar üçün isə sinif olub.
Çox maraqlıdır ki, sistem nəzəriyyəsi də bunu müdafiə edir, o da tamın heç bir hissənin malik olmadığı keyfiyyətlərə malik olduğunu iddia edir. Amma məni bir sual rahat buraxmır. Əgər həmin o tam kreativ, yəni, yaradıcı gücə malikdirsə, niyə biz həmişə kütlədən ehtiyat edir və kütləni dağıdıcı amil kimi qiymətləndiririk? Nə isə… Bu sualı elə-belə, öz düşüncəm üçün verdim.
Indi bir gülməli məqam deyəcəm və bu, yazının lap əvvəlində yazdığım bir-iki ağır cümlənin təsirini azaldacaq. O vaxt mənim opponentim olan bir “millətçi” vardı, lap zəhləmi tökmüşdü. Deyirdi ki, əgər liberal proqram qəbul olunsa, mən intihar edəcəyəm! Bəli, bir neçə ildən sonra eşitdim ki, həmin millətçi qardaş Avropa ölkələrindən birinə mühacirət edib.
Maraqlıdır, niyə Türkiyəyə və yaxud başqa Şərq ölkəsinə yox, liberalların “at oynatdığı” Avropa ölkəsinə gedib? Bu, sırf buralıq olsaydı, təkcə buraların təcrübəsində rast gəlinən məsələ olsaydı, mən onu xatırlatmazdım. Amma o, “universal” bir haldır. Şərqin radikalları və millətçiləri yaşamaq və fəaliyyət göstərmək üçün Avropanın liberal ölkələrini seçirlər. Nə isə… Bu söhbət bizi çox uzaqlara apara bilər. Gələk birləşmək məsələsinin üstünə…
Düşünürəm ki, belə addım bizim hakimiyyət üçün şok olardı, onlar bundan diksinərdi. O ki qaldı, bu addımın bizi başqa hədəflərdən yayındıra bilməsinə, etiraf edək ki, ortalıqda ciddi hədəf-filan yoxdur, çünki gücümüz azdır. Düzünü deyək.
Güc olsaq, hədəfə doğru gedə bilərik. Lakin indi hamı öz şirəsində qovrulur və heç kim ciddi bir iş görə bilmir.
Tək biz bu vəziyyətdə deyilik. Rusiyanın özündə müxalifətin formalaşması prosesi alınmır, böhran bir burulğan kimi hamını girdabına alıb. Çox şey demək olar və çox şey yazmaq olar. Ən azı, o var ki, bu böhrandan heç olmasa, güclü bir partiya formalaşdırıb çıxarmağın özü də az iş deyil. Biz indi təcrid olunmuş adaların arxipelaqı kimiyik. Niyə görə bir böyük ada olmayaq?
«Azadlıq» susdurulsa…
Mən bunu təsəvvür edə bilmirəm. Siz bir ölkənin faciəsinə baxın. Serbiyaya, Belarusa şərtsiz-filansız yüz milyonlarla dollar kredit verilir, Rumıniya və yaxud Gücüstanda H.Əliyev adına parklar tikmək üçün milyonlarla vəsait ayrılır, amma ölkənin ən sevimli qəzeti 30 min manat ucbatından az qala, bağlanmaq təhlükəsilə üz-üzə qalıb. Mən “Azadlıq”ı aciz görkəmdə təqdim etməyin əleyhinəyəm. Əgər normal şərait olsaydı və qəzet satışını öz bildiyi kimi həyata keçirə bilsəydi, satışdan gələn pulları vaxtında alsaydı, nəhayət, reklam bazarı olsaydı, bundan 10 dəfə artıq məbləği ödəmək olardı.
Bunun mənəvi nəticələri haqqında çox danışmaq olar. “Azadlıq” susdurulsa, bunu yaşamaq və buna dözmək çətin olacaq. 2013-cü ildə Azərbaycanın, nə az, nə çox – Türkmənistana çevrilməsi istiqamətində addım atmaq istəyirlər. Və təbii ki, belə bir “iş”in ərəfəsində ölkənin ən əsas qəzetinin susdurulması bu hakimiyyətin ən böyük arzusudur. Amma arzularına çata bilməyəcəklər. Mən buna çox ümid edirəm. Ən çətin anlarda belə, bir də görürsən ki, çıxış yolu tapılır. Elə çıxış yolu ki, sən hətta onu gözləmirsən, onun mövcudluğu haqda heç nə bilmirsən. O yol indi də tapılacaq, yəqin…