“Heydər Əliyev KQB generalı olub, Azərbaycanı diktator kimi idarə edib, hərbi çevrilişlə hakimiyyətə gəlib…”
“The Washington Times” və CNN yeni səfirin hərəkətini sərt tənqid etdi
ABŞ-ın ölkəmizdəki yeni səfiri Riçard Morninqstarın etimadnaməsi qəbul olunandan dərhal sonra Heydər Əliyevin heykəlini ziyarət edərək önündə baş əyməsi Amerika siyasi dairələrində böyük rezonans doğurub. Prezident seçkilərinin qızğın vaxtında demokratların əsası siyasi fiqurlarından birinin insan haqları və demokratiyanın boğulmasına görə sərt tənqid olunan Azərbaycanın keçmiş rəhbəri Heydər Əliyevin heykəli önündə əyilməsi Obama administrasiyasını çətin duruma salıb. Prezident seçkilərində demokratların namizədi, indiki Ağ ev rəhbəri Barak Obama rəqiblərinin, xüsusən də respublikaçıların hədəfinə çevrilib.
Ağ evə rəhbərlik uğrunda əsas namizədlərdən biri Mit Romninin üzv olduğu Respublikaçılar partiyasına yaxın çevrələr Morninqstarın heykəl qalmaqalından istifadə edərək Obamanı “vurmağa” başlayıb. Respublikaçılara yaxınlığı ilə tanınan “The Washington Times” qəzetinin dünənki sayında dərc edilmiş məqalədə Obamanın hakimiyyətə gələndən sonra Ər Riyada səfəri zamanı Səudiyyə Ərəbistanı kralı Abdulla ilə görüşdə onun qarşısında baş əyməsinin sərt tənqidlərə səbəb olduğu xatırladılır. Qeyd olunur ki, Obama daha sonra Yaponiya imperatoru Akihito və Çin prezidneti Hu Tszintao qarşısında da baş əyib, Britaniya şahzadəsi II Yelizaveta qarşısında yüngülcə əyilib.
“Azərbaycanın rəsmi informasiya agentliklərinin yaydığı fotoşəkillərə əsasən Obamanın Azərbaycana yeni göndərdiyi səfir Riçard Morninqstarın öz etimadnaməsini İlham Əliyevə təqdim etdikdən sonra eks ölkə başçısı Heydər Əliyevin heykəli qarşısında açıq-aydın əyildiyi görünür. Həmçinin xəbərdə deyilir ki, yeni səfir heykəlin önündə baş əyir. Bu amerikalı diplomatlar üçün yeni presedentdir. Heydər Əliyev SSRİ “KQB”-nin generalı olub. Azərbaycanı diktator kimi idarə edib. Ölkə müstəqillik qazandıqdan sonra hərbi çevriliş yolu ilə hakimiyyətə gəlib. Sonradan hakimiyyəti oğluna ötürüb”, – deyə qəzet yazıb.
“The Washington Times” faktla bağlı bağlı Dövlət Deprtamentinin münasibətini öyrənib. Departamentin rəsmisi Patrik Ventrel qəzetə açıqlamasında Morninqstarın heykəl qarşısına gül qoyduğunu deyib. ABŞ-ın Bakıdakı səfirliyi isə diplomatın heykəli ziyarət etməsinin yeni səfir üçün adi jest olduğunu açıqlayıb.
Qəzet daha sonra Azərbaycanda insan haqlarının vəziyyətinin pis olmasından və keçirlən bütün seçkilərin saxtalaşdırılmasından bəhs edir. Demokratların əsas fiqurlarından birinin “mənfi imicili rəhbərin” heykəli önündə əyilməsinin ürəkaçan olmadığı deyilir: “Morninqstar demokratların əsas siyasi fiqurlarından və partiyanın seçki kampaniyalarının sponsorlarından biridir. O, kommersiya əhəmiyyətli daşınmaz bizneslə məşğul olan “CoStar” şirkətinin keçmiş baş direktorudur. Morninqstar Bill Klinton administrasiyasında çalışıb. Avropa İttifaqında səfir olub. SSRİ-nin dağılmasından sonra müstəqillik əldə edən Avropa və Avraisya ölkələri üzrə xüsusi elçi kimi fəaliyyət göstərib. O, həmçinin Bill Klintonun Xəzərin enerji məsələləri üzrə nümayəndəsi olub. Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin reallaşmasında mühüm rol oynayıb. Morninqstar özü də Bakıda verdiyi açıqlamalarda bu ölkəyə 1995-ci ildən gedib-gəldiyini deyib. Heydər və İlham Əliyevlərin qonağı olduğunu bildirib”.
“The Washington Times” qəzetiylə yanaşı eyni məzmunlu məqalə CNN kanalının internet saytında da tirajlanıb. Morninqstarın heykəl qarşısında əyilməsi tənqid olunan məqalədə Heydər Əliyevin keçmişi barədə də məlumat yer alıb. CNN qeyd edib ki, Heydər Əliyev SSRİ “KQB”-nin generalı, Azərbaycan kommunist partiyasının rəhbəri postlarını tutub. Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə yaranmış vəziyyətdən istifadə edərək hərbi çevriliş yoluyla hakimiyyətə gəlib. Onun hakimiyyəti illərində insan haqları və demokratiyanın vəziyyəti psiləşməyə doğru gedib. 2003-cü ildə keçirilən prezident seçkilərində hakimiyyətə İlham Əliyev gəlib. İlham Əliyevin hakimiyyəti illərində isə Azərbaycan beynəlxalq təşkilatların hesabatlarında insan haqları və demokratiyanın vəziyyətinə görə sərt tənqid olunub.
Xatırladaq ki, istər Azərbycanda, istərsə də Vaşinqtondakı demokratiya fəalları kifayət qədər təcrübəyə malik Morninqstarın səfir kimi fəaliyyəti zamanı təkcə enerji və təhlükəsizlik maraqlarını ön plana çıxarmayacağına ümid edirdi. O, özü də müsahibələrində bildirib ki, fəaliyyətində demokratiya, insan haqlarının təmin olunması ABŞ-ın Azərbacandakı başqa maraqları ilə eyni əhəmiyyət kəsb edəcək.
Siyasət şöbəsi