Yasir Ərəfatın məzarı açılacaq

Fransız hakimlər əfsanəvi liderin dəfn olunduğu Rəmallah şəhərinə yollanıb

Həyat yoldaşı Süha və qızı Zəhva Ərafatın iddiasıyla Fələstin muxtariyyətinin əfsanəvi lideri Yasir Ərafatın “şübhəli” ölümünü araşdıran fransız hakimlər mərhum liderin Rəmallah şəhərindəki məzarının açılmasına qərar verib. Ərafatın şəxsi əşyalarında və geyimlərində kəşfiyyat qurumlarının sui-qəsd əməllərində daha çox istifadə etdiyi polonium maddəsinin aşkarlanmasından sonra hərəkətə keçən fransız hakimlərin tələbinə Fələstin rəhbərliyi də yaşıl işıq yandırıb.

Süha Ərafatın cinayət işinin qaldırılması müraciətindən sonra Nant şəhərinin ədliyyə idarəsi 3 nəfərdən ibarət istintaq hakimi əfsanəvi liderin zəhərləndirilməsi iddialarını araşdırmaq üçün ayırıb. Ərəfatın xanımı ötən gün verdiyi açıqlamasında hakimlərin yoldaşının ölümünü araşdırmaq üzrə Rəmallaha gəldiyinə sevindiyini bildirib:“Hakimlər qərarlarını rəsmi olaraq vəkilimə çatdırıblar. Son dərəcə böyük xoşbəxtəm”. O, Ərəb Birliyinin və Fələstin muxtariyyətinin rəhbərliyini Ərafatın ölümünü araşdıracaq xüsusi komissiya qurulması işlərini də təxirə salmağa çağırıb.

Xatırladaq ki, “Əl-Cəzirə” kanalı iyulun 3-də Yasir Ərəfat barədə yayımladığı filmdə onun şəxsi əşyalarında yüksək dozada polonium olduğunu sübuta yetirən laboratoriya sənədlərini ortaya çıxarmışdı. Bundan sonra Ərafatın zəhərləndiyi iddiaları yenidən gündəmə gəldi.