Müdafiə Nazirliyi Sərkisyanın göstərişi verdiyini bəyan etdi; ASALA hədə məktubu göndərdi
“Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycan zabiti Ramil Səfərovu terrorla aradan götürmək yolu seçib və xəbərlərə görə, aidiyyəti qurumlara öz göstərişlərini də verib”. Belə bir bəyanatla Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu çıxış edib.
Eldar Sabiroğlunun sözlərinə görə, Ramil Səfərovun azadlığa çıxması Ermənistanda etirazlara və isterikaya səbəb olub, hakimiyyətin uğursuz siyasəti kimi dəyərləndirilib və Serj Sərkisyan rejiminə ciddi problemlər yaradıb: “Əhalinin qəzəbini sakitləşdirməyə çalışan Ermənistan rəhbəri ənənəsinə sadiq qalaraq, terror yolunu seçib. Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, terrorizmdə xüsusi təcrübəyə yiyələnən Ermənistan prezidentinin bu alçaq niyyətinin qarşısını almaq və öz zabitinin həyatını qorumaq üçün Azərbaycan kifayət qədər imkanlara və önləyici tədbirlərə malikdir. Azərbaycana hədə-qorxuların əhəmiyyəti yoxdur və bizimlə bu dildə danışmağın vaxtı çoxdan keçib. Yaxşı olar ki, Ermənistan yeni siyasi və hüquqi vəziyyətin işə düşdüyünü anlamış olsun. Əks təqdirdə regionda yarana biləcək vəziyyəti indidən təsəvvürə gətirə bilərlər”.
ASALA azərbaycanlıları hədələdi
Ramil Səfərovun qaytarılması ilə əlaqədar Azərbaycanın Macarıstandakı səfirliyinin ünvanına hədə-qorxular əks olunmuş məktublar daxil olur.
Bu barədə APA-ya Azərbaycanın Macarıstandakı səfirliyinin ikinci katibi Eldar Əliyev məlumat verib. O bildirib ki, daxil olan son məktubda səfirlik əməkdaşlarının adları da çəkilir: “Macarıstan və Azərbaycanın müvafiq orqanları bu faktlardan xəbərdar edilib. Hədə-qorxulara baxmayaraq, səfirlik gücləndirilmiş mühafizə altında adi rejimdə işini davam etdirir”.
Sentyabrın 3-də Azərbaycanın Macarıstandakı səfirliyinə ASALA Fighters terror təşkilatından daxil olmuş sənəddə Azərbaycan diplomatları, xaricdə təhsil alan azərbaycanlı tələbələr, iş adamları, diaspor təşkilatlarının fəalları hədəf kimi göstərilib və onların qətlə yetiriləcəyi bildirilib.
Azərbaycan səfirliklərinin təhlükəsizliyini gücləndirir
Bu arada, Xarici Işlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib ki, Azərbaycan Ermənistan rəhbərliyinin təcavüzkar çağırışlarını nəzərə alaraq xarici ölkələrdəki səfirliklərinin təhlükəsizliyinin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirəcək. O bildirib ki, təhlükəsizliyin gücləndirilməsi üçün Azərbaycanın bütün səfirliklərinə akkreditə olunduqları ölkələrin Daxili Işlər nazirliklərinə məktub göndərmələrinə dair müraciət ünvanlanacaq.
Macarıstanın baş naziri də Ramil Səfərovdan danışdı
Ramil Səfərovun azadlığa buraxılmasıyla əlaqədar ən çox sualların yönəldiyi ünvanlardan biri də Macarıstan hökuməti oldu. Bu ölkənin baş naziri Viktor Orban Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiyasıyla bağlı bəyanatla çıxış edib. O bildirib ki, Ramil Səfərovun ekstradisiyası məsələsində Macarıstan beynəlxalq normalara uyğun hərəkət edib.
“Macarıstan hökumətinin Azərbaycanla gizli sövdələşməsi olubmu?” sualının cavabında V.Orban deyib: “Macarıstan demokratik dövlətdir. Beynəlxalq normalar və qaydalar məxfi razılaşmalara əsaslandırılmayıb”.
Qeyd edək ki, Prezident Administrasiyasının nümayəndəsi Novruz Məmmədov bildirmişdi ki, dövlət başçısı Ilham Əliyev Ramil Səfərovun məsələsini şəxsən Viktor Orbanla sonuncunun Bakıya səfəri zamanı müzakirə edib. Sonra son il ərzində məxfi danışıqlar aparılıb.
Məsələ Bernslə də müzakirə olundu
Ramil Səfərovla bağlı məsələ xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ dövlət katibinin müavini Uilyam Bernslə telefon söhbətində də müzakirə mövzusu olub. Diplomatik mənbələrdən “Turan”a daxil olan məlumata görə, söhbət zamanı Elmar Məmmədyarov deyib ki, bu məsələdə ABŞ-ın mövqeyi Azərbaycana aydın deyil. Çünki məhz Azərbaycan xalqı etnik təmizləməyə məruz qalıb. Azərbaycan ərazilərinin işğalını davam etdirdiyinə görə ilk növbədə Ermənistanı mühakimə etmək lazımdır.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Barak Obama Ramil Səfərovun azadlığa buraxılması məsələsinə münasibət bildirərkən “dərin narahatlığını” ifadə edib. ABŞ Dövlət Departamenti isə bəyan edib ki, bu məsələ ilə əlaqədar Azərbaycandan açıqlama gözləyir.
“Baş verənlər regional gərginliyi artıra bilər”
Bu arada, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja Azərbaycan hakimiyyətinin Ramil Səfərovun əfv olunması barədə qərarını tənqid edib. O bildirib ki, bu addıma heç nə ilə haqq qazandırıla bilməz: “Bundan başqa, cinayətkarın qəhrəman elan olunması onsuz da yüksək olan regional gərginliyi daha da artıra bilər”.
Rus generalın fikrincə, Ramil Səfərovun məsuliyyətdən azad olunması haqqında Azərbaycan hakimiyyətinin qərarı beynəlxalq hüquq normalarına ziddir və cinayətkarlıq əleyhinə dövlətlərarası sistemin işini şübhə altına alır: “Əminəm ki, beynəlxalq ictimaiyyət baş verən hadisəyə obyektiv qiymət verməkdə yubanmayacaq”.
“Bordyuja özünü ermənilərin təmsilçisi kimi aparır”
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu Nikolay Bordyujanın açıqlamasına münasibət bildirib. O, APA-ya açıqlamasında deyib ki, Bordyujanın tərəf tutması birinci hadisə deyil: “O, sanki rəhbəri olduğu təşkilatın hansı mahiyyət daşıdığını dərk edə bilmir. Ramil Səfərovla bağlı məsələyə münasibət bildirməsinin isə onun səlahiyyət çərçivəsinə qətiyyən aidiyyəti yoxdur”.
E.Sabiroğlu bildirib ki, Nikolay Bordyuja özünü KTMT-də baş katiblikdən daha çox ermənilərin təmsilçisi kimi aparır: “Ona görə də Bordyujanın bu səbatsız açıqlamasına təəccüb etmirik. Görünür, əvəz qaytarmaq üçün digər yol seçə bilmir. Yalnız böyük çəkili öhdəliklər qarşılığında belə ultra ermənipərəstlik nümayiş etdirmək mümkündür. Ondan soruşmaq lazımdır ki, axı sən kimsən və hansı səlahiyyətlə bu hadisəyə münasibət bildirirsən? Bordyuja və onun kimilər beynəlxalq hüquq normalarını və qaydalarını özlərinə necə lazımdırsa, o cür də yozurlar. Əgər Ramil Səfərovla bağlı həqiqəti bilmək istəyirsə, Bordyuja 1983-cü ildə yaradılan və müstəqil dövlət kimi Azərbaycanın da qoşulduğu Strasburq Konvensiyasının prinsiplərini nəzərdən keçirə bilər. Amma yenə də inanmırıq ki, ermənipərəstlik ona doğru mövqe seçməkdə maneçilik törətməsin”.
Ermənilər Azərbaycanla danışıqları dayandırmaq niyyətində deyil
“Ramil Səfərovun Azərbaycana ekstradisiyası və onun prezident Ilham Əliyev tərəfindən əfv olunması artıq Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə neqativ təsir göstərib”.
APA-nın “Panorama.az” saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ölkədə səfərdə olan Argentinanın xarici işlər və xarici ticarət naziri Hektor Timermanla keçirdiyi birgə mətbuat konfransında deyib.
Ermənistanın Azərbaycanla danışıqlar prosesinə son qoymasının mümkünlüyü haqda sualı cavablandıran E.Nalbandyan belə bir niyyətləri olmadığını söyləyib: “Danışıqlar prosesinin iflasına yönəlmiş bəyanatları və hərəkətləri tez-tez məhz Azərbaycan edir”.
Jurnalistlər məsələyə argentinalı nazirin də münasibətini öyrənmək istəsələr də, qonaq ikitərəfli əlaqələrin inkişafını müzakirə etmək üçün Ermənistana gəldiyini xatırladaraq, bu mövzuda suallar verilməsini istəyib.
Ramil Səfərova vəzifə verilib?
Dünən xəbər yayıldı ki, Ramil Səfərova pul kompensasiyası, mənzil və mayor rütbəsindən sonra vəzifə də verilib. “Azpolitika.info” portalının hərbi mənbələrə istinadən yaydığı məlumata görə, müdafiə naziri Səfər Əbiyevin əmrilə Ramil Səfərov nazirliyin Təlim-Tədris Mərkəzinə Baş müəllim vəzifəsinə təyin olunub.