Qəzzafinin kəşfiyyat şefi Liviyaya verildi

Mavritaniya hökuməti öldürülmüş diktatorun yaxın silahdaşını ekstradisiya edib

Mavritaniya hökuməti Liviya kəşfiyyatının sabiq rəhbəri, ölkənin qətlə yetirilmiş diktatoru Müəmmər Qəzzafinin yaxın tərəfdarı olan Abdulla əl-Senussini Tripoliyə təhvil verib.
“France-Presse” agentliyinin verdiyi məlumata görə, Qəzzafi rejiminin keçmiş kəşfiyyat rəhbəri Senussinin ekstradisiyasının Liviya xarici işlər naziri Andan Mansur Abdullanın sentyabrın 3-də Mavritaniyaya səfərindən sonraya təsadüf etməsi də diqqət çəkib.
Xatırladaq ki, Abdulla əl-Senussi ötən ilin martında Mavritaniyanın paytaxtı Nuakşotda saxta sənədlə yaxalanıb. Həmin vaxt Liviyanın yeni hökumətinin müraciətinə baxmayaraq, Mavritaniya hökuməti öncə bu müraciətə cavab verməyib. Daha sonra isə Abdulla əl-Senussinin saxta sənədlə Mavritaniyaya daxil olduğu üçün yerli məhkəmə qarşısına çıxarılacağını bəyan edib. Abdulla əl-Senussinin sonradan bu ölkədə məhkəmə qarşısına çıxarılıb-çıxarılmadığı bilinmir.