Tamerlan Qarayevin Bakıya sirli gəlişinin səbəbi bəlli oldu
Xəbər verildiyi kimi Azərbaycanın Indoneziyadakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev Bakıya gəlib. Səfir Bakıya gəlişinin səbəbini qısa müddətə məzuniyyətə çıxması ilə izah edib.
Azadlıqa daxil olan məlumatlarda isə iddia edilir ki, Tamerlan Qarayevin Bakıya gəlişi 2013-cü ildə keçiriləcək prezident seçkisilə bağlıdır. Bəllidir ki, iqtidar daxilində 2013-lə bağlı ziddiyyətlər mövcuddur. Hakimiyyətin Paşayevlər qanadı seçkidə öz namizədilə iştirak etməyə hazırlaşır. Bu da səbəbsiz deyil. Çünki Ilham Əliyev üçüncü dəfə namizədliyini irəli sürməyə həvəsli görünmür. Bu onunla izah edilir ki, ölkə başçısı hətta Rusiya prezidenti Vladimir Putinin atmadığını addımı atacağı təqdirdə Qərbin ciddi təzyiqləri ilə üzləşəcəyindən ehtiyat edir. Lakin Ilham Əliyevin Putin kimi Medvedevi yoxdur. Bu baxımdan Paşayevlər fəallaşaraq Mehriban Əliyevanın namizədliyi məsələsini gündəmə gətiriblər. Hakimiyyətdəki “Naxçıvan” qruplaşması bunun qəti əleyhinədir. Lakin buna baxmayaraq Paşayevlər iddialarından geri çəkilmək niyyətində görünmür və bununla bağlı ciddi iş aparırlar.
Ayaz Mütəllibovun Azərbaycana dönüşünü təmin edən və ona eks-prezident statusu verilməsinə nail olan Paşayevlər bununla Bakı klanını tam olaraq öz tərəflərinə çəkiblər. Daha sonra sabiq səhiyyə naziri Əli Insanov vasitəsilə qərbi azərbaycanlıları öz tərəflərinə çəkməyə cəhd etdilər. Lakin Əli Insanov Paşayevlərin şərtini qəbul etmədiyindən plan baş tutmadı.
Məlumatlara görə, Tamerlan Qarayevin Bakıya gəlişi Paşayevlərin Qarabağ klanını öz tərəfinə çəkmək planı ilə bağlıdır. Bildirilir ki, səfirlə bu barədə ilkin müzakirələr aparılıb. Məlumat üçün deyək ki, əslən ağdamlı olan Tamerlan Qarayevin qarabağlıların arasında böyük nüfuzu var. Bu baxımdan Paşayevlər seçkidə Qarabağ klanının dəstəyini qazanmaq üçün Tamerlan Qarayevə minnətçi düşüb.
Azad