Şimali Qafqaz yenidən terror mərkəzinə çevrilir
İnquşetiyada rus hərçilərin olduğu konvoya hücum olub. Naməlum silahlıların konvoya hücumu zamanı 5 hərbçi öldürülüb, 1-i isə yaralanıb. Hadisə Sunjen rayonunun Dattıx kəndi ərazisində baş verib. “RİA Novosti” konvoyun hərəkət etdiyi zaman mina partladığını və bundan sonra pusquda olan silahlıların hərbçiləri atəşə tutduğunu bildirib. Rəsmilər hücumdan sonra bölgədə silahlılara qarşı geniş əməliyyat başladığını açıqlayıb.
Əlavə edək ki, son günlər Şimali Qafqazda rus hərbçilərini və hökumətə yaxın adamları hədəf alan terror hücumlarının sayı artıb. Rusiya Baş Prokurorluğu ölkə ərazisində bu il baş verən 329 terror hadisəsinin 90 faizinin Şimali Qafqazda törədildiyini açıqlayıb. Açıqlamada bildirilir ki, Rusiya xüsusi xidmət orqanları tərəfindən keçirilən əməliyyatlar zamanı Şimalı Qafqazda qanunsuz silahlı dəstələrin 230 üzvü yaxalanıb.
Bölgədə baş verən terror zamanı hüquq-mühafizə orqanlarının 100-dən çox əməkdaşı qətlə yetirilib, 200 nəfər isə yaralanıb. Baş Prokurorluq terrorun ən çox Dağıstan Respublikası ərazisində baş verdiyini açıqlayıb. Dağıstanda baş verən terror aksiyalarında hüquq-mühafizə orqanlarının 60 əməkdaşı və 25 vətəndaş həlak olub.