Müxalifət Əsədin daha iki qırıcısını vurdu (VİDEO)

Avropa Suriya diktatorundan sonrakı prosesləri nəzarətə götürməyi planlaşdırır; rejim isə Hələb üzərinə yenidən hücuma keçdi

Suriyada Bəşər Əsəd rejimi ölkənin strateji şəhəri olan Hələb üzərinə hücuma keçib. Müxaliflərin nəzarət etdiyi bölgələr hökumət qüvvələrinin havadan və qurudan hücumuna məruz qalıb.
Fəallar Hələb şəhərində üsyançıların nəzarətində olan əraziyə hücum edən Suriya hökumət qüvvələrinin 46-dan çox insanı öldürdüyünü bildirib. Ölənlər arasında yeddi uşaq olub. Suriya Insan Haqları Müşahidə qrupu Bustan əl-Qəsr rayonunda 10 mülki vətəndaşın həlak olduğunu xəbər verib. Bundan başqa, Marceh və Hanano rayonlarında uşaqlar da daxil olmaqla azı 9 cəsəd aşkar edilib. Müxalif mənbələr ötən gün Hələb şəhərinin 13 istiqamətdən bombalandığını söyləyib.
Bununla yanaşı müxaliflər Bəşər Əsədin ordusuna aid 2 qırıcı təyyarəni vurduqlarını bildiriblər. “Azad Suriya Ordusu”ndan yayılan açıqlamaya görə, Rusiya istehsalı olan 1 qırıcı Idlib şəhərinin Əbu Əlduhur hərbi aerodromunun şərqində vurulub. Sosial şəbəkələrdə paylaşılan videoda düşən təyyarədən tüstü qalxdığı və polkovnik rütbəli bir paraşütlü pilotun cəsədi göstərilir. Müxaliflər altı gündür Əbu Əlduhur hərbi hava limanını mühasirədə saxladıqılarını bildiriblər. Bununla yanaşı “Azad Suriya Ordusu”nun əsgərləri Deyr əl Zor şəhərindəki Həmdan əbu Kamal hərbi aerodromunu tutduqlarını açıqlayıblar.
Ölkədə baş verənləri şərh edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Suriyanın öz əhalisinə qarşısı qətliam həyata keçirərək terrorçu dövlətə çevrildiyini söyləyib. Baş nazir Suriyadakı xaosla bağlı beynəlxalq konsensusun olmamasına dərin təəssüfünü ifadə edib. O, rəhbərlik etdiyi hakim partiyanın Ankaradakı iclasında deyib ki, Türkiyə Suriyada baş verənlərə biganə qala bilməz.
Bu arada Ispaniyanın “La Stampa” qəzeti maraqlı məlumat yayıb. Qəzetin yazdığına görə, Italiya və Fransanın xarici işlər nazirləri Suriyada Bəşər Əsədin devrilməsindən sonra ölkənin yenidən qurulması məqsədiylə humanitar yardım kampaniyasının sürətləndirilməsinin tərəfdarıdır. “La Stampa” iddia edir ki, nazirlər Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Ketrin Eştona məxfi məktub yazaraq Bəşər Əsədin sonuna az qaldığını bildirərək, Avropanın Suriyanın yenidən qurulması üçün dərhal hərəkətə keçməyə çağırıb. Ispan qəzeti əlavə edir ki, Bəşər Əsədin devrilməsi an məsələsi olduğu üçün Avropa ölkələri Suriyada vəziyyəti nəzarətə götürmək niyyətindədir.