“Bu addım diplomata yaraşmır, onun tərəfsizliyinə xələl gətirir”
ABŞ-ın ölkəmizdəki yeni səfiri Riçard Morninqstarın Azərbaycana ayaq basar-basmaz Heydər Əliyevin abidəsini ziyarət edib onun qarşısında təzim etməsi sosial şəbəkələrdə gərgin müzakirələrə və etirazlara səbəb olub. Şəbəkə istifadəçiləri bu addımı səfirin təmsil etdiyi ölkənin prinsip və dəyərlərinə zidd olduğunu bəyan edirlər. Və ABŞ kimi bir ölkənin diplomatının belə bir siyasi səhvə yol verməməli olduğunu deyirlər.
Insan Haqları Klubunun rəhbəri, hüquq müdafiəçisi Rəsul Cəfərov Morninqstarın bu addımının diplomata yaraşmadığını, üstəlik onun tərəfsizliyinə xələl gətirdiyini deyir:
“Adətən səfirliklərin, beynəlxalq təşkilatların nümayəndələri ilə danışanda birmənalı şəkildə cavab verirlər ki, biz siyasi tərəfləri açıq-aydın dəstəkləyə bilmərik. Lakin ABŞ səfiri bu addımı ilə açıq-aydın tərəf tutub. Bunu siyasi tərəfi dəstəkləmək kimi qiymətləndirmək olar. Heydər Əliyev hakim partiyanın ilk sədri olub. Həmin partiya hal-hazırda da hakimiyyətdədir. Bu baxımdan səfirin belə bir addım atması yolverilməz idi, beynəlxalq qaydalara da uyğun deyildi”.
R.Cəfərov R.Morninqstarın bu addımının təsadüf olmasına inanmadığını da bildirib: “Morninqstar regionu kifayət qədər yaxşı tanıyan diplomatdır. O, Heydər Əliyevin kim olduğunu bilməlidir və mənə elə gəlir ki, bilir də. Mən düşünmürəm ki, bu təsadüfi ziyarətdir. Amma çox istəyərdim ki, bu təsadüf olsun”.