İdman təranələri

Təzəlikcə Ilham Əliyev olimpiyaçılarla görüşündə dedi ki, “Azərbaycan sözün həqiqi mənasında idman dövlətidir”.
“Idman dövləti” ifadəsi möhtərəmin leksikonunda yeni deyil, hardasa iki il əvvəl – Milli Olimpiya Komitəsində 2010-cu ilin yekunları ilə bağlı tədbirdə də o demişdi: “Biz artıq dünyada idman dövləti kimi tanınırıq”.
Axı nə deməkdir bu “idman dövləti”? Eyni məntiqlə musiqi, ədəbiyyat, teatr dövlətidəmi olur? Olursa, hər halda, biz idmandan çox, teatr dövlətiyik – bir ölkədə prezidenti, naziri, deputatı ilə guya dövləti təmisil edənlərin ifasında “demokrat”, “vətənpərvər”, daha nə bilim nə rolu ancaq bu qədər gözəl, istedadla oynanıla bilər!
Bəli, biz gözləyirdik ki, Azərbaycan hüquq dövləti olsun. Amma ola-ola idman dövləti olduq. Yeri gəlsə, qanunların boks yastığı kimi yumruqlandığı, vətəndaşların futbol topu kimi polis təpiyinin ucunda oynadıldığı bir ölkədə “idman dövləti” ifadəsi də yerinə düşür.
Əslində, problem bundadır: niyə Ilham Əliyev “Azərbaycan sözün həqiqi mənasında idman dövlətidir” deyə bildiyi qədər də ürəkdən, içdən “Azərbaycan sözün həqiqi mənasında hüquq dövlətidir” deyə bilmir? Niyə bu ölkə “idman dövləti” kimi tanınır, amma “hüquq dövləti” kimi yox?
Problem budur. Sual budur.

***

Dünənsə “idman dövləti” kimi tanınan Azərbaycanda boksçulardan ibarət peşəkar cinayətkar dəstənin yaxalandığı xəbəri yayıldı. Üzvlərindən biri, hətta Avropa çempionu olan o dəstə Bakıda hansısa yanacaqdoldurma məntəqəsinin əməkdaşını qarət edərkən ələ keçirilib.
Bəli, sən hüquq dövləti deyilsənsə, sənin idmanının, idmançının başqa funksionallığı da qalmır, əvvəl-axır o məhz cinayətkar qiyafəsində ortaya çıxır.
Sən hüquq dövləti deyilsənsə, sənin aldığın medallara da şübhə edirlər, hətta haqlı qələbəni də saxta sayıb ləğv edə bilirlər.
Ilham Əliyev olimpiyaçılarla görüşündə bundan da gileylənmişdi, demişdi ki, hakimlərin qərəzi olmasaydı, London olimpiadasında daha çox medal qazana bilərdik.
Mümkündür, istisna etmirik.
Amma bəs əgər sənin özünün məhkəmə hakimlərin qərəzlidirsə, sifarişli qərarları ilə dünyada ad çıxarıblarsa, onda necə olsun? London olimpiadasının hakimlərinin qərəzindən şikayətlənirsən, bəs Azərbaycanın məhkəmə hakimləri niyə ədalətli deyil? Onlar niyə sənin rəqiblərinə qarşı qərəzlidir? Onlar niyə düzgün qərarlar çıxarmırlar?
Məsələ bundadır. Bu, haqsız, qərəzli məhkəmə hökmləri ilə “şöhrətləndirdiyiniz” bu ölkəyə dünyanın güvəncinin, etibarının qalmamasının nəticəsidir. Gördüyünüz hər işin içində o qədər hiylə, ədalətsizlik var ki, artıq kimsə haqlı olarkən də inanmır bizə. Haqlı olduğumuz işin içinə də bir fitnə, bir hiylə, bir fırıldaq qarışdığından quşqulanır.
Budur sizin yaratdığınız “Yeni Azərbaycan” əsəri! Dünyaya tanıtdığınız, təqdim etdiyiniz “Yeni Azərbaycan” budur.
Türklər demiş, “gülə-gülə kullanın”!

***

Dünən “idman dövləti”nin Bakıda heyvanlar üçün yeraltı keçidlər tikməyə başladığı barədə də oxuduq, açığı normal ölkədə, hüquq dövlətində bu, sevindirici xəbər olardı. Amma bizdə keçid, yol, körpü tikmək korrupsiya ilə assosiasiya olunduğu, üstəlik, insana dəyər verilmədiyi bir ölkədə heyvana sevgi də komik, absurd səsləndiyi üçün bu xəbərə necə sevinəsən?
Hələ də anlamadınızsa, http://www.azadliqradiosu.az/content/article/24696742.htl linkini tıklayıb “Azadlıq” radiosunun əməkdaşı Nüşabə Fətullayevanın ölkədəki əlillərin durumu ilə bağlı reportajını oxuyun, nə demək istədiyimi anlayacaqsınız.
Görəcəksiniz ki, heyvanlara yeraltı keçid tikən “idman dövləti” əlillər üçün inşa etdiyi bərpa mərkəzlərində hamam və tualet tikməyi “unudub”.
Ən absurdu: heyvanlara yeraltı keçid tikirlər, amma əlillərə cavabdeh nazirlikdə – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində onlar üçün pilləkənlər – panduslar tikmək “yaddan çıxıb”.