Zərdablılar Lütfəli Babayevin daha çox biznesmen kimi çalışdığını deyirlər
Rayonda hər vəzifənin öz qiyməti var
Mətbuatda Zərdab rayonun icra başçısı Lütfəli Babayevin adı çox az hallansa da, onunla bağlı ölkə başçısı Ilham Əliyevə, Prezident Administrasiyasına və başqa aidiyyəti qurumlara edilən şikayətlərin sayı-hesabı yoxdur.
Bu günlərdə isə bir qrup Zərdab sakini Lütfəli Babayevin bir sıra qanunsuz əməllərilə bağlı redaksiyamıza müraciət edib. Sakinlərin sözlərinə görə, icra başçısı Zərdabın su problemini şəxsi biznesinə çevirib. Onların sözlərinə görə, rayon mərkəzində su xətlərinin istismar müddəti başa çatıb və borular sıradan çıxıb. Nəticədə əhali içməli suya həsrət qalıb. Icra başçısı bundan istifadə edərək özü üçün biznes qurub. Rayon sakinləri icra başçısına məxsus su maşınlarından içməli su almaq məcburiyyətində qalıblar.
Bundan başqa, Lütfəli Babayevin tapşırığı ilə rayonun abadlaşdırılması və “Eurovison 2012″ Mahnı Müsabiqəsi adı altında büdcə təşkilatlarından, sahibkarlardan və sıravi vətəndaşlardan pul yığıb. ”Halbuki rayonda abadlıq sahəsində heç bir iş getməyib. Rayon mərkəzinin abadlaşdırılması ilə bağlı büdcədən Zərdabın icra nümayəndəliyinə 500 min manat vəsait ayrılmışdı. Bu məbləğin hara yoxa çıxması naməlum qalıb”.
Rayon sakinləri “Azadlıq”a daha bir maraqlı bir fakt söyləyiblər. Onlar bildiriblər ki, rayonda ətin bahalaşması günü-gündən müşahidə edilib. Səbəb isə ət satışının icra başçısının inhisarında olmasıdır: “Lütfəli Babayevin Zərdabda 22 maldarlıq ferması var. Bir müddət əvvəl o, rayonda fəaliyyət göstərən ət dükanlarını yığışdırdı. Zərdabda yalnız icra başçısına məxsus ət dükanları fəaliyyət göstərir və onlar da ətə Lütfəli Babayevin istəyinə uyğun qiymət qoyurlar”.
Lütfəli Babayevin icra başçısı olmasına səbəbkar prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovdur.
Qəzetimizə danışanlar deyirlər ki, rayonda ən böyük, ən yüksək vəzifədən tutmuş ən aşağı vəzifəyə, hətta xadiməliyə, qarovulçuluğa qədər hər şey icra başçısının nəzarəti altındadır: “Əgər son illərə kimi rayonda idarə müdirləri 5 min manatdan 15-20 min manata ”təyinat” alırdılarsa, indi bu qiymət iki dəfə qaldırılıb. Məhz bu səbəbdəndir ki, son bir neçə ayda yeri boş qalan Sosial Müdafiə Fonduna müdir və baş mühasib, Maliyyə Şöbəsinə müdir, şəhər iki və üç saylı orta məktəblərinə direktor, Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini vəzifələri boş qalıb”.
Şikayətçilər bu vəzifəyə “təyinat” edilməməsi səbəbini kimlərdəsə pulun olmaması kimi dəyərləndirmirlər: “Pul var, sadəcə bu cür vəzifələrə gələnlərin sonradan başı ağrıyır. Heç bir-iki ay keçməmiş həmin şəxslər yenidən 3-5 min manat məbləğində ”cərimə”lənirlər. “Cərimə”dən boyun qaçıranlar bu və ya başqa dərəcədə cəzalandırılırlar”.
“Rayon Mərkəzi Xəstəxanasının baş həkimlərindən ikisi məhz icra başçısının əməllərindən cana doyaraq yatağa düşüblər və dünyadan köçüblər. Bu yer bir müddət boş qalıb, sonra isə 40 min manat müqabilində baş həkim vəzifəsinə ”təyinat” olub”, – deyə rayon sakinləri bildirir.
Zərdablılar Icra Hakimiyyətində şöbə müdirlərinin, onların müavinlərinin, adi təlimatçıların başlarına min bir oyun açıldığını deyirlər: “Bu adamlar, demək olar, son illər maaş nə olduğunu bilmirlər. Hər ay başçı müxtəlif bəhanələrlə və adlarla onların maaşlarını ”könüllü” şəkildə əllərindən alır. Bununla yanaşı, Zərdabdakı təhsil işçilərinin, müəllimlərin məzuniyyət pulları yarıbayarı alınır. 200-250 manat alanlardan 50-100, 100-200 manat alanlaran isə 30-50 manat pul tutulur.
Zərdab şəhərinin girəcəyində tikilən hasarlar yerli iş adamları, sahibkarlar üçün bir fəlakət “mənbəyi”dir. Icra başçısının özünün birbaşa nəzarəti ilə həyata keçirilən hasarlama və hasar uçurtma əməliyyatı sanki onların başında çatlayır. Haqq ödəyənlərin obyektinin qabağını kəsən hasar dərhal uçurulur, yox əgər, kimsə imkanı çatmır və ya “haqq” ödəməkdən imtina edir, onun obyektinin qabağı ən yaxısı halda hasarla bağlanır. Bəzən dükan buldozerin ağzına verilir. Bu gün rayonda Zərdaba yatırım qoymaq istəyən yerli iş adamı yoxdur. Iş adamları ya ətraf rayonlara və Bakıya, ya da Rusiyaya üz tutur. Məhz bu səbəbdəndir ki, rayonda bir dənə də olsun gözəgəlimli dükan yoxdur.
Tikinti-abadlıq adı altında, şənbə və bazar günü iməcliklərə bütün idarə və müəssisə işçiləri zorla çıxardılır. Isti yay günlərində, xüsusilə də günün ən qızmar çağlarında işə cəlb olunurlar: “Iqlimcə isti rayon olmasına baxmayaraq, iki tərəfdən çayla – Kür və Qarasuçay çayları əhatə olunan Zərbad rayonu yaşıllıqlarla zəngin yerdir. Belə getsə, cəmi bir neçə aya rayonda bu yaşıllıqlardan əsər-əlamət qalmayacaq. Çünki buna məsuliyyət daşıyan yoxdur. Görün vəziyyət nə yerə çatıb ki, Zərdabı dövrələyən Kürqırağı meşələr – Qarasuçay çayı sahilindəki meşə zolağı məhv edilib. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi gəlib akt tərtib etsə də, bunun günahkarlarının cəzalandırılması üçün Respublika Prokurorluğuna müraciət olunsa da, bu günədək heç bir xeyri olmayıb”.
Zərdablılar rayonda baş verən cinayət hallarının sayı gündən-günə artdığını deyirlər: “Guya rayonun daxili imkanları hesabına əslində camaatın puluyla tikilən YAP-ın yerli təşkilatının binasının tikintisinə zorla cəlb edilmiş fəhlələrdən biri – Davud adlı şəxs ikinci mərtəbədən ayağı sürüşüb yıxılması nəticəsində ölüb. Lütfəli Babayev mediaya açıqlamasında qisməndə olsa bu faktı təsdiqləmişdi. Təəssüflər olsun ki, indiyə kimi bu olaya görə heç kimə cinayət işi açılmayıb, məsuliyyətə cəlb olunan yoxdur. Yerli mütəxəssislərin hesablamalarına görə, ən yaxşı halda 200 min manata başa gələn YAP-ın binası 2 milyon manata sənədləşdirilib”.
Rayon sakinləri deyirlər ki, Lütfəli Babayevin bu əməllərinə “dur” deyən olmasa, Prezident Administrasiyasına gedəcəklər.
Şikayətçilərin dilə gətirdiyi bu faktlarla bağlı Lütfəli Babayevlə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Məsələylə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Ramin DEKO