Bir günün təzadları

Dünyanın da qəribə işləri var. Bir-iki il bundan əvvəl azərbaycanlı uşaqlar erməni snayperləri və təxribatçıları tərəfindən öldürüləndə heç kim o haqda danışmadı, nə bir söz deyən oldu, nə də bəyanat verən. Indi nə olub? Nəyin hesabını soruşurlar bizdən? Mənim R.Səfərovu fundamentalist A.Breyvik ilə müqayisə etmək fikrim yoxdur, Breyvik terrorist idi. Lakin 77 nəfəri öldürən və 150-dən çox adamı yaralayan Breyvikə Norveç məhkəməsi vur-tut 21 il həbs cəzası verdi! Lakin bircə nəfəri qətlə yetirən R.Səfərovu ömürlük həbs altında saxlamaq istəyirdilər! Budurmu ədalət? Hanı ədalət? Mənə elə gəlir ki, ermənilərin və onların təsiri altında olanların isterikasına qətiyyən fikir və diqqət ayırmaq lazım deyil. Qoy, nə qədər istəyir, danışsınlar! Onsuz da hər bir məsələ ilə bağlı və hər zaman şivənlik salmaq ermənilərin xislətidir. Biz isə öz gündəlik həyatımıza qayıtmalı və bu səhifəni çevirməliyik.

Yeni səfir gəldi

Səhv etmirəmsə, ABŞ-ın yeni səfiri etimadnaməsini təqdim etdi. Bizim hakimiyyətin hansı halda, səfir olanda, yoxsa olmayanda, özünü daha rahat etməsi bundan sonra məlum olacaq. Bu il mən elə bir şey gözləmirəm, ona görə ki, ABŞ-da seçkidir. Gələn il, I.Əliyev üçüncü dəfə prezident olmaq və buraları da Türkmənistana çevirmək istəyəndə, ABŞ-ın əsl münasibəti bəlii olacaq. Irəlicədən hər hansı proqnoz vermək istmirəm. Amma bir şeyi qeyd etmək istəyirəm ki, əgər dünya ictimaiyyəti I.Əliyevin bu niyyətindən azca olsa da əndişələnsəydi öz münasibətlərini Konstitusiyaya düzəliş vaxtı izhar edərdi. Bu, olmadı. Indi bundan sonra nə olacaq, onu demək elə də asan məsələ deyil. Lakin mənə belə gəlir, böyük hesabla heç nə olmayacaq və biz bu biabırçılığı -ölkənin asiyalaşmasını rahat və sakit qəbul etsək onlar da belə edəcək. Deməli, hər şey özümüzdən asılıdır. Özümüz isə hətta “atılan toplara diksinməyirik”. Mən siyasətdə xolizm tendensiyasını o qədər də sevmirəm, çünki təbiətən individualistəm. Lakin həmin xolistlər deyir ki, tam öz hissələrinin cəmindən həmişə böyükdür. Sistem nəzəriyyəsi də onu müdafiə və iddia edir. Mən bunu təcrübədə görmək istəyirəm. Həmin bu tam nə vaxsta özünü büruzə verməlidir, ya yox? “Tam” deyəndə mən cəmiyyəti və ya xalqı nəzərdə tuturam. Hələlik biz fərdlərin çarpışmasını, mübarizə və  mücadilə aparmasını görürük, tam özünü hiss etdirmir. Liberallar üçün onu hiss etməmək elə də böyük problem deyil, çünki liberallar hər şeyin mərkəz hissəsində individi görürlər. Amma millətçilər, sosialistlər fərqli düşünürlər.
Amma hanı onların daim apelyasiya etdiyi tam? Nədən biz onu görmürük?
Bunu bir liberalın gileyi kimi qəbul etməyin. 93-cü ildən bu tərəfə heç olmasa bircə dəfə bu tam – cəmiyyət, sinif və yaxud başqa bir toplum özünü bizlərə hiss etdirbsə, deyin, biz də bilək. Olmayıb bu! Ona görə də bunu liberalların gileyi kimi yozmayın.

Şou deyəsən bitdi…

Hökumətin təxminən iki həftə davam edən “zəhərlənmə şousu” bitdi. Bizim bu hakimiyyət növbəti dəfə özünü biabır etdi. Indi çalışırlar ki, başqa məsələ ilə bunu kompensasiya etsinlər. Biz cəmiyyət üçün açıq isanlarıq, cəmiyyət üçün maraq kəsb edən hər bir məsələ ilə bağlı hesabat verməyə hazırıq. Bu, şəxsi həyatdan başqa bütün sferalara aiddir. Mənə belə gəlir ki, qaranlıq və anlaşılmaz məqamlar bu hakimiyyətin özündə daha çoxdur, nəinki müxalifət düşərgəsində. Bu haqda bunlar heç düşünübmü?

Sentyabrın 3-ü də bayram olacaq?

Mən bu yazını yazanda ayın 3-ü idi. Deyəsən, H.Əliyevin Naxçıvanda Məclis sədri seçilməsi bu günə təsadüf edir. Televiziyada dedilər ki, bu gün tarixə “qızıl hərflərlə” yazılıb! Ilahi, həqiqətən də görməli günlərimiz varmış! Məni bir məsələ maraqlandırır. Görən, naxçıvanlılar bu haqda nə düşünür? Bəli, çox istərdim ki, onların səmimi etirafını eşidim. Mənə belə gəlir ki, bizim çox problemlərimizin başlanğıcı həmin günə təsadüf edir. Indi çox adam o vaxt yanıldığını etiraf edir. Lakin gecikmiş etirafların bu gün mənası varmı? O gün gələcək, bir çox sirlərin üstündən örtük götürüləcək. Və onda hamımız hər şeyi biləcəyik. O gün mütləq gələcək…