Avtobusları kimlər sürməlidir?

Azərbaycanda ictimai nəqliyyat niyə “ölüm maşını”na çevrilib?

Xaricdə hər kəs ictimai nəqliyyatda sürücü işləyə bilməz

Bir neçə gün əvvəl Qaradağ rayonu ərazisində baş verən dəhşətli avtobus qəzasından sonra Azərbaycanda ictimai nəqliyyatı kimlərin idarə etməsi məsələsi yenidən gündəmə gəlib. Çünki bir çox hallarda qəzalara səbəb məhz sürücülərin səriştəsizliyi və bacarıqsızlığıdır. Bəs gündə yüzlərlə insanın həyatına cavabdeh bu şəxslər hansı tələbələrə və şərtlərə cavab verməlidir?
Məlum olur ki, Azərbaycanda avtobus sürücüsü olmaq üçün yalnız sürücülük vəsiqəsi tələb olunur. Hətta bunun üçün təcrübəyə də ehtiyac oxdu. Bu səbəbdən də avtobuslar bəzən təcrübəsiz gənc sürücülərə həvalə olunur. Nəticə isə göz qabağındadır.  
Başqa ölkələrin təcrübəsinə nəzər salanda isə fərqli mənzərə ilə rastlaşmaq olur. Xüsusilə də inkişaf etmiş ölkələrdə ictimai nəqliyyat vasitəsini idarə etmək yalnız peşəkarlara, eyni zamanda fiziki və psixoloji cəhətdən sağlam şəxslərə həvalə edilir. Yeri gəlmişkən, Azərbaycanda sürücülərin sağlamlığında da bəzən problemlər ortaya çıxır. Hətta iş başında sürücünün vəfat etməsi halları da olub.

Almaniyada sürücü olmaq üçün riyaziyyatdan da imtahan verməlisən

Almaniyada avtobus sürücüsü olmaq xoşbəxtliyi hər kəsə nəsib olmur. Yüksək əmək haqqı olan bu işə düzəlmək olduqca çətindir. Çünki bunun üçün bir neçə şərtləri yerinə yetirmək lazımdır. Bu ölkədə ictimai nəqliyatda kişilərlə yanaşı qadınlar da çalışır. Digər ölkələrdən gələnlərin sürücülük vəsiqəsi olsa da, bu, yetərli deyil. Almaniyada avtobus sürücüsü olmaq üçün məhz bu ölkədə yenidən sürcülük kurslarına getməlisən. Bunun üçün isə ilk növbədə orta məktəb səviyyəsində riyaziyyat və digər texniki fənlər üzrə test tapşırıqları yerinə yetirilməlidir. Həmçinin alman dilini də mükəmməl bilmək vacib şərtlərdən biridir. Daha sonra sürücülüyə namizəd ciddi tibbi müayinədən keçməlidir. Əsasən də görmə, eşitmə qabiliyyəti, qanda narkotik izlərinin olub-olmadığı yoxlanılır. Bütün bunlardan sonra 21 aylıq sürücülük kursları və sonda kifayət qədər çətin hesab edilən buraxılış imtahanı verilir. Daha sonra sürücü altı aylıq təcrübə keçməli olur. Bundan da uğurla keçən namizəd işə qəbul olunarkən əlavə imtahan verməli olur. Sonda isə yenidən həkimdən sağlamlıq haqqında arayış təqdim etmək lazım gəlir. Sürücülərlə bir illik müqavilə imzalanır. Bu müddət ərzində qüsura yol verən sürücü ilə müqavilə uzadılmır. Üstəlik, sürücülərdən sərnişinlərə qarşı nəzakətli olmaq da tələblər sırasındadır. Əks halda sərnişinlərin şikayəti əsasında sürücü cəzala bilər.

Sağlamlıq və təcrübə – sürücülər bu şərtlərə cavab verməlidir

Böyük Britaniya və Fransada da ictimai nəqliyyatı idarə etməli olan sürücülər ciddi tibbi yoxlamalı ilə yanaşı sınaqdan da keçir. Məsələn, Böyük Britaniyada ürək-damar xəstəliyi, görmə qabiliyyəti zəif olan, narkotik və alkoqol asılılığından əziyyət çəkənlər, həmçinin psixi xəstəlik keçirən şəxslər nəqliyyat vasitəsi idarə edə bilməz.
Fransada bütün bunlarla yanaşı şəkər və epilepsiyadan əziyyət çəkənlərə də sürücülük vəsiqəsi verilmir. Almaniyada olduğu kimi, burada da xəstəlikləri və əlillik dərəcəsi olanlara ictimai nəqliyyat etibar edilmir.
ABŞ-da və Yaponiyada da ictimai nəqliyyat sağlam və təcrübəli sürücülərə həvalə edilir. Üstəlik, sərnişinlərin həyatını təhlükəyə ata biləcək qayda pozuntusuna yol verən sürücülər ən azı bir illik sürücülük vəsiqəsindən məhrum edilir. Vəsiqəni geri qaytarmaq üçün isə yenidən uzun prosedurlardan keçmək lazım gəlir. Bu səbəbdən də Azərbaycandan fərqli olaraq bu ölkələrdə ictimai nəqliyyat təhlükəsiz hesab edilir. Azərbaycanda isə artıq avtobusa minəndə ordan sağ düşəcəyinə zəmanət yoxdur. Çünki burda avtobus sürücüləri bir-biri ilə yaraşıb nəqliyyat vasitəsini aşıra da bilər, sərnişinlə dolu avtobusu qatarın qabağına verib özü qaça da bilər.

Fizzə