Asiyada ada gərginliyi

Məsələyə ABŞ da qarışdı

Asiyada mübahisəli adalar ətrafında gərginlik artır. Amerika Birləşmişmiş Ştatları Çini ərazi mübahisələrini tənzimləməyə çağırıb. Çində rəsmi səfərdə olan ABŞ-ın dövlət katibi Hillari Klinton Çini Cənubi-Çin dənizində yerləşən adalarla bağlı mübahisəni bu adalara iddialı olan qonşu ölkələrlə yoluna qoymağı məsləhət görüb.

Səfərdən əvvəl isə Çin rəhbərliyi ABŞ-ı bu mübahisəyə qarışmamağa çağırmışdı. Qeyd edək ki, Çin Cənubi-Çin dənizi regionunda yerləşən adaların, demək olar ki, hamısına iddia edir. Bu adalara Tayvan, Filippin,Vyetnam, Malayziya və Brüney də iddialıdır.

Bu arada, Yaponiya Şərqi-Çin dənizində yerləşən və Çinlə mübahisə mövzusu olan adaları almaq planını həyata keçirir. Yaponiyada “Senkaku”, Çində isə “Diauytay” adlandırılan adalar qrupu yaponiyalı Kurixara sahibkar ailəsinin ixtiyarındadır. Yaponiya kütləvi-informasiya vasitələri hökumətin bu adaların alınması şərtlərini artıq razılaşdırdığını xəbər verir. Qaz yataqları yaxınlığında yerləşən və məskunlaşma olmayan 3 adanın alınmasının Yaponiyaya 26 milyon dollara başa gələcəyi bildirilir. Bu addımın isə Çinin sərt reaksiyasına səbəb olacağı gözlənilir.