hesen kerimov1

2013-də bu hakimiyyətlə vidalaşa bilərik

hesen kerimov1“İctimai Palatanın məqsədi narazı eloktoratın birliyinə nail olub, xalq hərəkatı yaratmaqdır”

Hazırda demokratik düşərgənin əsas güc mərkəzi olan Ictimai Palata 2013-cü il seçkiləri yaxınlaşdıqca hakimiyyətin əks kampaniyası ilə üzləşməkdədir. Iqtidarın nəzarətində olan mətbu orqanları təşkilatda ciddi fikir ayrılığı olduğunu iddia edir. Hakimiyyətin istinad etdiyi əsas arqument isə  təşkilatın namizədini müəyyənləşdirməkdə ciddi fikir ayrılığı yaşaması ilə bağlıdır. Mövzu ilə bağlı suallarımızı AXCP Ali Məclisinin sədri Həsən Kərimova ünvanladıq. H.Kərimov öncə IP-in guya dağıldığı barədə ittihamlara cavab verdi:

– Hakimiyyət uzun müddətdir ki, bütün potensialını Ictimai Palatanın dağıdılmasına və bu təşkilata qarşı əks-təbliğat aparılmasına yönəldiblər. Hakimiyyət narahat olmasın. Ictimai Palatada heç bir narazılıq yoxdur. Ictimai Palata fəaliyyətini çox uğurla davam etdirir. Ötən müddət ərzində təşkilat bir sıra uğurlu layihələrə imza atıb. Azərbaycanda təhsildə, orduda olan neqativ halları müzakirəyə çıxarıb, korrupsiya faktlarına aydınlıq gətirib. Aparılan müzakirələr kifayət qədər böyük əks-səda doğurub. Bütün bunlar təbii ki, bu hakimiyyəti qıcıqlandırıb. Ona görə bu gün bütün fəaliyyətlərini Ictimai Palataya qarşı yönəldirlər. Ictimai Palatanın Koordinasiya Şurasının belə bir qərarı var ki, hakimiyyətin əks təbliğatının əsas arqumenti olan vahid namizəd məsələsi gündəmdən çıxır. Və bu günləri Ictimai Palatanın əsas diqqəti, fəaliyyəti seçki mühitinin demokratikləşdirilməsi, Seçki Məcəlləsinin dəyişdirilməsi,  müxalifətin birliyinə nail olaraq ölkədə ümumxalq hərəkatının meydana çıxmasına şərait yaratmaqdır. Ictimai Palata bütün fəaliyyətini bu istiqamətdə yönəldib. Ictimai Palatanın liderlərinin açıqlamaları da göstərir ki, onlar üçün ən önəmli seçkiöncəsi demokratik mühitin yaradılmasıdır. Bunu həm AXCP sədri Əli Kərimli, həm də Müsavat başqanı Isa Qəmbər mətbuata açıqlamalarında deyiblər. Vahid namizəd məsələsi isə seçkiyə az qalmış gündəmə gələ bilər. Ictimai Palata fəaliyyətini daha da genişləndirərək 2013-cü il seçkilərinə vahid, monolit, müxalifətin birliyini özündə əks etdirən qüvvə kimi gedəcəkdir.

Hakimiyyətin “təbliğatı” Əli Kərimlinin nüfuzunu artırdı

– 2013-cü il seçkisi öncəsi Ictimai Palata hansı addımları atmağı, hansı layihələr reallaşdırmağı düşünür?
– Öncə Ictimai Palata Seçki Məcəlləsinə əlavə və dəyişiklər etməyi düşünür. Bu məqsədlə təşkilatda işçi qrupu yaradılıb. Işçi Qrupu Seçki Məcəlləsinə hansı dəyişikliklərin edilməsinin zəruri olduğunu tamamlayandan sonra hakimiyyətə təqdim edəcək. Eyni zamanda ölkədə normal siyasi mühitin yaradılması, sərbəst toplaşmaq azadlığının təmin edilməsi, seçki təbliğatının aparılması üçün normal təbliğat mühitinin yaradılması əsas tələblərimizdəndir.

– Hakimiyyət Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı iddianı ortaya atmaqla əslində artıq bir müddətdir ki, siyasi gündəmi dəyişib. Əgər bir müddət əvvəl əsas diqqəti hakimiyyətin ölkədən 48 milyard dollar vəsaiti offşor zonlara çıxarması və digər korrupsiya layihələri cəlb edirdirsə, indi gündəm tam başqadır…
– Hakimiyyət ümid edirdi ki, Əli Kərimliyə çirkab atmaqla onu Əbülfəz Elçibəyin ölümündə suçlamaqla nəyəsə nail ola biləcək. Hakimiyyət gözləmirdi ki, bu məsələdə ziyalılar, hüquqşünaslar, Əli Kərimliyə opponent olan şəxslər belə birmənalı şəkildə AXCP sədrini dəstəkləyəcəklər. Nəticədə hakimiyyətin bu planı baş tutmadı. Hakimiyyət o qədər çirkaba batıb ki, siyasi rəqiblərinə qarşı bu cür çirkin kampaniya aparır. Hakimiyyətin Əbülfəz Elçibəyin başına hansı oyunları açdığı, iqtidarı necə devirdiyi hamıya məlumdur. Hakimiyyət hazırda Əbülfəz Elçibəyin adından istifadə edərək Əli Kərimliyə qarşı təbliğatda elə adamlardan istifadə edər ki, iqtidarın məqsədi açıq görünür. Bu, ötəri bir kampaniyadır. Hakimiyyət addımları ilə istəyinə çatmayıb. Hakimiyyət özü də gözəl bilir ki, siyasi baxımdan iflasa uğrayıb. Bu, perspektivi olmayan, xalqdan təpki alan addım idi. Açıq görünür ki, hakimiyyət kimdən çəkinir. Bu, Azərbaycan cəmiyyətinə Əli Kərimlinin hansı nüfuza sahib olmasının göstəricisidir.

Hakimiyyətin siyasəti onu iflasa aparır

– Amma hakimiyyət Əli Kərimliyə qarşı bu təbliğatdan əl çəkmir. Hətta kampaniya yeni adların çəkilməsi ilə davam etdirilir…
– Əli bəy başda olmaqla Gözəl Bayramlının, Qənimət Zahidin adının çəkilməsi absurddur. Əbülfəz Elçibəyin vəfatı haqqında Türkiyənin ən məhşur klinikalarının sənədləri var. Bu bir söz oyunudur. Əslində bu təbliğatla hakimiyyət özünü nüfuzdan, hörmətdən salır. Hakimiyyət bütün fəaliyyətində şəffaf olan müxalifətə qarşı mübarizədə başqa vasitələr tapa bilmir. Əli Kərimli hakimiyyətin üzərinə birmənalı yürüyən siyasətçidir. Əli Kərimli hakimiyyətin korrupsiya əməllərini birbaşa açıqlayan, onları ifşa edən siyasətçidir. Həm Gözəl Bayramlı, həm Qənimət Zahid Əbülfəz Elçibəy məktəbini keçmiş adamlardır. Hakimiyyət bu təbliğatının nəticəsi olaraq sarsıdıcı zərbə aldı.

– KXCP-dən AXCP ilə birləşmək təklif səslənib. Təklifin müəllifi KXCP-nin sıdr müavini Qaya Əliyevdir. Bu təşəbbüsü necə qiymətləndirirsiniz?
– Qaya bəyin təklifinə böyük hörmətlə yanaşıram. Biz KXCP-də olan sağlam qüvvələrlə əməkdaşlığa hazırıq. Birləşmək zaman-zaman ortaya atılıb. Amma KXCP rəhbərliyi bu təkliflərə müsbət yanaşmayıb. AXCP bu rejimin dəyişməsini istəyən KXCP üzvləri ilə hər zaman əməkdaşlığa hazırdır.

– Ümumiyyətlə, 2013-cü il ərəfəsində ölkədə narazılıq pik həddindədir. Insan haqlarının, mülkiyyət hüququnun pozulması, sahibkarlara divan tutulması adi hala çevrilib. Belə vəziyyətdə qarşıdan gələn seçki ili ölkəyə nə vəd edir?
– Azərbaycan cəmiyyəti artıq 2003, 2005, 2010-cu ildəki ab-havada deyil. Cəmiyyət artıq aparılan siyasətdən cana doyub. Ictimai Palatanın məqsədi narazı eloktoratın birliyinə nail olub, xalq hərəkatı yaratmaqdır. Əminəm ki, seçki mühitinin demokratikləşməsinə nail olsaq, 2013-cü ildə bu hakimiyyətlə vidalaşa biləcəyik.

Xəyal