Ukrayna prezidentinin səhvi etiraza səbəb oldu
Ukraynada keçirilən Ümumdünya Qəzet Konfransında, bir qrup jurnalist prezident Viktor Yanukoviçin açılış nitqinə etiraz ediblər. Auditoriyada əyləşmiş ona yaxın jurnalist qəfildən ayağa qalxaraq, Ukrayna mediasındakı senzuraya qarşı etirazlarını bildiriblər. Etirazçılar hökümətin söz azadlığını boğmasına dair plakatlar nümayiş etdirib. Plakatlardan birində ingilis və ukrayna dillərində “9 kanaldan 8-i dövlətin nəzarətindədir” yazısı yer alıb.
Yanukoviç jurnalistlərin bu hərəkətinə əhəmiyyət verməsə də, təhlükəsizlik xidmətinin əməkdaşları çevik hərəkət edərək, plakatları qızların əlindən alıb. Yerli mətbuatın verdiyi məlumata görə, etirazçı jurnalistlərin sonradan saxlanılmayıb. Ən maraqlısı o olub ki, jurnalistlərin etirazı zamanı Yanukoviç çıxışında demokratik prinsiplərə və media azadlıqlarına dəstək olmağa söz verib. Nitqinə davam edən Ukrayna prezidenti jurnalistləri etika qaydalarına əməl etməyə və obyektivlik prinsiplərini qorumağa çağırıb. Bununla belə onun nitqində səhvən jurnalistləri “qərəzsiz” deyil “qərəzli” olmağa çağırması, Yanukoviç tənqidçiləri arasında yeni müzakirə obyektinə çevrilib.
Siyasi şərhçilər prezidentin bu səhvinin, onun azadlıq və demokratiya haqqında fikirlərinin qeyri-səmimi olduğundan xəbər verdiyini iddia edir. Ukraynada mətbuat azadlığının cari vəziyyəti bir çox təşkilatları o cümlədən “Sərhədsiz reportyorlar” təşkilatının mənfi hesabatlarında yer alıb. Beynəlxalq jurnalistlərin hüquqlarını qoruyan təşkilat təkcə iyul ayında difamasiya o cümlədən, şər-böhtanla əlaqədar və hər hansı bir şəxsin nüfuzuna xələl gətirən məlumatlara yüksək cərimələri nəzərdə tutan qanun layihəsinə qarşı çıxıb və Ukrayna parlamenti üzvlərini qanunu qəbul etməməyə çağırıb.