Ötən il Tələbə Qəbulu üzrə Dövlət Komissiyası təhsil haqlarında məxsusi bir artımla Azərbaycanı bu sahədə “favorit” ölkəyə çevirdi: indi ortalama 2700 manat ödəmə ilə həyat səviyyəsi və adambaşına düşən gəlirlə müqayisədə, dünyada ən yüksək təhsil haqqı olan ölkəsiyik.
Avropanın bir çox ölkələrində ali məktəblərə qəbul qaydalarının sadələşməsi və təhsil haqlarının minimuma endirilməsi, hətta Türkiyənin timsalında, tələbələrin pulsuz təhsillə təmin edilməsi qarşılığında Azərbaycandakı qiymət artımlarının mahiyyətini anlamaq çətin deyil: bu xarabada ali təhsil hüququ bütün vasitələrlə vətəndaşların əlindən alınır!
Kim alır bu hüququ insanlardan? TQDK, yoxsa Nazirlər Kabineti?
TQDK təhsil haqlarını Nazirlər Kabinetinin qaldırdığını, NK isə universitet rəhbərlərinin müraciətlərini əsas gətirir. Rektorlar da birmənalı olaraq bəyan edirlər: “Biz heç bir müraciət etməmişik, qərar Nazirlər Kabinetindən gəlib”.
Nə əbləh ölkədə yaşayırıq, Ilahi! Təhsil haqlarını ceyran belinə qaldırandan sonra bunun məsuliyyətini bir-birinə ötürməklə məşğuldular. Budurmu Azərbaycanın dinamik inkişafı? Ərdoğan təhsil ödəmələrindən bütün tələbələri azad etdiyi halda, Ilham Əliyev artırmağa üstünlük verir…
Bu il ali məktəblərə 31 min əvəzinə, təxminən, 29 min tələbə qəbul olunub. “Dövlət sifarişinin”, yəni pulsuz təhsil alanların 11 min olduğunu nəzərə alsaq, yerdə cəmi 18 min “pullu təhsil alan” qalır. Hər tələbə orta hesabla 2700 manat ödəyirsə, 18 min tələbənin pulsuz təhsili üçün Azərbaycan hakimiyyətinin ildə 48 milyondan keçməsi kifayətdir. Ilham Əliyev hər qəbulda 18 min, üst-üstə 72 min (lap olsun, 80 min) bakalavrı pulsuz təhsillə təmin edə bilməzmi?
Azərbaycanda yolun bir kilometri 18-24 milyon manata çəkilir: “beynəlxalq standartlara uyğun” həmin yollar isə ildə 4 dəfə dağıdılıb, təzədən qurulur. Yenicə çəkilən yolun cəmi 2 kilometri ildə 4 dəfə yox, 3 dəfə qazılsa, Azərbaycan tələbələrinin hamısı dövlət hesabına təhsil almaq imkanı əldə edər. Bəs, Ilham Əliyev niyə “ehtiyat fondundan” eyni yolun “qazılıb-çəkilməsinə” bir ildə 4 dəfə sərəncam verir, amma Azərbaycan vətəndaşlarını təhsil haqqından azad etmir? Necə olur ki, Ərdoğan 1 milyon 524 min tələbənin təhsil haqqını hökumət olaraq üzərinə çəkə bilir, ancaq Ilham Əliyev 80 min tələbənin ali təhsil haqqını tanımır?
Hələ utanmaz-utanmaz təhsil tarifindən xaricə qaçan abituriyentlərin diplomlarının tanınmasında “məsuliyyət daşımayacaqlarını” bildirməklə, tam bir monopoliya yaratmağa girişiblər. Guya Ukraynanın “bəzi ali məktəblərində təhsil almaq” qanunsuzmuş. Niyə? Ukrayna ilə Azərbaycan arasında qarşılıqlı surətdə diplomların tanınması barədə müqavilə imzalanıbsa və insanlar daha az ödəniş və daha yaxşı təhsil üçün bu ölkəyə üz tuturlarsa, niyə Ukraynada təhsil almaq “qanunsuzmuş”?
Azərbaycan vətəndaşlarına ancaq “pul dağarcığı” kimi baxmalarının məntiqi nəticəsidir bu! Şahidi olduğum olaya baxın: Cəmi 3 il əvvəl Tibb Universitetini bitirən bir tələbədən ordinaturada oxuması və ginekoloq ixtisasına yiyələnməsi üçün 25 min manat rüşvət istədilər. Rüşvəti verə bilməyən tələbə isə illik 4600 dollar ödənişlə Seçenev adına Rusiya Tibb Akademiyasında (daha yüksək təhsil müəssisəsində) 2 illik təhsilini başa vurub qayıtdı. Indi Səhiyyə Nazirliyi onun ordinatura təhsilini təsdiqləmək üçün 20 min manat rüşvət istəyir. Və elə-belə, açıq-aşkar da deyirlər: “Elə bilirdin Moskvada təhsil almaqla pula qənaət edəcəksən? Bax, daha çox ziyana düşdün!”
Belə tərbiyəsiz təhsil toru, rüşvət sistemi qurulub ölkədə.
Bu ölkədə nəinki ali təhsil, heç orta ümumtəhsil haqqımız da tanınmır. Guya orta məktəblər pulsuzdur! Repititorları, təhsil müddətindəki rüşvəti bir kənara qoyuram. Ikinci sinif şagirdlərindən “günorta növbəsinə düşməməsi, səhər növbəsində təhsilini davam etdirməsi üçün” pul yığan məktəb direktorlarından nə gözləmək olar?
Adamı dəhşətə gətirən isə bu rüşvətxorluğun qarşısında Bakı şəhər Təhsil Idarəsinin “qanunsuzluqlar barədə məlumat verin” deməsidir. Ötən il “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın (Nəqliyyat naziri Ziya Məmmədovun bacısı) birinci sinfə qəbul qarşılığında 1000 manat rüşvət yığması barədə 6 yazı yazmışam, Təhsil Nazirliyinin “qaynar xəttinə” isə 3 dəfə müraciət etmişəm. Amma heç bir cavab yoxdur.
Bunun adı bilirsizmi nədir? Vətəndaşların təhsilini yeyib, utanmazcasına üzə keçmək!

Təhsil haqqımızı yeyən yaramazlar
•