Abituriyentlər pulsuzluqdan təhsil ala bilmədi

Etibar Əliyev: “Azərbaycanda təhsil haqqı təhsilin keyfiyyətinə uyğun gəlmir”

Bu il ali məktəblərin ödənişli ixtisaslarına qəbul olunan abituriyentlərin 4%-i qeydiyyatdan keçməyib. Bununla da onlar tələbə adını qazanmaq hüququnu itirib. Abituriyentlərin bu addım atmasına səbəb təbii ki, maddi sıxıntılardı. Son illər ali məktəblərdə təhsil haqlarının yüksəldilməsi hər il yüzlərlə abituriyenti qəbul olunduğu ixtisasdan imtina etməyə məcbur edir.
Qəzetimizin ötən saylarının birində də bu mövzuya toxunaraq Azərbaycanda təhsil haqlarının dünyanın əksər ölkələrindən fərqli olaraq çox yüksək olduğunu göstərdik. Bunun da acın nəticələrini özünü göstərməkdədir. Qeyd edək ki, ödənişli əsaslarla təhsilin mövcüd olduğu ölkələrdə tələbələr üçün müəyyən güzəştlər edilir. Hətta tələbələrin təhsil haqqını ali məktəbi bitirib işlə təmin ediləndən onra ödəməsinə də imkan verilir. Azərbaycanda isə nəinki belə imkan yaradılır, əksinə, ildən-ilə təhsil haqqını artırmaqla yüzlərlə gəncin ali təhsil almaq hüququ əlindən alınır. Bəs bu problemi necə həll etmək olar?
Təhsil eksperti Etibar Əliyev Azərbaycanda təhsil haqqının nə əhalinin orta yaşayış səviyyəsinə, nə də təhsilin keyfiyyətinə uyğun gəldiyini deyir. Indiki vəziyyətdə ölkədə istər dövlət, istərsə də qeyri-dövlət ali məktəblərində təhsil haqqı maksimum 500-1000 manat olmalıdır. Bunun da izahı ondan ibarətdir ki, ali məktəblər akkreditasiyadan keçməyib, təhsilin keyfiyyətində əsaslı dəyişiklik hiss olunmur, tələbələr üçün heç bir şərait yaradılmayıb: “Gələcəkdə ali məktəblərin kampusu olacaqsa, dünyanın inkişaf etmiş universitetlərindən professor-müəllim heyəti dəvət edəcəklərsə, bizim diplomlar xarici ölkələrdə tanınacaqsa, bu halda təhsil haqlarında müəyyən əlavələr etmək olar. Ancaq Azərbaycanda təhsilin keyfiyyəti ildən-ilə aşağı düşsə də, təhsil haqqı artırılır”.
Ekspert təhsil haqlarının ödənilməsi üçün güzəştlərin olmamasını da mənfi hal kimi qiymətləndirdi: “Tələbələrə aşağı faizlərlə tələbə kreditləri verilmir ki, onlar təhsil haqqını ödəsin. Nə də abituriyentə heç olmasa təhsil haqqının 20-25 faizini ödəməklə ali məktəbdə qeydiyyatdan keçmək imkanları verilir. Tələbə olmaq üçün birinci il təhsil haqqının 100 faizini ödəməyə məcbur olurlar. Buna isə bir çox valideynlərin gücü çatmır. Dünyanın heç bir yerində belə təhsil siyasəti aparılmır. Əgər bütün dünyada maddiyyatdan çox biliklərə üstünlük verilsə, Azərbaycanda əksinədir. Bizdə əsas rolu maddiyyat oynayır. Keyfiyyətli təhsil məsələsi isə ən son yerdədir”.  

Fizzə