KXCP-də AXCP ilə birləşmək təklifi

Qaya Əliyev: “Bu birləşmə, vahid bir partiyada fəaliyyət göstərmə ciddi rezonansa gətirib çıxara bilər”

Ədalət Yusibov: “Mən də istərəm ki, Rəsulzadə Elçibəy yolunda olan bütün insanların birliyinə şahid olam”

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Qaya Əliyev KXCP və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) birləşməsi barədə təklif irəli sürüb. Bu barədə qəzetimizə açıqlamasında Q.Əliyev təklifinin hazırda nəyə görə zəruri olduğuna aydınlıq gətirib.

Demokratik müxalifətin 20 ildir ki, mövcud avtoritar rejimə qarşı mübarizə apardığını deyən Q.Əliyev vurğulayıb ki, bu mübarizədə müxtəlif üsul və vasitələrdən, metodlardan, eləcə də birləşmə, konsolidasiya, təmərküzləşmə modellərindən istifadə edib: “Bu baxımdan qeyri-adi, cəmiyyət üçün gözlənilməz, ekstraordinar qərarlar qəbul edilməli və gözləniilməz biriklər yaradılmalıdır. Məhz, bu formada cəmiyyəti aktivləşdirmək, passionarlığı artırmaq, vəziyyəti ölü nöqtədən çıxarmaq olar. Norman Vinsent Pilin gözəl bir sözü var: ”Mövcud şəraiti dəyişmək üçün, əvvəlcə fərqli düşünməyə başlayın”. Bu baxımdan ilk addım kimi KXCP funksioneri olaraq AXCP və KXCP-nin birləşməsini təklif etdim”.
Q.Əliyevin fikrincə, kütləvi xalq hərəkatının baş verməsi üçün ilk növbədə cəmiyyətdə müəyyən həyəcan yaradan, onun diqqətini demokratik düşərgəyə cəlb edən qeyri-adi addımlar atılmalıdır. Bu baxımdan bu birləşmə, vahid bir partiyada fəaliyyət göstərmə ciddi rezonansa gətirib çıxara bilər”.
Q.Əliyevin sözlərinə görə, partiyadaşları arasında səsləndirilən bu təklifə neqativ yanaşanlar, demək olar, yox dərəcəsindədir, sadəcə olaraq bu təklifə pessimist yanaşanlar var. Təklifi hələlik mətbuatda səsləndirdiyini deyən Q.Əliyev vurğuladı ki, məsələni rəsmi müstəvidə səsləndirməkdən söhbət gedirsə, sözsüz ki, partiyanın idarə heyətinin növbəti yığıncaqlarında, tədbirlərində bu təklif gündəliyə salınacaq.

Ictimai Palatanın Korrdinasiya Şurasının üzvü, KXCP sədinin müavini Ədalət Yusibov hesab edir ki, bu təklif üçün uyğun vaxt seçilməyib. Hazırda Azərbaycan siyasətində ciddi proseslərin cərəyan etdiyini deyən Ə.Yusibov vurğuladı ki, indi gündəliyin əsas mövzusu ümümilikdə demokratik qüvvələrin daha sıx birləşməsidir. Ona görə bu fikirdən yayınma müxalifət üçün əlavə problemlər ortaya çıxara bilər: “Əlbəttə, mən də istərəm ki, Rəsulzadə Elçibəy yolunda olan bütün insanların birliyinə şahid olam. Bu insanların indiki rejimə bir məğlubiyyət borcu var. Onlar bizim milli  hakimiyyətimizi deviriblər. Qiyam yolu ilə hakimiyyəti mənimsəmiş şəxslərin iqtidardan uzaqlaşdırılması xalqı ruhlandıra bilər. Ona görə bu gün üçün ən optimal variant vahid formatda birləşməkdən gedir. Eyni kursda olan bütün təşkilatların bir araya gəlməsi gələcək inkişafın dərinləşdirilməsinə və vahid təşkilatın yaradılmasına zəmin yarada bilər”.

Xəyal