Debilizasiyanın təntənəsi

Əvvəla hamınızı Milli Kabab Mükafatının (təşkilatçılar bunun “Milli Kitab Mükafatı” olduğunu iddia edirlər, boş şeydi, ona qalsa, mən də özümü kosmonavt elan edirəm, hə, nə olsun?) yenidən başlaması münasibəti ilə, türkün sözü, qutlayıram. Bu mükafat yarananda xeyli yazıçı-mazıçı ora kabab iyinə getmişdi, amma oradakıların nə dağladıqları sonra məlum oldu.
Hər şey qaldığı yerdən davam edir: Milli Kabab Mükafatının təzə münsiflər heyətində Qənirə Paşayevanın adı var. “Olmasın” demirəm, “kaş olmayaydı” da demirəm, çünki əslində Qənirə xanım münsiflər heyətində olmasa, doğru olmazdı. Bu gün Azərbaycan ədəbiyyatına ən düzgün, ən obyektiv qiyməti şəxsən mən ilk növbədə məhz Qənirə xanımdan gözləyirəm. Nə də olmasa, hazırda ölkədə sözün vəziyyəti Somalidəkindən heç də yaxşı deyil.
Inanmırsınız? Elə isə buyurun: dünən saytlarda yaptokrat xanım Bahar Muradovanın Ramil Səfərovun Azərbaycana gətirilməsi ilə bağlı yazdığı “şeir” yayıldı. Istənilən somalili bu şeiri oxuyandan sonra öz halına şükr edə bilər.
Mənimsə bu “şeir”i oxuyandan sonra rejimə bütün qəzəbim soyudu. Oturub düşünməyə başladım: görün, biz kimlərdən umub-küsürük, kimləri asıb-kəsirik. Axı təfəkkürü, dşüncəsi belə cızmaqaralara yetən adamlardan Azərbaycan adına faydalı, xeyirli nə gözləmək olar?
Axı bu zehniyyətdə, qabiliyyətdə, zövqdə adamlardan ibarət bir rejim Azərbaycanı debilizasiyaya təslim etməyib, ölkəni bataqlığa çəkməyib, qaranlığa gömməyb də başqa nə edə bilərdi? Belə adamlardan qurulu, belə adamlardan ibarət bir rejimin əlindən başqa nə gələ bilərdi?
***
Bəli, yaşadığımız hər gün Azərbaycanda debilizasiyanın nə qədər çiçəkləndiyini, dərin kök atdığını göstərir. Məlum oldu ki, problem çox dərindir, vəziyyət dostumuz Elmir Mirzoyevin dediyi kimi, düşündüyümüzdən də ağırdır, məlum oldu ki, hətta vətəndaş mövqeyi olan insanlar belə, müəyyən situasiyalarda məntiq, düşüncə, reallıq hissini itirə, kütləyə təslim ola, komplekslərin girovuna çevrilə bilir.
Məlum oldu ki, elə bir an yetişir, həqiqətən də bu ölkədə demokratiyanın, hüququn, bəşəriliyin gerçək tərəfdarlarının əslində təklənmək qorxusu yaranır, illərdir sənin sivil, modern, mədəni Azərbaycan uğruna çarpışdığını düşündüyün adamlar da məsələn, vətənşivənliyə əsir düşürlər, qaraqışqırıçılığa yenilir, geniş, aydın düşünmək qabiliyyətlərini itirirlər.
Son günlər yaşananlar göstərdi ki, kitabsızlıq, təhsilsizlik, bilgisizlik, mədəniyyətsizlik Azərbaycanda necə dərinə işləyib, durum nə qədər acınacaqlıdır. O qədər acınacaqlıdır ki, hətta bu ölkəyə bəşəri idealların, çağdaş dəyərlərin gətirilməsində güvəndiyimiz insanlar belə, asanlıqla milliliyin, populizmin, mentallığın tərəfinə keçirlər, kütlə eyforiyasına, ehtiraslarına məğlub olurlar.
Mən Əliyevçi rejimi təbrik edirəm – o, Azərbaycanda debilizasiyanın təntənəsinə həqiqətən nail olub.
O, Ermənistanı inkişafdan, müasirlikdən, yüksəlişdən saxlayan bütün hiss və həyəcanları Azərbaycan toplumunun da iliyinədək işlədə bilib.
***
Bizsə başqa bir Azərbaycan, başqa bir Azərbaycan toplumu arzulayırdıq.
Azərbaycanda o dəyərlərin qələbəsini arzulayırdıq ki, bu ölkəyə bəşəriyyətin rəğbətini, sevgisini qazandırsın. Onu tərəqqipərvər, insansevər, hüquqa, ədalətə sayğılı dünyanın bir parçasına çevirsin.
Azərbaycanın düşmənlərinə bundan ağır, bundan dəhşətli zərbə ola bilməzdi. Onları arqumentsiz və haqsız durumda qoymaq üçün bundan gözəl yol ola bilməzdi. Azərbaycanı hər müstəvidə haqlı göstərmək üçün bundan yaxşısı yox idi.
Azərbaycanı güclü göstərmək üçün də başqa yol yox idi.
Olmadı.
Vətənşivənlər növbəti dəfə vətəni məğlub etməyi bacardılar.
Yazıqlar olsun! Başqa nə deyim?