Bakının Sabunçu rayonu ərazisində peşəkar boksçulardan ibarət cinayətkar dəstə ələ keçib. Rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, onlar arasında boks üzrə Avropa çempionu var. Dəstə üzvləri yanacaqdoldurma məntəqəsinin əməkdaşını qarət edərək külli miqdarda pulu ələ keçirməkdə şübhəli bilinirlər.
Bir neçə gün əvvəl Zabrat qəsəbəsi ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birinin əməkdaşı Qəhrəman Orucov kassadakı pulları banka apararkən yolda dörd nəfər ona yaxınlaşaraq özlərini narkotiklərlə mübarizə şöbəsinin əməkdaşları kimi təqdim ediblər və onlarla polisə kimi getməyi tələb ediblər. Onlar taksiyə minərək metronun “Koroğlu” stansiyasının yaxınlığına sürdürüblər. Orada maşından düşərək Q.Orucovu sakit bir yerə aparıblar. İnsanların olmadığından istifadə edən Babək Həsənov Q.Orucova sarsıdıcı zərbə endirib. Huşunu itirərək yerə yıxılan zərərçəkmişin üzərində olan 35 min manat pulu götürərək aradan çıxıblar.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdiyi tədbir nəticəsində cinayətdə şübhəli bilinən Zöhrab Quliyev, Xəyyam Quliyev, Röyal Məmmdov və Babək Həsənov həbs ediliblər.
Sabunçu Rayon Polis İdarəsindən əldə etdiyimiz məlumata görə, Z.Quliyev əvvəllər Q.Orucovun işlədiyi yanacaqdoldurma məntəqəsində çalışıb və oradan hər gün pulların banka aparılmasından xəbərdar olub. Peşəkar boksçular olan şəxslərdən B.Həsənov titullu idmaçıdır. O istintaqa ifadəsində boks üzrə Avropa çempionu olduğunu deyib.
Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq (181-ci) maddəsi ilə cinayət işi başlanb.