Bakı Vaqon Deposunda görünməmiş özbaşınalıq

Nəsimi Rayon Məhkəməsi qanunu yox, özbaşınalığı müdafiə etdi

Bakı Vaqon Deposunun iki əməkdaşı – Cavanşir Qafarov və Qəzənfər Qasımov pozulmuş əmək hüquqlarının bərpası üçün sona qədər mübarizə aparmaq niyyətindədir. Hər iki şəxs bu yaxınlarda çalışdıqları müəssisədən qanunsuz olaraq uzaqlaşdırılıb.
Buna səbəb onların rəhbərliyin əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozmasına etiraz etmələri olub. C.Qafarov Bakı Vaqon Deposunda 20 ildən artıqdır, Q.Qasımov isə 32 ildir vaqon bələdçisi kimi işləyir. Bu ilin iyul ayından adıçəkilən şəxslər Depo rəhbərliyinin qanunsuz əməllərinə qarşı çıxmağa başlayıblar. Onlar müəssisədə bir çox hallarda əmək müqavilələrinin bağlanılmadığını, bağlanıldıqda isə qanunvericiliyin şərtlərinə əməkl edilmədiyini, həmçinin sənədin nüsxələrinin işçilərə təqdim olunmadığını bildiriblər. Bundan başqa, hər iki şəxs müdriyyətə əmək haqlarının olduqca az olmasından şikayət ediblər. Depo əməkdaşları deyir ki, müəssisədə maaşlar minimum əmək haqqından da azdır. Daha dəqiq desək, 40-70 manat arasında dəyişir. Bu azmış kimi, çox vaxt bələdçilər vaqonları öz hesablarına təmir etdirirlər. Işçilərə texniki xidmətlərə görə də pul ödənmir.
Bakı Vaqon Deposunda baş verən bu özbaşınalıqlara müəssisəsinin 50-dən çox vaqon bələdçisi etiraz edib. Sadəcə olaraq Cavanşir Qafarov və Qəzənfər Qasımov bu məsələdə daha çox fəallıq ediblər. Ilkin mərhələdə müdriyyət onlara xəbərlarıq edərək fəallığı dayandırmağı və məsələni ictimailəşdirməməyi tapşırıb. Xəbərdarlığın işə yaramadığını görəndə isə hər ikisini işdən çıxarıb. Özü də bu özbaşınalığı qurumun nəzdindəki Həmkarlar Ittifaqı ilə birgə həyata keçirib.
Vəkil Fəxrəddin Mehtiyevin sözlərinə görə, hər iki Depo əməkdaşının işə bərpası və barələrindəki qanunsuz əmrin ləğvi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət ediblər.
Lakin məhkəmə hər iki iddianı əsassız hesab edərək təmin etməyib: “Məhkəmə hüququ pozulmuş işçilərin yox, müdriyyətin mövqeyini müdafiə etdi. Cavanşir Qafarovun işinə Etibar Hümbətov və Qəzənfər Qasımovun işinə Şahin Abdullayev baxırdı”.
Vəkil hər iki qərardan apellyasiya şikayəti veriləcəyini və lazım gələrsə, bütün yerli instansiyaları keçib Avropa Məhkəməsinə müraciət edəcəklərini bildirib.