Azərbaycan QHT-si ABŞ universiteti ilə saziş bağladı

Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası  və Cons Hopkins (Johns Hopkins) Universiteti  Blumberq İctimai Səhiyyə Məktəbi Kommunikasiya Proqramları Mərkəzi arasında əməkdaşlıq haqqında ikitərəfli Memorandum imzalanmışdır.
Assosiasiyanın İdarə Heyətinin sədri Nurlan Əliyevin sözlərinə görə, Memorandumun imzalanması iki təşkilat arasında uzun müddətdən bəri davam edən əməkdaşlığın nəticəsidir: “2008-ci ildə Assosiasiya yaradıldığı gündən başlayaraq Cons Hopkins Universiteti Kommunikasiya Proqramları Mərkəzi ilə sıx əməkdaşlığa başlanılmışdır”.
2009-cu ildə dövlət təşkilatları,  QHT-lərin  nümayəndələri üçün “Səhiyyə Kommunikasiyanın əsasları” mövzusunda Kommunikasiya Proqramları Mərkəzi  tərəfindən Bakıda keçirilən təlim kursları Assosiasiya  tərəfindən dəstəklənmişdir. Qeyd edək ki, Cons Hopkins Universiteti Kommunikasiya Proqramları Mərkəzi sağlam həyat tərzinin təbliği və əhalinin sağlamlığının qorunması üçün maarifləndirilmə sahələri üzrə nəzəri əsasların tədqiqatı və hazırlanmasında dünya üzrə lider kimi qəbul edilir. Təşkilat tərəfindən  hər il keçirilən “Strateji Səhiyyə Kommunikasiyası üzrə Liderlik” kurslarında ənənəvi olaraq dünyanın demək olar ki,  dünyanın bütün ölkələrindən mütəxəssislər iştirak edir.
Nurlan Əliyevin bildirib ki,  2008-2009-cu illərdə Assosiasiyanın bir neçə nümayəndəsi Bakıda və ABŞ-ın Baltimor şəhərində keçirilən təlim kurslarının iştirakçısı olmuşlar: “Məhz bu kursların nəticəsində ümumilikdə keçmiş sovet respublikaları üçün  yeni olan Səhiyyə Kommunikasiyası sahəsi üzrə Azərbaycanda yerli mütəxəssislərin formalaşması, bilik və bacarıqlarının inkişaf etdirilməsi mümkün olmuşdur.  Başlıca məqsədi  bu sahə üzrə yerli kadrların hazırlanması və əhalinin sağlamlığının qorunması olan Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasının peşəkar təşkilat kimi inkişaf etməsində də Cons Hopkins Universiteti Kommunikasiya Proqramları Mərkəzi ilə əməkdaşlıq mühüm rol oynayır”.
İki təşkilat 2009-2010-cu illərdə həyata keçirilən “Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli Strategiyanın  Hazırlanması” layihəsində də six əməkdaşlıq etmişlər. Bununla yanaşı  Assosiasiya müxtəlif layihələrin həyata keçirilməsində  Cons Hopkins Universiteti Kommunikasiya Proqramları Mərkəzinin ekspertləri ilə məsləhətləşmələr aparmışdır.
“İki təşkilat arasında mövcud  olan möhkəm əməkdaşlığın bu  Memorandum ilə rəsmiləşdirilməsi Azərbaycanda Səhiyyə Kommunikasiyasının inkişaf etdirilməsində yeni bir atdımdır və ölkəmizdə əhalinin sağlamlığının qorunması sahəsində yeni və uğurlu layihələrin həyata keçirilməsinə kömək edəcəkdir”, – deyə  N. Əliyev vurğulayıb.