Elxan Şahinoğlu: “Türkiyə ABŞ-dan kəşfiyyat məlumatları gözləyir”
ABŞ Mərkəzi Kəşfiyyat Idarəsinin (MKI) başçısı general David Petraeus bazar günü Türkiyəyə səfər edib. Səfərlə bağlı detallar son ana qədər gizli saxlanılsa da, hansı mövzuların müzakirə ediləcəyini təxmin etmək olar. Belə ki, xarici işlər naziri Əhməd Davudoğlu, MIT məsləhətçisi Xaqan Cücərti, həmçinin baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşəcək David Petraeusun Suriya və terror məsələləri barədə müzakirələr aparacağı gözlənilir. MKT başçısı Türkiyədə bu iki mövzu ilə bağlı konkret nələrə toxuna bilər?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ABŞ rəsmisi ilə əsasən PKK məsələsinin müzakirə ediləcəyi deyir. Buna səbəb son günlər terror təşkilatının yenidən fəallaşması və bu mövzunun gündəmi zəbt etməsidir. Terror təşkilatının fəallaşması Türkiyəni ciddi narahat edir.
Ekspertin sözlərinə görə, Suriyadakı vəziyyət də PKK ilə sıx əlaqəlidir. Çünki ortada Suriyanın parçalanması və kürdlər yaşayan bölgələrdə PKK-nın fəallaşması məsələsi var. Bu da Ankaranı narahat etməyə bilməz.
Ekspert Türkiyənin terrorla mübarizədə ABŞ-dan dəstək gözlədiyini də vurğuladı. Çünki PKK-ın əsas bazaları Iraq ərazisində yerləşir. Iraqda isə əsas söz sahibi ABŞ-dı. Bu baxımdan Türkiyə ABŞ-dan fəal dəstəklə yanaşı kəşfiyyat məlumatları gözləyir. Bu məlumatlar PKK düşərgələrinə dəqiq zərbələr endirmək üçün vacibdir.
Fizzə