Akademiyada seçkilərin təxirə salınması hakimiyyətin narahatlığından irəli gəlir
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti (RH) legitimliyini itirib. Buna səbəb AMEA üzvlüyünə seçkilərin hələ də keçirilməməsidir. Bu barədə APA-ya açıqlamasında AMEA prezidenti Mahmud Kərimov bildirib.
M. Kərimovun sözlərinə görə, AMEA-nın həqiqi və müxbir üzvü yerinə seçkilər ilin sonuna qədər saxlanılıb: “Bu ilin sonuna qədər seçkilər mütləq keçirilməlidir. Çünki artıq seçkilərin vaxtı çoxdan keçib. Ən vacib məqamlardan biri də ondan ibarətdir ki, artıq AMEA Rəyasət Heyəti legitimliyini itirib. Çünki Rəyasət Heyəti üzvlərinin də müddəti bitib. Onlar, o cümlədən prezident və vitse-prezidentlər 5 ildən bir seçilir. Bizim də müddətimiz bitib. Demək olar ki, hazırda qeyri-legitim fəaliyyət göstəririk”.
M. Kərimov deyib ki, AMEA üzvlüyünə seçkilər sonuncu dəfə 2007-ci ilin iyul ayında keçirilib: “Bəzi institutlarda direktor vəzifələri də boşdur. Bu yerlərə namizədlər məlumdur. Yalnız elan vermək və müsabiqəni keçirmək qalır”.
Məlumatlara görə, seçkilərin təxirə salınmasının ciddi səbəbləri var. Bildirilir ki, hakimiyyət narazılardan ibarət yeni cəbhənin yaranmasından ehtiyat edir. Artıq akademiyada müəyyən narazılıqların olduğu vurğulanır. Bir çox elm adamları akademiyanın Prezident Administrasiyasının bir şöbəsi kimi fəaliyyət göstərməsinə açıq şəkildə etiraz edirlər. Bu baxımdan iqtidar düşünür ki, növbəti dəfə seçkilərin nəticəsi Prezident Administrasiyasından gələn siyahı əsasında müəyyənləşsə, o halda xeyli elm adamı etiraza qalxacaq. Ölkədə narazılığın pik həddə olduğu və artıq heç kim susmadığı bir vaxtda elm adamlarından ibarət yeni narazı qrupun yaranması isə hakimiyyətin maraqlarına uyğun deyil.