Terror təşkilatı bir neçə istiqamətdən təhlükəsizlik qüvvələrinə hücum edib; partiya sədri oğurlanıb
PKK terror təşkilatı son günlər Türkiyə silahlı qüvvələrini hədəf alan qanlı hücumlarını aktivləşdirib. Terrorçular bu dəfə Türkiyənin cənub-şərqindəki Şırnak vilayətinin Beytuşşebap qəsəbə mərkəzində təhlükəsizlik qüvvələrinə hücum reallaşdırıb. PKK-çılar 10 türk əsgərini öldürüb, yaranmış qarşıdurma nəticəsində 20 terrorçu zərərsizləşdirilib.
Terrorçular qəsəbəyə yeganə giriş nöqtəsi olan körpünü partladıblar. Hücum zamanı qəsəbəyə verilən elektirk enerjisi də kəsilib. PKK-çılar təhlükəsizlik qüvvələrini avtomat və raketlərlə atəşə tutub. Hücumların hədəfi qəsəbədəki dövlət binaları olub. Polis idarəsinin qarşısında öldürülən silahlıların cəsədlərini götürmək istəyən naməlum qrup polisə daş-kəsək atıb. Polislərin havaya atəş açmasından sonra qrup ərazidən uzaqlaşıb.
Şanlıurfa şəhərində də PKK-nın hədəfi təhlükəsizlik qüvvələri olub. Hadisə Viranşəhər rayonunda polisin nəzarət əməliyyatı keçirməsi zamanı baş verib. Yoldan ötən şübhəli maşınlardan biri polis əməkdaşlarının “dayan” əmrinə tabe olmayıb və maşında olan terrorçular polislərə atəş açmağa başlayıb.
Rəsmilərin verdiyi məlumata görə, atışma zamanı 3 nəfər polis və 1 nəfər mülki vətəndaş yaralanıb. Yaralı polislərdən birinin vəziyyəti ağır kimi qiymətləndirilir. Polis qarşıdurma zamanı terrorçulardan birinin öldürüldüyünü, 2 terrorçunun isə sağ ələ keçirildiyi bildiriblər.
Bunlar azmış kimi separatçı silahlılar Türkiyədə hakim partiyanın rayon təşkilatının sədrini oğrulayıblar. Ədalət və İnkişaf Partiyasının (AKP) Hakkari rayon təşkilatının sədri Məcid Tarhan PKK terrorçuları tərəfindən oğurlanıb. Türkiyə mətbuatının yazdığına görə, Tarhan uzun müddətdir terror təşkilatı tərəfindən təhdid edilirmiş. Terrorçular onu naməlum istiqamətə aparıblar.