Mətbuatın vəziyyəti diplomatlarla müzakirə olunub

Sentyabrın 3-də “Ayna-Zerkalo”, “Azadlıq”, “Yeni Müsavat” qəzetlərinin, “Turan” agentliyinin, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun təmsilçiləri Bakıda Qərb ölkələri və beynəlxalq təşkilat nümayəndələrinin iştirakı ilə mətbuat yayımı problemlərini müzakirə ediblər. Avropa İttifaqı, ATƏT, Avropa Şurası, ABŞ, Almaniya, Böyük Britaniya, Fransa və digər ölkələrin missiyalarından olan nümayəndələrin qatıldığı görüşdə azərbaycanlı jurnalistlər çap mətbuatının yayımı sahəsində vəziyyətin kəskin pisləşdiyini deyiblər.

Qeyd olunub ki, son bir ildə Bakıda “Qasid” yayım firmasının 400-dən çox köşkündən 300-ə yaxını ləğv edilib. Onların əvəzinə qurulan yeni köşklər isə qida məhsullarının satışı ilə məşğuldur. Regionlarda çap məhsullarının yayımı sahəsində vəziyyətin daha acınacaqlı olduğu vurğulanıb.

Jurnalistlər deyiblər ki, “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin satışında xeyli azalma var. İyulda redaktorların Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla görüşü nəticə verməyib. Vədlərə baxmayaraq problem həllini tapmayıb, əksinə, durum daha da pisləşib.

“Turan”ın məlumatına görə, jurnalistlər diplomatların müstəqil KİV-in iqtisadi vəziyyətinə diqqəti artırmasını istəyiblər.