hungary3

Macarıstan nota verdi: Bakı razılaşmanı pozmaqda ittiham olunur

hungary3Ramil Səfərovun azadlığına görə yaranan beynəlxalq qalmaqal böyüyür

Vəfa Quluzadə: «Azərbaycan tərəfin bu cür susqun mövqeyini anlamıram»

Macarıstan hökuməti Ramil Səfərovu Azərbaycana təhvil verəndən sonra onun dərhal azad olunması beynəlxalq qalmaqala çevrilib. Artıq ABŞ hökuməti hadisə ilə bağlı narazılıq ifadə edərək Bakıdan izahat istəyib. Rəsmi Bakı da öz növbəsində ABŞ-a cavab verib.
Olayın Ermənistanla Macarıstan arasında əlaqələri kəsdiyi də məlumdur.
Sentyabrın 2-də isə Macarıstan məsələ ilə əlaqədar Azərbaycana nota verib.

Azərbaycan Budapeşti aldadıb?

Macarıstan XİN-in dövlət katibi Jolt Nemet Azərbaycanın səfiri Vilayət Quliyevlə görüşərək ölkəsinin notasını təqdim edib. Notada Azərbaycan razılaşmanı pozmaqda ittiham olunur və R.Səfərovun Bakıya təhvil verilən kimi azadlığa buraxılmasından narahatlıq ifadə edilir.
İddia olunur ki, Azərbaycan tərəfi Ramil Səfərovu təhvil alarkən onun ömürlük cəza çəkəcəyinə, yalnız həbsinin 25 ili tamamlanandan sonra azadlığa buraxıla biləcəyinə söz veribmiş.

Ədliyyə Nazirliyinin öhdəliyi

Bu arada sosial şəbəkələrdə Macarıstan mətbuatında Azərbaycanın Ədliyyə Nazirliyinin avqustun 15-də bu ölkəyə ünvanladığı məktub dərc olunub. Məktubda Azərbaycan tərəfi Macarıstan hökuməti qarşısında öhdəlik götürür ki, R.Səfərovun vətəndə işinə yalnız o, cəzasının 25 ilini çəkdikdən sonra baxılacaq.

Həmsədrlər də işə qarışdı

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu həmsədrləri Parisdə sentyabrın 2-də Ermənistanın xarici işlər naziri, sentyabrın 3-də isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşün yekunlarına dair bəyanat yayıblar.

Bəyanatda bildirilir ki(APA), nazirlərlə görüşdə regionda baş verən son hadisələr və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair bundan sonrakı səylər müzakirə olunub.
Bəyanatda deyilir ki, görüşlərdə, həmçinin Macarıstanın Ramil Səfərovu Azərbaycana qaytarması məsələsi də müzakirə olunub.
“Həmsədrlər Ramil Səfərovun əfv edilməsinin sülh prosesinə və tərəflər arasında qarşılıqlı etimada zərbə vura biləcəyindən, eyni zamanda cinayətə haqq qazandırılması cəhdlərindən dərin narahatlıqlarını və təəssüflərini ifadə ediblər”,- deyə bəyanatda vurğulanır.
Bəyanatda o qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının alternativi yoxdur: “Həmsədrlər qərara gəliblər ki, gərginliyin azaldılması və sülh prosesinin irəliləməsi üçün tərəflərlə əlaqələri davam etdirsinlər”.

Avropa Birliyi narahatlıq bildirir

Avropa Birliyi Ramil Səfərovun əfv olunması xəbərindən narahatdır. Ancaq Avropa Birliyi Ermənistanı və Azərbaycanı təmkinli olmağa və gərginliyə yol verməməyə çağırır. Bunu Avropa Birliyinin xarici siyasət rəhbəri Ketrin Eştonun sözçüsü Kocicancic deyib. Onun bildirdiyinə görə, Brüssel vəziyyəti diqqətlə izləyir və daha çox informasiya almağa çalışır.
O həmçinin istisna etməyib ki, bu məsələ, Avropa Birliyi səfirlərinin sentyabrın 4-də Brüssel toplantısında müzakirə oluna bilər (“Azadlıq” radiosu).

Rusiya da narahatdır

Baş verənlərə Rusiyadan da münasibət gəlib. Rusiya XİN-in rəsmisi Lukaşeviçin verdiyi bəyanatda qeyd olunur ki, ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiya Macarıstanda ömürlük azadlıqdan məhrum edilən Ramil Səfərovun əfvini dərin narahatlıq hissi ilə qəbul edir: “Azərbaycan və Macarıstan hökumətlərinin bu davranışı beynəlxalq səviyyədə, ilk növbədə isə ATƏT-in Minsk qrupunun regionda gərginliyi azaltmaq istiqamətindəki səylərinə ziddir. Həmçinin gözləyirik ki, ATƏT Minsk qrupu mövcud situasiyaya müvafiq qiyməti verəcək”.

3 milyard avro iddiası

Macarıstanın R.Səfərovu Azərbaycana verməsi ilə bağlı müxtəlif mülahizələr də irəli sürülür. Macarıstanın “Nebszabadzag“ qəzeti yazıb ki, Türkiyə bu məsələdə aylarla vasitəçilik edib. İddialara görə, Bakı ilə Budapeşt arasında danışıqların əsas mövzusu 3 milyard avro dəyərində Macarıstan dövlət istiqrazlarının alınması olub. Qəzet yazıb ki, Macarıstan baş nazirinin müavini Laşlo Andras Borbeli avqustun 24-də Azərbaycanın 3 milyard avro dəyərində dövlət istiqrazlarını ala biləcəyini təsdiq edib. «Reuters» agentliyi isə avqustun 3-də Türkiyəli diplomatın belə danışıqların getdiyini təsdiqlədiyi barədə mulumat yayıb. Bütün bu əməliyyatlarda Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərindən istifadə olunduğu da iddia edilir. İddia Türkiyə mediasında da tirajlanıb.

Macarıstan hökuməti iddianı təkzib edir

Mətbuatda gedən bu məlumatlara Macarıstan hökumətinin təkzib özünü çox gözlətməyib. Macarıstan baş nazir aparatının xarici iqtisadi fəaliyyət üzrə dövlət katibi Peter Siyarto deyib ki, Ramil Səfərovun Azərbaycana verilməsi məsələsi baş nazir Viktor Orbanın iyunun sonunda Bakıya səfəri zamanı müzakirə olunub. P.Siyarto Macarıstan hökumətinin məhkumların təhvil verilməsinə dair 1983-cü ildə imzalanmış beynəlxalq Konvensiyaya uyğun hərəkət etdiyini söyləyib. O qeyd edib ki, bu, adi beynəlxalq-hüquqi prosesdir və Macarıstan il ərzində orta hesabla 10-12 məhbusu təhvil verir.
R.Səfərovun təhvil verilməsi müqabilində Azərbaycanın Macarıstan iqtisadiyyatına 2-3 milyard dollar sərmayə vəd etdiyi haqda iddialara gəlincə, P.Siyarto “Bu iddianı irəli sürənlər parlaq təxəyyülə malikdir, lakin iqtisadi əməkdaşlığın beynəlxalq məhkəmə işlərinə hər hansı təsiri yoxdur” deyə bildirib.

Neft Fondunun baş verənlərlə əlaqəsi yoxdur

İddialara Azərbaycan Dövlət Neft Fondu (ARDNF) da reaksiya verib. Fonddan APA-ya bildiriblər ki, Macarıstanın qiymətli kağızlarına investisiya qoymaq fikirləri yoxdur: “ARDNF Macarıstanda heç bir qiymətli kağıza və ya digər maliyyə alətinə investisiya qoymağı nəzərdə tutmur”.

«Ramil Səfərova görə cavab verməyə hazıram»

Bəs hazırda beynəlxalq arenada yaşanan qalmaqalın inkişafı necə ola bilər? Baş verənlər Azərbaycana nə vəd edir?
Politoloq Vəfa Quluzadə hesab edir ki, Azərbaycan tərəfinin addımlarında qanunsuz hərəkətlər yoxdur. Çünki R.Səfərov Macarıstandan Azərbaycana təhfil veriləndən sonra onun gələcək cəzasının necə olacağını artıq Azərbaycan müəyyən edə bilərdi: «Əslində Ramil Səfərov barəsində ömürlük cəza hökmü kəsilməsi bir ədalətsizlik idi və bu erməni lobbisinin təsiri ilə baş tutmuşdu. Ramil Səfərov Azərbaycana olan təhqirlərə dözməyərək ermənini öldürmüşdü. İndi ədalətin bərpa olunmasına dünya dövlətlərinin etirazını mən anlamıram. Onlar indiyə qədər ermənilər tərəfindən törədilən vəhşiliklərə göz yumublar. Mən Azərbaycan tərəfin bu cür susqun mövqeyini də anlamıram. Bəsdir bizi aşağladılar. Əgər mənə müraciət olunarsa yenidən iqtidara gələrək, Ramil Səfərovla bağlı etirazlara cavab verməyə hazıram».

Hikmət