Mühacir polkovnikdən sərt yazı: “Azərbaycan… klan və korrupsiya naminə”
Indiki hakim klanın ardıcılları və idarəçiləri iddia edirlər ki, müasir Azərbaycanın doğuluşunun əsasında Heydər Əliyev dayanır. Kimsə buna şübhə etmir. Məhz bu Azərbaycanın!.. Korrupsiya və rüşvətlə idarə edilən, kriminallaşmış, canavar qanunlarına qədər qəddarlaşmış Azərbaycanın doğuluşunun mayasına başqa heç kim iddia etməz. Bu, həmin Azərbaycandır ki, bütün millətin taleyi bir ailənin əhval-ruhiyyəsindən asılı vəziyyətə salınıb. Həmin Azərbaycandır ki, bütün milli sərvətləri də həmin o bircə ailənin sərəncamındadır. Millətin mənəvi dəyərlərini çürüdən korrupsiya indiki Azərbaycanın – Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycanın başlıca məziyyətidir. Ən pisi də budur ki, bütün dünya indi bu korrupsiya sistemini ovcunun içi kimi tanıyır, hər kəs də Azərbaycanla məhz bu prizmadan yanaşaraq davranır.
İsa Sadıqov
Indi dünyanın aparıcı media orqanlarında həmin bu Azərbaycan Afrikanın ən qəddar və ən qaranlıq rejimlərilə müqayisə olunur. Beynəlxalq komissiyaların üzvlərini, tam heyətini “Azərbaycan naminə” rüşvətlə ələ almaq üçün edilən cəhdlər də dəfələrlə dünya mediasında ifşa edilib. Hətta son Olimpiada yarışlarında da bütün dünyanın diqqəti Azərbaycan mənşəli korrupsiyaya cəlb edildi (Maraqlıdır ki, bu vaxta qədər təkcə ATƏT-in Minsk Qrupunun üzvlərinə rüşvət təklifilə bağlı heç nə eşidilməyib). Bütün bunlar isə həm ölkənin, həm bu ölkədə yaşayan millətin, həm də dövlətin imicini sarsıdır.
Bulaşıq hərb siyasəti…
Çox təəssüf ki (və tamamilə təbii olaraq), korrupsiya ölkənin hərb sistemini də büsbütün sarıb. Bütün bu illər ərzində bu sistemi şəffaflaşdırıb həqiqətən də, regionun ən güclü ordusunu yaratmaq şansları boşa verilib. Heç şübhəsiz, hətta bu gün də Azərbaycanın öz ərazilərini hərbi-siyasi yolla azad etmək imkanları mövcuddur və mən bunu tam məsuliyyətlə deyirəm. Bu imkanların nədən ibarət olduğu kütləvi müzakirə üçün deyil, amma hərbçilər, zabitlər arasında bu istiqaməti bilən, dəyərləndirən yüzlərlə adam var.
Indiki imkanlarla nəinki Qarabağı geri almaq, hətta Ermənistanın iç siyasətini belə, 180 dərəcə dəyişmək olar. Gürcüstanın olduqca məhdud imkanlarından bəzi nümunələri göstərmək olar. Əgər 2008-ci ildəki 6 günlük savaşdan sonra abxazların 47 faizi rusların müdaxiləsini dəstəkləyirdilərsə, indi bu faiz 18-dir. Indi istər Abxaziyada, istərsə də Osetiyada get-gedə daha çox əmin olmağa başlayıblar ki, onları aldadırlar və Gürcüstandan kənarda perspektiv yoxdur. Minlərlə insan taleyini Gürcüstana bağlamağa üstünlük verir. Abxazlar və osetinlər Gürcüstana iş və təhsil dalınca gəlirlər. Buradakı şəffaflıq və özünüifadə azadlıqları onları daha çox cəlb etməyə başlayıb. Şəffaflıq və azadlıq Gürcüstanın avantajıdır. Bilirsinizmi ki, Gürcüstan abxazlara və osetinlərə verdiyi müvəqqəti pasportlar üzrə Avropa Birliyi və Amerika ilə sadələşdirilmiş viza müqaviləsi bağlayıb, bu pasportlar əsasında onlara viza verilir. Bu da Gürcüstanın konfliktin həllinə verdiyi ciddi təkanlardan biridir. Əlbəttə, Gürcüstan bu kart-blanşı keçirdiyi demokratik islahatlara, korrupsiyanın belini qırdığına görə əldə edib və Azərbaycan da məhz bu yolla getməli idi. Sübut etməliydi ki, biz nələrə qadirik, nəinki dostlarla, hətta düşmənlərlə də dinc, yanaşı yaşayacaq qədər sivilizasiyalı bir xalqıq. Əvəzində isə Azərbaycan rəhbərliyi ölkənin qapılarını hamının üzünə bağlamaqla, tiraniya və despotizmi artırmaqla, hakim ailənin hakimiyyətinin ömrünü uzatmaq və sərvətlərini artırmaq “siyasəti”ndən dördəlli yapışıb. Nəticədə, ölkənin imici aparılan siyasətə uyğun şəkildə müəyyənləşib, hətta ərazi bütövlüyümüz də şübhə altına atılıb.
Bulaşıq beynəlxalq imic
1993-cü ildən sonra heç bir seçkinin beynəlxalq normalara uyğun olduğu təsdiqlənməyib. Təsdiq edilən faktlar budur ki, Azərbaycan korrupsiyalaşmış və kriminallaşmış bir rejimin idarəçiliyi altındadır, orada siyasi məhbuslar var, siyasi rəqiblər təqib edilir, mətbuat və jurnalistlər daim təzyiq və həbslərlə üzbəüzdür, bütün seçkilər isə saxtalaşdırılır. Bu baqajla ölkə üçün hansı uğurları əldə etmək olardı ki? Bu imiclə Qarabağ probleminin danışıqlar yolu ilə həllini necə gözləmək olardı ki?
Azərbaycan Qərbdən baxanda çox qorxunc, ərəb və Afrika ölkələrindəki diktaturanın eynisi kimi qəbul edilir. Bizi məhz bu cür ölkələrlə müqayisə edirlər.
Nəhayət, Azərbaycan vətəndaşlarının neçə faizi əmindir ki, indiki rejim vətəndaşların həyatına və taleyinə pozitiv təsir göstərəcək islahatlar aparmaq, problemləri həll etmək niyyətindədir? Neçə faiz əmin deyil ki, indiki hökuməti yalnız ölkənin sərvətlərini və büdcəsini talamaq, mənimsəmək maraqlandırır?
Onlardan və bizdən nələri soruşurlar?
Regionda nələrin baş verdiyini müşahidə etmək çox maraqlıdır. Dövlətlərin birinci şəxsləri, beynəlxalq təşkilatların nümayəndələrinin Gürcüstana səfərindəki təmasları zamanı söhbət əsasən bu ölkənin ərazi bütövlüyünə verilən dəstək, Avropaya və NATO-ya inteqrasiyadan gedir. Amma həmin ranqda olan nümayəndə heyətləri Azərbaycana gələndə söhbət insan haqlarından, siyasi məhbuslardan, demokratiya problemlərindən gedir. Sanki Azərbaycanın ərazi bütövlüyü problemi yoxdur. Bu, qəti olaraq ikili standartın nəticəsi deyil. Indi dünyada prioritetlər belədir ki, bütün söhbətlərin başında insan haqları və demokratiya arqumentləri dayanır. Və heç kim bu özbaşınalıqlara, qanunsuzluqlara və zorakılıqlara göz yummaq istəmir. Qərbin ən nüfuzlu siyasətçiləri belə, Azərbaycan rəsmiləri, prezidentilə təmaslarda bu məsələlər barədə müzakirə aparmayanda öz ölkələrinin ictimaiyyəti və mediası tərəfindən amansızlıqla tənqid edilir.
Bu yaxınlarda Azərbaycanda “Eurovision” musiqi yarışması keçirildi, azərbaycanlı mühacirlər Qərb mətbuatında gedən yazıları və buradakı müzakirələrdə araşdırılan faktları ürək ağrısı ilə xatırlamaqdadırlar. Hətta bu yarışmanın boykot edilməsilə bağlı aramsız çağırışlar da oldu. Bunlar təbii idi, çünki həmin Qərb dəyərlərinin daşıyıcılarının – jurnalistlərin, hüquq müdafiəçilərinin gözləri qarşısında Bakı küçələrində insanlara qan uddurulurdu.
Murdar siyasi texnologiyaların vətəni
Rejimin öz siyasi rəqiblərinə qarşı münasibəti üzərində dayanmamaq olmur. Əvvəllər birinci Əliyevin, indi isə onun varisinin öz rəqiblərinə qarşı apardığı çirkli təbliğat və çirkli mübarizə siyasi rəqabətin heç bir standartlarına uyğun gəlmir. Bu müstəvidə daha hansı murdar texnologiyanın tətbiq edilə biləcəyini təsəvvür etmək mümkün deyil.
Insanların və nəhayət, bütöv millətin iradəsini sındırmaq üçün tətbiq edilən repressiv metodların, həbslərin sayı-hesabı yoxdur. Hətta siyasi liderlər belə, zaman-zaman polis dəyənəyinin altına verilir. Sərdar Cəlaloğlunun, Lalə Şövkətin, Əli Kərimlinin timsalında bu metod da sınaqdan çıxarılmışdır. Döyülən, işgəncələrə məruz qoyulan, narkotiklə və başqa ağlagəlməz ittihamlarla şərlənən funksionerlərin sayı yüzlərlə, minlərlədir.
Azərbaycanda rejimin siyasi rəqiblərinə qarşı tətbiq etdiyi murdar texnologiyalara heç zaman təəccüblənmək lazım deyil. Sonuncu hadisə də bunu deməyə əsas verir. Söhbət sabiq prezident Elçibəyin zəhərlənməsilə bağlı adını çəkmək istəmədiyim birisinin iddiasından gedir. Bir daha vurğulayıram ki, bunların heç bir əməli məni daha təəccübləndirmir, amma bu sonuncu hərəkət ölkəni və milləti bütün dünyada rüsvay etməkdən, gülüş hədəfinə çevirməkdən başqa heç nə demək deyil.
Mən mərhum Elçibəylə kifayət qədər yaxın münasibətlərdə olan insanam. O, Ankarada müalicədə olunanda da ona baş çəkməyi özümə borc bilmişəm. Heç zaman mərhumun buna bənzər bir eyhamını da eşitməmişəm ki, kimsə, nə zamansa onu zəhərləyib və ya belə bir niyyəti olub. Onu müalicə və müayinə edən bütün həkimlər, bu prosesdə iştirak edən bütün rəsmi instansiyalar bu versiyanı istisna edən bəyanatlar versələr də, rejim öz dəyirmanını işlətməkdədir. Haqlıdır, çünki region “ərəbləşməkdədir”. Cəmiyyət sosial partlayəş həddinə gəlib çatanda isə onu heç nə ilə, bütün əvvəlki metodlar da daxil olmaqla, heç nə ilə qorxutmaq mümkün olmur. Rəqiblərə qarşı bu iyrənc təbliğat da həmin nəhəng hadisələrin miqyasını kiçiltmək üçün düşünülən “profilaktik” tədbirlərdir.
Əlbəttə, Elçibəyin ölümü ilə bağlı cinayət işi açmaq lazım idi. Bunu onu müalicə edən həkimlərin son bəyanatları da zəruri edir. Amma bu cinayət işi Əli Kərimliyə və başqalarına görə deyil, məhz Elçibəyi müalicə almaq imkanından məhrum edən Əliyevlərə qarşı açılmalı idi.
Birinci Əliyev niyə vəfat etdi?
Amma məni maraqlandıran başqa bir məsələ də var: bu, birinci Əliyevin hansı səbəbdən vəfat etməsi deyil, harada və hansı şəraitdə vəfat etməsilə bağlıdır. Onudamı zəhərlədilər, müalicəsinə mexaniki müdaxilə ilə son verdilər? Axı, sabiq səhiyyə naziri rəsmən bəyan etdi ki, Heydər Əliyev 2003-cü ilin avqust ayında artıq, sağ deyildi. Nəyə görə respublika prokurorluğu cinayət işi açaraq araşdırma aparmır ki, avqust ayından Heydər Əliyevin ölümü ilə bağlı rəsmi bəyanat verilən tarixə qədər o, harada olub? Cəmiyyətə bu müəmma barədə məlumat vermək lazımdır.
Axı, indi hər kəs bu barədə danışır ki, həmin ərəfədə hökumət kuluarlarında hakimiyyət uğrunda savaş gedirdi. Taxt-tac və miras uğrunda müharibə başlanmışdı. Bu iki-üç aylıq mərhələ buna görəmi düşünülmüşdü? Bu ölüm faktını gizlətmək, yaxud bu ölümü tezləşdirmək kimlərəsə lazım ola bilərdimi? Onun adından ortalığa çıxan “vəsiyyət-sərəncam” barədə hələ də müəmmalar var. Axı, sabiq səhiyyə naziri Əli Insanov təkidlə bildirdi ki, bu sərəncam ortalığa atılanda Heydər Əliyev sağ deyildi.
Elçibəyi necə öldürdülər?
Bu yaxınlarda prezident administrasiyasının şöbə müdiri Əli Həsənovun bir bəyanatına rast gəldim. O, buyururdu ki, Əbülfəz Elçibəy sıradan bir dövlət adamı olmayıb (“Prezident olub” deməyə cəsarət etmədi). Amma Azərbaycanın indiki hakimiyyəti o zamanla, Əbülfəz Elçibəy Türkiyədə müalicəyə aparılanda ona sıfır diqqət verdi. Əliyevçi hökumət xərçəng xəstəliyinə düçar olmuş sabiq prezidenti müayinə, müalicə etmək üçün zərrə qədər də təşəbbüs göstərmədiyindən indi onun səhhəti haqqında Azərbaycanın ən namərd adamlarından şər-böhtan toplamağa başlayıb.
Ən rüsvayçı arqumentlərdən biri budur ki, Azərbaycan hökumətinin əlində sabiq prezidentin səhhətilə bağlı heç bir epikriz, heç bir həkim rəyi yoxdur. Çünki bunlar Onun – Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin ölümündə maraqlı idilər. Elə buna görə də onun müalicə üçün qardaş ölkəyə getməsinə hər vasitə ilə mane oldular. Hətta Əliyevçi hökumətin ağrılı münasibətinə görə Türkiyə rəsmiləri onun Türkiyədə müalicəsinə tərəddüdlə yanaşmağa meylli idilər. Əbülfəz Elçibəyin ölümündə kim maraqlı ola bilərdi? Əli Kərimli, yoxsa Əliyevçi hakimiyyət və bu klan? Axı, Əbülfəz Elçibəy bu klanı siyasi hakimiyyətdən qova biləcək ən uğurlu koalisiyanın ən gerçək təşkilatçısı ola bilərdi. Əlbəttə, bu klan da onun sağalmaz xəstəliyə düçar olduğunu anlayınca bu xəstəliyin müalicə mərhələsi keçənə qədər onun ölkədən çıxmasını əngəlləmişdi. Indi isə öz cinayətlərini başqasının, başqalarının, Elçibəyin yaşamasında və fəaliyyətində ən çox maraqlı olan insanların üzərinə atmaqla öz yaxalarını kənara çəkmək istəyirlər.
Amma bu klanın cinayətlərinin izini heç nə ilə silmək mümkün olmayacaq!..