Asif Lətifovun anası Gülnaz Lətifova oğlunun Vaqif Axundovun sifarişi əsasında tutulduğunu deyir
Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, baş leytenant Asif Lətifovun anası Gülnaz Lətifova dünən oğlunun həbsilə bağlı Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunda (RATI) mətbuat konfransı keçirib.
Gülnaz Lətifova oğlunun həbsini sifarişli olduğu bildirib. Asif Lətifovun 17 il XDMX-nin xüsusi təyinatlı “Betta” qrupunda çalışdığını deyən Gülnaz Lətifova bildirib ki, qurumun rəhbəri Vaqif Axundov əvvəlcə oğlunun əsassız yerə işdən çıxarıb. Asif Lətifov bu haqsızlığa etiraz etdiyinə görə isə onu həbs etdirib: “Asif heç bir əsas olmadan işdən çıxardılar. Adını qoydular ki, xidmətə uyğun deyil. Əslində isə Asifin işdən çıxarılmasının kökündə onun Xüsusi Dövlət Mühafizə Xidmətində baş verən qanunsuzluqlara, xüsusilə ”Betta” qrupunun komandiri Fikrət Rzayevin qanunsuz əməllərinə etiraz etməsi dayanır. Fikrət Rzayev hər ay “Betta” qrupunun üzvlərindən 30 manat tələb edib. Asif də buna etirazını bildirib. Bu barədə Xüsusi Dövlət Mühafizə Xidmətinin müfəttiş şöbəsinə müraciət edib. Bundan sonra Vaqif Axundov Asifi işdən çıxarıb”.
Gülnaz Lətifova deyib ki, Asif Lətifov işdən çıxarılandan sonra hüquqlarının bərpası uğrunda mübarizəyə başlayıb: “O, mətbuat vasitəsilə işdən çıxarılmasının səbəblərini, Xüsusi Dövlət Mühafizə Xidmətində baş verənləri ictimaiyyətin diqqətinə çatdırdı. Bu da qurumun rəhbərliyinin maraqlarına uyğun olmadığından onun barəsində qondarma ittihamlarla cinayət başlandı”.
Asif Lətifovun anasının sözlərinə görə, oğlu işdən çıxarılmamışdan əvvəl tədbirdə xidmətdə olarkən güllə tapıb. Həmin gülləni qurumun müvafiq şöbəsinə təqdim edib. Lakin indi XDMX-nin rəhbərliyi iddia edir ki, Asif Lətifov həmin güllənin oğurlayıb: “Əgər Asif həmin gülləni oğurlamışdısa, niyə təhvil verirdi? Digər tərəfdən Asifin əməlində cinayət tərkibi var idisə niyə o zaman məsuliyyətə cəlb olunmamışdı? Niyə bu hadisənin üstündən 1 il 6 ay keçəndən sonra bunların yadına düşüb ki, Asif güllə oğurlayıb? Bütün bunlar göstərir ki, Asif barədə başlanan cinayət işi qondarmadır. Bir məqamı da diqqətinizə çatdırım. Asif Lətifovun işdən çıxarılması barədə Vaqif Axundovun qərarında bu güllə məsələsinə yer ayrılıb. Həmin qərarda Vaqif Axundov özü yazır ki, Asif həmin gülləni tapıb. Sadəcə komandirinə deyil, müfəttiş şöbəsinə təhvil verib. Asifin gülləni Fikrət Rzayevə verməməsinin səbəbi isə ona etibar etməməsi olub.
Bu adamlar sadəcə birləşib oğlumu həbs etdiriblər. Onun həbsi barədə qərarda yazılıb ki, Asif cəmiyyət üçün mənfi emosiya yaradır. Bu nə deməkdir mən anlamıram? Buna görə adamı həbs edərlər?!Mən mətbuat vasitəsilə prezident Ilham Əliyevə müraciət edirəm ki, bu məsələyə diqqət etsin. Ona sədaqətlə xidmət bir zabitin heç bir təqsiri olmadan nədən həbs olunduğunu araşdırsın və ədalətin bərpasında yardımçı olsun”.
Xatırladaq ki, 17 il XDMX-də xidmət edən Asif Lətifov 2011-ci ilin martında işdən çıxarılıb. Baş leytenant bunu özünə qarşı ədalətsizlik sayaraq, işə bərpa olunması uğrunda mübarizəyə başlayıb. Mətbuatda XDMX-də baş verənlərlə bağlı verdiyi açıqlamalardan sonra barəsində 228.1.9 (odlu silah saxlamaq və gəzdirmə) və 232.2.3 (vəzifə səlahiyyətindən sui-istifadə etməklə odlu silah və partlayıcı qurğular tələb etmək) maddələrilə cinayət işi başlanıb. Avqustun 29-da hərbi məhkəmə onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. Asif Lətifov hazırda 1 saylı Bakı Istintaq Təcridxanasında saxlanılır.