“Texnikabank”ın Yasamal filialının keçmiş müdir müavini, AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidovun həbs müddətinin daha üç ay uzadılmasından apellyasiya şikayəti verilib. Bunu “Media forum” saytına vəkil Əsabəli Mustafayev bildirib.
Elnur Seyidovu martın 27-də Milli Təhlükəsizlik Nazirliyi həbs edib. O, MTN-in təcridxanasında saxlanır, Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə dələduzluqda ittiham olunur. Avqustun 30-da Səbail Rayon Məhkəməsi onun həbs müddətini daha üç ay uzadıb.
“Media forum”a açıqlamasında Əsabəli Mustafayev deyib ki, Elnur Seyidovun həbs müddətinin uzadılması qanunsuzdur: “Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün əvvəldən heç bir əsas yox idi. Həbsin yenidən uzadılması da qanunsuzdur. Əvvəla, iş üzrə heç bir istintaq hərəkəti aparılmır. İkincisi, Elnur Seyidov ağır xəstədir. Ona görə də şikayətdə Elnur Seyidov barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsini və onun azadlığa buraxılmasını istəmişik”.
Əsabəli Mustafayev istintaqa Elnur Seyidovun təcridxanada hüquqlarının pozulmasına dair vəsatət verdiklərini də qeyd edib: “Bu ilin iyulunda “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanun qüvvəyə minib. Həmin qanuna görə, tutulan və barəsində həbs qətimkan tədbiri seçilən şəxslərin ayda dörd dəfə ailəsi, yaxınları ilə görüşmək hüququ var. Belə görüşlər hər dəfə dörd saat ola bilər. Ümumiyyətlə qanuna görə, həbsdə olan şəxs kimlə görüşməyi özü seçir, istənilən şəxslə görüşə bilər. Bundan başqa, həbsdə olan şəxslərin həftədə iki dəfə 15 dəqiqə olmaqla telefonla zəng etmək, istədikləri qəzet-jurnalı maneəsiz almaq hüquqları var. Amma bu hüquqların heç biri təmin olunmur. Xüsusən də qəzetlərlə bağlı hissə. MTN-in təcridxanasına qəzet gətirilmir. Gətiriləndə isə ancaq hakimiyyəti tərifləyən qəzetləri, jurnalları gətirirlər. Biz Elnur Seyidovun qanunda nəzərdə tutulan hüquqlarının təmin olunmasını tələb edirik. Əgər istintaq vəsatəti təmin etməsə, məhkəməyə müraciət edəcəyik”.