Bəşər Əsəd hərbi bazalarını itirdi

Üsyançılar hökumətin nəzarətindəki Hərəm qəsəbəsini mühasirəyə alıb

Suriyada vətəndaş müharibəsi davam edir. Müxaliflərlə hökumət qüvvələri arasında gedən döyüşlər yenidən şiddətlənib. Müxaliflərin Türkiyə ilə sərhəddəki Hərəm qəsəbəsini mühasirəyə alaraq bölgədəki dövlət binalarına sığınan hökumət qüvvələrinə ağır zərbələr endirdiyi haqda xəbərlər yayılıb. “AFP” agentliyi 20 min əhalisi olan qəsəbədə bir çox suriyalının da silahlanaraq müxaliflərə dəstək verdiyini bildirir.
Agentlik qəsəbədə üsyançılarla Əsəd qüvvələri arasında şiddətli döyüşlərin getdiyini vurğulayıb. Müxalif zabit Əbu Seyid aralarında bir xüsusi təyinatlı da olmaqla, çoxlu sayda təhlükəsizlik əməkdaşını öldürdüklərini söyləyib.
Dəməşqdə isə Silahlı Qüvvələrin Baş Qərargahının binasını hədəf alan iki partlayış törədilib. Hadisənin məsuliyyətini müxalif hərbçilərdən ibarət Azad Suriya Ordusuna bağlı olan “Ahfad-ı Resul” briqadası üzərinə götürüb. Suriya dövlət televiziyası partlayışın qərargahın 200 metrliyindəki boş bir binada törədildiyini və 4 əsgərin yaralandığını xəbər verib.
Hökumət qüvvələri də müxaliflərə hücumlarını artırıb. Əsədin əmrindəki əsgərlər ölkənin şimalında, Türkiyə sərhədindən 30 kilometr aralıda yerləşən Əl-Bab qəsəbəsinə hava zərbələri endirib. Atılan bombalar müxaliflərin gizləndiyi məntəqələr və yaşayış binalarına düşüb. Nəticədə 20-dən çox insanın öldüyü bildirilir.
Üsyançılar buna cavab olaraq, Suriya-Iraq sərhədindəki hərbi bazaya hücum ediblər. Quru və hava qüvvələrinin bazası üsyançılar tərəfindən mühasirəyə alınıb. Yaşanan qarşıdurmadan sonra əsgərlər geri çəkilməli olublar. Bazaya daxil olan müxaliflər oradakı hərbi texnikanı ələ keçiriblər.

.