azadliq-metrostansiya

Bakı metrosunda təhlükəli vəziyyət

azadliq-metrostansiya“Azadlıq prospekti” çat verib; stansiya ticarət mərkəzinə qurban gedir

Ölkənin iki sütunsuz metro stansiyasından biri olan “Azadlıq prospekti”ndə çatlar əmələ gəlib. Hələ sözügedən stansiyanın açılışından iki ay sonra stansiyanın bir neçə yerindən yağış suları içəriyə sızmışdı. Bir neçə dəfə təmir olunsa da, çatlar yenə var və bu qabarıq şəkildə büruzə verir.
Bunun bir səbəbi metronun sütunsuz tikilməyi göstərilsə də, başqa bir səbəbi “Azadlıq prospekti”nin üstündə salınan parkın hasara alınaraq hündür mərtəbəli ticarət mərkəzi tikilməsindədir. Çünki analoji olaraq “Dərnəgül” metro stansiyası da sütunsuz tikilib. “Azadlıq prospekti”ndə olan problemlər burada o qədər də görünmür…

Metro stansiyası istifadəyə veriləndən sonra parkda bir neçə dəfə çöküntü oldu. Iki-üç dəfə çöküntüləri qumla doldurdular, yenidən daş plitə düzdülər. Nəticə olmayandan sonra parkı hasara alıb ciddi iş görmək qərarına gəlindi. Ancaq parkı təmir etmək əvəzinə qazıb yerində ticarət mərkəzi ucaltmaq eşqinə düşüblər.

Qeyd edək ki, parkın salınması ilə “Körpübinatikinti” ASC məşğul olub. Stansiyanı “Azərtunelmetrotikinti” ASC tiksə də, yerüstü ərazinin təxminən 10 min kv/m olan park hissəsinin layihəsini “Bakıdövlətlayihə” Institutu tərtib edib. Iki ilə ərsəyə gələn metrostansiya və park cəmi iki ay davam gətirdi. Onu bildirək ki, parkın inşasına 2009-cu ildə 2,5 milyon manat xərc çəkilmişdi.

Ötən gün “Azadlıq prospekti”nə gedib ərazidəki işlə maraqlandıq. Metronun üstündə dörd mərtəbəli tikili var. Arxasında isə özülü qoyulmuş daha birini ucaldırlar. Hazırda tikinti işlərinə ara verilsə də, bir müddətdən sonra yenidən başlanılacağı deyilir. Məlumatlara görə, parkın ərazisi tanınmış iş adamı, “Şərur” MTK-nın prezidenti, Isfəndiyar Axundova məxsusdur. O, burada böyük ticarət obyektləri inşa etdirir. Parkda olan bütün obyektlər onundur: “Bəyaz gecələr” Ailəvi Istirahət Mərkəzi, eyni adda restoran və market “Şərurlu Isfəndiyar”ındır.
Qeyd edək ki, 14 metr dərinlikdə yerləşən bu stansiyada ilk dəfə olaraq sütunsuz tağvari platforma quraşdırılıb. Ancaq Hesablama Palatası aşkara çıxarıb ki, stansiyanın layihəsində sütunlu zal tikilməsi nəzərdə tutulub. Buna baxmayaraq metropoliten rəhbərliyinin özəl maraqlarına görə layihə dəyişdirilib.

Ramin DEKO