Ziya Məmmədovun nar şirələri Rusiyanı şoka salıb

ziya memmedov“FIDAN” firmasının şirələri insan orqanizminə zərərli imiş

Rusiyanın Sverdlovsk vilayətinin “Rospotrebnadzor” dövlət komitəsi “FIDAN” əmtəə nişanlı nar şirələrinin insan orqanizmi üçün zərərli olduğu barədə rəy verib. Bu ölkənin “Veçernie Novosti” və veved.ru saytının yazdığına görə, Azərbaycanda istehsal olunmuş nar şirələrinin tərkibində aşkar edilmiş zərərli maddələr nəinki federal qanunvericiliyinin tələblərinə uyğun deyil, ümumiyyətlə təhlükəlidir.
Adıgedən mətbu qurumların yazdığına görə, “FIDAN” nar şirələri Azərbaycanda, Ucar rayonunda “Ucar konserv MMC”də istehsal edilib. 1 litrlik qablarda istehsal olunan nar şirələrinin zərərli olması barədə ilk fakt isə Nicnıy Taqil şəhərində üzə çıxıb. Məlum olub ki, şirənin üzərində istehsal tarixi göstərilsə də, onun nə vaxta qədər yararlı olması barədə heç nə yazılmayıb.
Nicnıy Taqil şəhər Istehlak cəmiyyəti bu nar şirəsindən alan bütün sakinlərə müraciət edərək malı dərhal dükanlara qaytarmağı xahiş edib, dükan və bazarlardan, ictimai-iaşə obyektlərindən “FIDAN” şirələri yığışdırılıb. Nicnıy Taqil, istehlak cəmiyyəti şirədən zərərçəkənləri şəhərin Oktyabrskaya Revolyutsiya, 86 ünvanında yerləşən ofisinə müraciət etməyi də bildirib. Məlumata görə, adıgedən şirənin istehsal olunduğu şirkətə qarşı məhkəmə iddiaları qaldırılacaq.
Xatırladaq ki, “Ucar konserv MMC” nəqliyyat naziri Ziya Məmmədova məxsusdur. Həmin zavoda isə nazirin kiçik qardaşı Ildırım Məmmədov rəhbərlik edir.