Nurəddin Məmmədli: “Hakimiyyət Ictimai Palata ilə bağlı ajiotaj yaratmaqla gündəmi dəyişmək istəyir”
Müxalifəti və Ictimai Palatanı tanımaq istəməyən hakimiyyət son günlər bu mövzuya daha çox diqqət yetirir. Daha doğrusu, iqtidaryönlü mətbuat Prezident Administrasiyasının tapşırığı əsasında “vahid namizəd mövzusu”nu gündəmə gətirib. Son günlər hakimiyyətə yaxınlığı ilə seçilən qəzetlər bu mövzu ilə bağlı intriqa yaradan açıqlamalar və yazılar dərc edir. Ictimai Palatanı güc kimi tanımaq istəməyən, hətta onun adını düzgün ifadə etməkdən çəkinən hakimiyyətin bu addımı nədən xəbər verir?
AXCP sədrinin müavini Nurəddin Məmmədli bunu bir neçə səbəblə izah etdi. Birinci səbəb ondan ibarətdir ki, hakimiyyət dünyada və ölkədə baş verən proseslərin fərqindədir. Artıq hiss etməyə başlayıblar ki, Ictimai Palata hakimiyyətə alternativ güc kimi formalaşmaqdadır. Bundan doğan nəticələrin hakimiyyət üçün təhlükəli olacağını da dərk edirlər. Digər tərəfdən, hakimiyyət Ictimai Palata ilə bağlı ajiotaj yaratmaqla gündəmi dəyişmək istəyir. Diqqəti hakimiyyətin korrupsiya əməllərindən, 48 milyard dolların oğurlanıb ofşor zonalarda yerləşdirilməsindən, PKK ilə bağlı kürdlərin Azərbaycana köçürülməsi məsələsindən yayındırmaq istəyirlər.
N.Məmmədlinin sözlərinə görə, bu gün Azərbaycan müxalifətinin, xüsusilə Ictimai Palatanın əsas məqsədi, fəaliyyəti ikinci-üçüncü dərəcəli problemlərlə bağlı polemikalara girmək deyil. Əsas fəaliyyət ölkədə rejimin dəyişməsinə yönəlməlidir.
Tofiq Yaqublu: “Iqtidar demokratik müxalifətdən, xüsusilə də Ictimai Palatadan xeyli çəkinir”
Müsavat başqanının müavini Tofiq Yaqublu deyir ki, hakimiyyət müxalifəti rəqib görmədiyini deməkdə səmimidir. Çünki rəqib yarışda olur. Hakimiyyət isə müxalifətlə yarışmaq istəmir, qorxur. Ona görə də onu özünə rəqib kimi görmür.
T.Yaqublunun sözlərinə görə, iqtidar seçkiləri saxtalaşdırmağa, zorla hakimiyyəti əldə saxlamağa hazırlaşır. Ona görə də belə mənasız taktikaya əl atır: “Hakimiyyət elə bilir ki, müxalifəti, xüsusilə Ictimai Palatanı saymadığını, ona əhəmiyyət vermədiyini desə, bizim mübarizənin nəticəsi olmayacaq. Bu da düşük taktikadır. Çox qeyri-səmimi, riyakar bir mövqedir. Əslində hakimiyyətin bütün hərəkətləri göstərir ki, onlar demokratik müxalifətdən, xüsusilə də Ictimai Palatadan xeyli çəkinirlər. Xüsusilə də son iki ildə dünyada gedən proseslər bu qorxunu onların canında daha da artırır. Proseslər onu göstərir ki, növbəti prezident seçkiləri onlar üçün çox çətin olacaq. Seçkilərin nəticəsinin nə cür olacağını heç kəs indidən proqnozlaşdıra bilməz. Ancaq hakimiyyət həmin seçkidən salamat çıxmasına daha az ümidlidir, nəinki müxalifətin qalib çıxacağına. Ona görə də müxalifətin real gücünün olduğunu qəbul etmirlər. Deməklərində olsunlar. Çox şeyləri etiraf etməyə məcbur olublar. Zamanın birində də rəsmi şəkildə müxalifətin, Ictimai Palatanın gücünü etiraf edəcəklər”.
Fizzə