Rüşvət Qırğızıstan hökumətini parçaladı

Yarım milyonluq at bağlşlanan baş nazir istefa verdi

Qırğızıstanda müvəqqəti baş nazir Omurbek Babanov tutduğu vəzifədən istefa verib. Bu barədə Reuters agentliyi xəbər yayıb. Məlumata görə, buna səbəb Babanovun üzvü olduğu partiyanın hökümət koalisiyasından ayrılması olub. Belə ki, müştərək hökümətə daxil olan 4 partiyadan ikisinin, korrupsiya ittihamlarına və geriləyən iqtisadiyyata etiraz olaraq, yollarını ayırması, avqustun 22-də koalisiyanın süqutu ilə nəticələnib. Korrupsiya ittihamları məhz istefa vermiş Omurbek Babanova aid olub. Arqument kimi Babanovun avqust ayında 500 min dollar dəyəri olan atı hədiyyə olaraq qəbul etdməsi göstərilir.

Ötən ilin dekabrından baş nazir vəzifəsində olmuş varlı biznesmen Babanov ona qarşı səslənən bütün ittihamları təkzib edib və partiyasının hələ də xalq arasında böyük dəstəyə malik olduğunu bildirib. Hökümət binasını tərk etməzdən əvvəl Babanov partiyasının nailiyyətlərini alqışlayıb.

“Əsas məsələ odur, heç bir qəbahət etməmişik. Bizimlə üzləşən hər kəs düzgün qərar verdiyimizi demiş olacaq.Düşünürəm ki, onlar höküməti dəstəkləyir və bu hökümətin fəaliyyətini davam etdirməsini istəyir. Biz buna layiqik, çünki bunun üçün çalışmışıq. Hər birinizə təşəkkür edirəm”, – deyə baş nazir bildirib.

Artıq müvəqqəti baş nazirin istefa ərizəsini Qırğızıstan prezidenti Almazbek Atambayev də qəbul edib. Hələlik baş nazir vəzifəsinin müvəqqəti olaraq Əla Qaraşev tərəfindən icra olunacağı bildirilir.