“Türkiyə baş nazirinin Bakıya xüsusi təkliflə gələcəyini gözləmirəm”
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan sentyabrın ortalarında Bakıya səfəri zamanı Azərbaycan və Ermənistanın Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqları Istanbulda davam etdirməsi təklifini irəli sürəcək. Bu barədə “Regnum” agentliyinə Türkiyədəki diplomatik qaynaqlardan bəlli olub. Mənbənin bildirdiyinə görə, Türkiyə tərəfi Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü onlar üçün münasib vaxtda təşkil etməyə hazırdır.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu da Ərdoğanın Bakı səfəri zamanı Dağlıq Qarabağ mövzusunun müzakirəsinin gözlənilən olduğunu deyir: “Bu istiqamətdə müəyyən fikir mübadiləsi aparıla bilər. Ancaq Ərdoğanın Qarabağla bağlı Bakıya xüsusi təkliflə gələcəyini də gözləmirəm. Belə fikirlər var ki, Ərdoğan bir müddət öncə xarici işlər naziri Əhməd Davudoğlunun səsləndirdiyi fikri təkrarlayacaq. Yəni Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü Istanbulda keçirilsin. Bu haqda bir neçə gün öncə elə ”Azadlıq” qəzetinə verdiyim açıqlamada söyləmişdim ki, Davudoğlunun xüsusi olaraq Istanbulda görüşün təşkili ilə bağlı planı yoxdur. Türkiyənin xarici işlər naziri sadəcə Suriya münaqişəsindən danışarkən, Istanbulun mühüm şəhərə çevrildiyini, burada önəmli müzakirələrin keçirildiyini və bu sırada Dağlıq Qarabağla bağlı danışıqların da adıçəkilən meqaşəhərdə keçirilə biləcəyini bildirib”.
E.Şahinoğlunun fikrincə, Ərdoğan həyata keçirilməsi müşkül olan işin qulpundan yapışmaz: “Ermənistan və Rusiya Türkiyənin vasitəçiliyini qəbul etmirsə, Irəvanla Moskva Istanbulun da görüş yeri seçilməsinə ”yaşıl işıq” yandırmaz. Buna baxmayaraq, Türkiyə Minsk Qrupunun üzvü kimi Dağlıq Qarabağ probleminin həllindən kənarda da qala bilməz. Ankara hər bölgədə, o cümlədən Cənubi Qafqazda fəallıq nümayiş etdirirsə, bölgənin ən başlıca probleminə də maraq göstərməlidir. Sadəcə, rəsmi Bakıdan da fəallıq gözlənilir. Yəni Davudoğlunun açıqlamasının ardınca, Azərbaycan XIN-nin də rəsmi açıqlamasına ehtiyac var idi. XIN həmin açıqlamada göstərə bilərdi ki, Türkiyənin danışıqlar prosesinə aktiv qoşulmasını və növbəti görüşün də Istanbulda keçirilməsi təklifini dəstəkləyir. Ankara ilə Bakı bu məqsədlə məsləhətləşmələr aparıb ABŞ və Avropa Birliyinin də dəstəyini ala bilərdilər. Bu Türkiyə ilə Azərbaycanın Rusiya ilə Ermənistana da ciddi mesajı olardı. Təklif gerçəkləşməyəcək – bu başqa məsələdir. Ancaq hər halda danışıqları Rusiyanın inhisarından qurtarmaq və strateji müttəfiq Türkiyəni bu işə qatmaq təşəbbüsləri də ortaya qoyulmalıdır. Hələ ki, Bakının belə təşəbbüsləri yoxdur. Odur ki, Ərdoğanla Bakıdakı görüşlərdə Qarabağ məsələsinin ön planda olacağını düşünmürəm”.
Gültəkin